Təhsil sistemi
Cənub-Qərbi
Asiyada yerləşən Küveytdə XX əsrin əvvəllərində,
neft ehtiyatları kəşf olunmazdan öncə yalnız
Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil
almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil
prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi,
yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və
riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı.
Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən
maliyyələşdirilirdi.
İqtisadi və ictimai şərait təhsilin bundan artıq
inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin
birinci yarısında Küveytdə bir dənə də olsa,
dövlət məktəbi yox idi. Ticarətin inkişafı,
bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə
Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan
Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu.
1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu
məktəblərdə ingilis dili kursları da tədris
olunurdu.
1936-cı ildə daha mütəşəkkil təhsil sistemi
formalaşdırmaq üçün Təhsil Şurası yaradıldı.
1939-cu ildə hökumət təhsili tam olaraq nəzarətə
götürdü və 1945-ci ilə qədər 17 dövlət məktəbi
fəaliyyətə başladı.
İkinci dünya müharibəsindən sonra neft sənayesi
inkişaf etdikcə hökumət sosial-ictimai sahələrə
böyük miqdarda investisiya qoymağa başladı.
Təhsilin prioritet sahə kimi qəbul olunması bu
sahədə yüksəlişə zəmin yaratdı. 1962-ci ildə
qəbul olunmuş konstitusiyada təhsil xərclərinin
dövlət tərəfindən təmin olunması və tədris
müəssisələrinin tam olaraq dəstəklənməsi
müddəası əksini tapdı. 1965-ci ildə ilk dəfə
olaraq ölkədə icbari təhsil tətbiq edilməyə
başladı. 1967-ci ildə isə hökumətin yardımı ilə
özəl təhsil müəssisələrinin əsası qoyuldu.
Küveytdə
məktəbəqədər təhsil 1 il, ibtidai təhsil 5 il,
əsas təhsil 4 il və orta təhsil 3 il davam edir.
Ölkə vətəndaşlarının 6 yaşdan 14 yaşa qədər
ibtidai və əsas təhsil alması icbari hesab
olunur.
Dövlət təhsilinin bütün pillələri, o cümlədən
ali təhsil pulsuzdur. Küveyt məktəblərində
şagirdlər II sinifdən ingilis dilini öyrənməyə
başlayırlar.
Küveytdə 1145 məktəbəqədər və orta təhsil
müəssisəsi fəaliyyət göstərir. Bunlardan 664-ü
dövlət, 481-i isə özəldir. Şagirdlərin
(məktəbəqədər-orta təhsil pilləsi üzrə) üçdə iki
hissəsi dövlət müəssisələrində təhsil alır.
Hazırda Küveyt məktəblərində 591359 şagird
təhsil alır ki, bu da ölkənin ümumi əhalisinin
20 faizini təşkil edir.
Küveytin təhsil müəssisələri statusuna görə üç
yerə bölünür: dövlət, özəl və keyfiyyətyönümlü
təhsil müəssisələri. Ölkədə məktəblərin
əksəriyyəti dövlət tədris müəssisələridir. Bu
məktəblərdə təhsil ərəb dilində aparılır.
Dövlət məktəblərində birinci sinifdən başlayaraq
qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni
təhsil hüququna malikdirlər.
Özəl təhsil müəssisələri əsasən Küveytdə öz
ailələri ilə yaşayan və bu ölkəyə işləmək üçün
gəlmiş əcnəbilər üçün təsis olunub. Küveyt
hökuməti özəl məktəblərə yardım məqsədilə hər il
5,6 milyon Küveyt dinarı həcmində vəsait ayırır.
Dövlət
məktəblərindən fərqli olaraq özəl məktəblərdə
qızlar və oğlanlar birlikdə təhsil alır. Özəl
təhsil sisteminə aşağıda sadalanan məktəb
kateqoriyaları aiddir: özəl ərəb məktəbləri,
əcnəbi özəl məktəblər (Britaniya, Amerika,
Hindistan və s.) və mədəni institutlar (təlim,
peşə və iş sahələri üzrə ixtisaslaşmış
müəssisələr).
Keyfiyyətyönümlü təhsil sistemi dini təhsil,
xüsusi təhsil, yaşlıların təhsili və peşə
təhsili olmaqla 4 yerə bölünür. Dini təhsil əsas
və orta təhsil pillələrini əhatə edir. Küveytdə
81 dini təhsil müəssisəsi fəaliyyət göstərir.
Xüsusi təhsil fiziki qüsuru və təlim
çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub.
Yaşlıların təhsili isə yaşlı nəslin
savadsızlığının aradan qaldırılmasına xidmət
edir. Peşə təhsilinin əsas məqsədi ölkə
iqtisadiyyatının yerli texniki işçi qüvvəsinə
olan ehtiyacının ödənilməsi, müxtəlif sahələr
üzrə tələb olunan kadrlar hazırlanması, onların
ixtisaslarının artırılmasından ibarətdir.
2005-ci ilin statistik məlumatlarına görə,
Küveytdə savadlılıq səviyyəsi 93 faizdən yuxarı
olub. YUNESKO-nun 2009-cu il üzrə
müəyyənləşdirdiyi insan inkişafı indeksində
Küveyt 31-ci yerdə qərarlaşıb. Dövlət
xərclərinin 13 faizinin təhsilə sərf olunduğu
Küveyt bununla bütün ərəb ölkələri arasında
liderliyi ələ alıb.
Xüsusilə qeyd edilməlidir ki, Küveyt
məktəblərində olduqca zəngin kitabxanalar
fəaliyyət göstərir. Hər bir məktəb
kitabxanasındakı kitabların sayı 230000-3000000
arasında dəyişir. Hökumət hər bir məktəbin və
kitabxananın vahid elektron məlumat şəbəkəsinə
qoşulmasını təmin etmək məqsədilə "Təhsil
şəbəkəsi" layihəsini həyata keçirir.
Məktəbəqədər təhsil
2005-2006-cı
tədris ilindən yeni sistemin tətbiqi ilə
əlaqədar Küveytdə uşaqlar 2 illik məktəbəqədər
təhsilə cəlb olunurlar. Ölkədə məktəbəqədər
təhsil pulsuzdur. Küveytdə həmçinin əcnəbi
vətəndaşların 4-6 yaşlı uşaqları üçün nəzərdə
tutulmuş çoxsaylı bağçalar da fəaliyyət
göstərir.
Bütün bu təhsil müəssisələrində uşaqların
hərtərəfli inkişafı üçün hər cür şərait
yaradılıb. Odur ki, məktəbyaşlı uşaqların
valideynləri övladlarının bağçalara verilməsinə
ciddi maraq göstərirlər.
İbtidai təhsil
Küveytdə ibtidai təhsil 5 yaşdan başlayır və 5
il davam edir. İbtidai təhsil bütün Küveyt
vətəndaşları üçün pulsuz və icbaridir. 2007-ci
ildə uşaqların 98,5 faizi ibtidai təhsilə cəlb
olunub. Dövlət ibtidai təhsil müəssisələrində
yalnız yerli vətəndaşların övladları və əcnəbi
ərəblər oxuya bilər. Uşaqlar ibtidai təhsil
pilləsində özəl məktəblərdə də oxumaq imkanına
malikdirlər. Özəl məktəblərdə cinsi
ayrı-seçkiliyə yol verilmir, oğlanlarla qızlar
birlikdə təhsil alırlar. Ölkə üzrə müvafiq yaş
qrupundakı uşaqların demək olar ki, hamısı
ibtidai və orta təhsilə cəlb olunub.
Ölkədə tədris ili sentyabrın ortalarında
başlayır və iyunun ortalarında başa çatır.
Tədris həftəsi şənbə günündən çərşənbə gününə
qədər davam edir.
Əsas və orta təhsil
Küveytdə
əsas təhsil pilləsi 4 il davam edir. Qeyd
etdiyimiz kimi, ölkədə əsas təhsil də icbari və
dövlət məktəblərində pulsuzdur.
Əsas təhsilini uğurla başa vurmuş şagirdlər daha
sonra 3 il tam orta təhsil ala bilərlər. Ölkə
üzrə özəl orta təhsil məktəblərində oxuyanlar
8-12 faiz təşkil edir. Orta məktəbləri
bitirdikdən sonra şagirdlər müvafiq peşə
ixtisaslarına yiyələnmək üçün peşə kollecində və
ya ali məktəblərdə təhsillərini davam etdirə
bilərlər.
Qeyd olunduğu kimi, Küveytdə məktəblərin
əksəriyyəti dövlət tədris müəssisələridir. Bu
məktəblərdə təhsil ərəb dilində aparılır.
Özəl təhsil müəssisələri əsasən əcnəbilər üçün
təsis olunub. Dövlət məktəblərindən fərqli
olaraq özəl orta məktəblərdə də qızlar və
oğlanlar birlikdə təhsil alırlar.
Əcnəbi məktəblər də tədris prosesini ölkədə
qəbul olunmuş fənn kurikulumlarına uyğun şəkildə
qururlar. Nazirlik belə məktəblər qarşısında
ərəb dili, İslam dini, tarix, coğrafiya və
mədəniyyət sahələri üzrə kurslar təşkil etməyi
vacib şərt kimi qoyur.
Əcnəbi ərəb uşaqları üçün özəl məktəblərə
hökumət tərəfindən daha böyük dəstək verilir.
Belə ki, onlar məktəb tikmək üçün torpaq sahəsi
və pulsuz dərsliklərlə təmin olunur. Qeyri-ərəb
məktəblərinə də hökumət tərəfindən köməklik
göstərilsə də, bu məktəblərdə müvafiq əcnəbi
ölkələrin kurikulumu əsasında tədris aparılır.
Küveyt
vətəndaşlarının müəyyən bir hissəsi öz
uşaqlarının özəl məktəblərdə təhsil almasında
maraqlıdır. Çünki özəl məktəblərdə təhsilin
keyfiyyəti dövlət məktəbləri ilə müqayisədə daha
yüksəkdir. Küveytdə özəl məktəblərin əksəriyyəti
xarici sponsorlar tərəfindən maliyyələşir. Ən
nüfuzlu özəl məktəblər sırasına Bayan İkidilli
Məktəbi, Amerika Beynəlxalq Məktəbi,
Amerika-Küveyt Məktəbi və Fransız Məktəbi
daxildir.
Texniki peşə təhsili
Küveytdə, əsasən XX əsrin ikinci yarısından peşə
təhsili müəssisələrinə ehtiyac yaranıb. Neft
ehtiyatlarının aşkara çıxarılması, neft emalı və
ixracı ilə əlaqədar olaraq tətbiqi təhsilin
əsası qoyulub. XX əsrin 50-ci illərində dövlət
tərəfindən peşə təlimi mərkəzləri yaradılmağa və
neft sənayesinə lazım olan işçi qüvvəsinin
hazırlanması üçün proqramlar təşkil edilməyə
başlandı. Daha sonra Təhsil Nazirliyi ixtisaslı
kadrlara artmaqda olan ehtiyacın ödənilməsi üçün
çoxsaylı ixtisaslaşmış müəssisələr təsis etdi.
Digər nazirliklər tərəfindən də müvafiq təlim
mərkəzləri və institutların əsası qoyuldu.
Belə müxtəlif profilli və çoxsaylı müəssisələrin
fəaliyyətinə nəzarət etmək, onların işini
əlaqələndirmək üçün 1972-ci ildə Texniki və peşə
təhsili şöbəsi və Mərkəzi təlim şöbəsi (müxtəlif
nazirliklərin təlim mərkəzlərinin, eləcə də
institutların fəaliyyətini tənzimləyir)
yaradıldı. Sonrakı illərdə bu qurumlar ləğv
edilərək Tətbiqi Təhsil və Təlim üzrə Dövlət
İdarəsi yaradıldı. Küveytdə texniki peşə təhsili
bu qurum tərəfindən həyata keçirilir.
Küveytdə 2 il yarım davam edən peşə təhsilinin
əsas məqsədi ölkə iqtisadiyyatının inkişafından
irəli gələn yerli texniki işçi qüvvəsinə olan
ehtiyacın aradan qaldırılması, tələb olunan
kadrların hazırlanması, onların ixtisaslarının
artırılması və ölkənin insan resurslarına olan
ehtiyacının ödəməsindən ibarətdir. Maraqlıdır
ki, son illərdə qadınların tələblərinə uyğun
olan yeni peşə proqramlarının tətbiqi ilə
əlaqədar müxtəlif ixtisaslara yiyələnən zərif
cins nümayəndələrinin sayı nəzərəçarpacaq
dərəcədə artıb.
Ali təhsil
Küveytdə
4 dövlət ali təhsil müəssisəsi fəaliyyət
göstərir. Bu sıraya Küveyt Universiteti, Tətbiqi
Təhsil və Təlim üzrə Dövlət İdarəsi nəzdində
Əsas Təhsil Kolleci, Teatr Sənəti üzrə Ali
Təhsil İnstitutu və Musiqi Sənəti üzrə Ali
Təhsil İnstitutu daxildir.
Ölkənin ali təhsil müəssisələri arasında xüsusi
nüfuzu ilə seçilən Küveyt Universiteti
yetişdirdiyi peşəkar mütəxəssislərlə tanınır. Bu
tədris ocağında yüksək səviyyəli texniki kadrlar
hazırlanır, iqtisadi səmərəliliyi artırmağa
xidmət edən layihələr reallaşdırılır.
Yarandığı vaxt iki fakültə ilə fəaliyyətə
başlayan Küveyt Universiteti hazırda inkişaf
edərək beynəlxalq səviyyədə tanınmış ali təhsil
müəssisələrindən biridir. Universitetdə
incəsənət, təbiət elmləri, dövlət idarəçiliyi,
hüquq, mühəndislik və neft-qaz, tibb, təhsil,
şəriət və islamşünaslıq, ictimai elmlər,
stomatologiya fakültələri fəaliyyət göstərir.
Bundan əlavə, ölkədə müxtəlif biznes, dəftərxana
işi, kompüter və dil sahələri üzrə əyani və
qiyabi formada təhsil verən bir neçə özəl ali
məktəb də fəaliyyət göstərir.
Küveyt ali məktəblərində əcnəbi tələbələr də
oxuya bilərlər. Bir şərtlə ki, onların
qiymətləri universitetlərin qəbul tələblərinə
uyğun olsun.
Dövlət tərəfindən maliyyələşən yaşlıların
təhsili də Tətbiqi Təhsil və Təlim üzrə Dövlət
İdarəsi tərəfindən təşkil olunur.
Küveyt
dövləti, həmçinin bir neçə ali dini məktəbə,
Musiqi Akademiyasına və Müəllimlər İnstitutuna
maliyyə dəstəyi verir.
Ərəb Açıq Universiteti Küveytin ən böyük özəl
ali təhsil müəssisəsi hesab olunur. Bütün özəl
ali təhsil müəssisələrində oxuyanların təxminən
yarıdan çoxu Ərəb Açıq Universitetində təhsil
alır. Onu da qeyd edək ki, özəl ali təhsil
müəssisələrində oxuyanların əksər hissəsi yerli
vətəndaşlardan ibarətdir.
Bundan əlavə, Küveytdə Ali Təhsil Nazirliyi
tərəfindən fəaliyyətinə icazə verilmiş bir çox
diplomdansonrakı özəl kolleclər və
universitetlər də vardır. Körfəz Elmlər və
Texnologiya Universiteti, Küveyt Avstraliya
Kolleci, Küveyt Amerika Universiteti, Körfəz
Amerika Universiteti belə təhsil
müəssisələrindəndir.
Elmi tədqiqatlar
Küveytin inkişafında elm və texnologiyanın son
nailiyyətlərinin tətbiqi, elmi tədqiqatların
nəticələrinə qoyulmuş investisiyalar mühüm rol
oynayıb. Bütün bunlar cəmiyyətin ümumi
səviyyəsinin yüksəlməsinə, xüsusilə də gənclər
üçün yeni imkanların yaradılmasına və onların
potensialının genişləndirilməsinə səbəb olub.
Ölkənin elm və texnologiya strategiyasının əsas
inkişaf prinsipini dünyanın qabaqcıl
təcrübəsindən uğurlu şəkildə yararlanmaq,
inkişaf etmiş cəmiyyətin təşəkkülündə müasir
elmi metodlardan istifadə təşkil edir.
Küveytdə
bir sıra ixtisaslaşmış elmi qurumlar fəaliyyət
göstərir. Onlar ölkənin elmi inkişaf
istiqamətlərini müəyyənləşdirir və elmi
tədqiqatlara verdikləri töhfələrə görə kifayət
qədər tanınırlar. Bu sıraya Küveyt Elmin
İnkişafı Fondu, Küveyt Elmi Tədqiqat İnstitutu
və Elm Klubunu aid etmək olar.
Küveyt Elmi Tədqiqat İnstitutu elm və texnoloji
tədqiqatlar, məsləhətləşmələr, elmin iqtisadi və
ictimai inkişafa tətbiqi sahəsində mühüm rola
malikdir. 1967-ci ildə təsis olunmuş Küveyt Elmi
Tədqiqat İnstitutu müstəqil fəaliyyət göstərən
hökumət qurumudur. Bu qurumun həyata keçirdiyi
proqramlar, layihələr müsbət nəticələr verir və
bir çox sahələrdə uğurla tətbiq olunur. Küveyt
Elmi Tədqiqat İnstitutu yeyinti sənayesi, kənd
təsərrüfatı, kimya, energetika sahələrində bir
sıra uğurlu layihələrə imza atır.
Küveyt Elmin İnkişafı Fondu müvafiq sahədə
Küveytin ən məşhur təşkilatlarından biri hesab
edilir. Bu fondun təsis olunmasının təşəbbüskarı
Əmir Şeyx Jaber Əl-Əhməd Əl-Sabah olub. Fonda
Küveyt əmiri sədrlik edir. Küveyt Elmin İnkişafı
Fondu müxtəlif elmi qurumların həyata keçirdiyi
elmi tədqiqat layihələrinin maliyyələşməsində
mühüm rol oynayır. Fond tərəfindən elmi
tədqiqatların inkişafı üzrə Küveyt Mükafatı,
Müəlliflər və Tərcüməçilər Mükafatı, Ali məktəbi
fərqlənmə ilə bitirən tələbələrin
stimullaşdırılması mükafatı təsis olunub.
Elm Klubu elmli, savadlı və tədqiqatyönümlü gənc
nəslin formalaşmasında aparıcı rola malikdir. Bu
qurum gənclərin gələcəyin alimlərinə çevrilməsi
üçün stimul verir. Elm Klubu gənc alimlərin
astronomiya elmi sahəsində hazırlanmasına böyük
töhfələr verən rəsədxanaya malikdir. Elm Klubu
Küveyt Elmin İnkişafı Fondu və Küveyt Elmi
Tədqiqat İnstitutu tərəfindən
maliyyələşdirilir.
Təhsilin idarə olunması
Küveytdə
təhsilin idarə olumasında iki nazirlik iştirak
edir. Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyi
vahid strategiya əsasında ölkə təhsilinin
inkişafı üçün həyata keçirilən tədbirlərin
uğurla nəticələnməsi üçün cavabdehlik
daşıyırlar.
1962-ci ildə yaradılmış Təhsil Nazirliyi
Küveytin ən böyük dövlət qurumlarından biridir.
Təhsil Nazirliyi məktəbəqədər, ibtidai, əsas və
orta təhsil pillələrinin idarə olunmasını yerinə
yetirir.
Məlumdur ki, ali təhsilin inkişafı hər bir
müasir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
1988-ci ildə yaradılmış Ali Təhsil Nazirliyi
ölkədə tətbiqi və universitet təhsili, elmi
tədqiqat ilə bağlı məsələlərə, bu sahələri
inkişaf etdirməyə məsuldur. Ali Təhsil
Nazirliyi, həmçinin ali təhsili tətbiqi təhsil
və universitet təhsili istiqamətləri üzrə
inkişaf etdirmək üçün strategiya və planları
müəyyənləşdirir, işçi qüvvəsinin hazırlanması
üçün plan və proqramlara nəzarət edir, müxtəlif
ali təhsil müəssisələri və onların qurumlarının
arasında elmi tədqiqat fəaliyyətini
əlaqələndirir. Ali Təhsil Nazirliyi kolleclər və
ali təhsil müəssisələrində həyata keçirilən elmi
tədqiqatların qeydiyyatını aparır və onlardan
səmərəli istifadə olunmasının üsullarını
araşdırır. Ali Təhsil Nazirliyinin ABŞ, Böyük
Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı,
Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və
başqa ölkələrdə nümayəndəlikləri fəaliyyət
göstərir. Bu nümayəndəliklər həmin ölkələrdə
oxuyan küveytli tələbələrin təhsilinə nəzarət
edilməsində mühüm rola malikdir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Küveytin Təhsil və Ali
Təhsil nazirliklərinin rəsmi materiallarından
istifadə olunub. |