Gənc
nəslin müasir dövrün tələblərinə uyğun
formalaşmasında başlıca rol oynayan təhsil
sistemində modernləşmə strategiyasının həyata
keçirilməsi hər bir sivil dövlətin gələcək
müqəddəratını müəyyən edən taleyüklü
məsələlərdəndir. Təhsildə qabaqcıl informasiya
texnologiyalarının imkanlarından geniş istifadə
etməklə innovativ inkişafa nail olunması, İKT
infrastrukturunun inkişaf etdirilməsi, bu sahədə
yüksək ixtisaslı kadrların yetişdirılməsi, bir
sözlə, innovativ təhsil modelinin qurulması
istənilən ölkə siyasətində prioritet
istiqamətlərdəndir. Bu gün dünyada İKT yönümlü
peşəkar mütəxəssislərin hazırlanması məqsədilə
elmi-tədqiqat institutları və mərkəzlər, nüfuzlu
universitetlər arasında innovativ bilik və
təcrübə mübadiləsinin aparılması, o cümlədən bu
proseslərdə müstəsna rol oynayan informasiya
texnologiyalarının və qlobal şəbəkənin dinamik
inkişafı məsələlərinə xüsusi diqqət yetirilir.
Çağdaş dövrdə Avropanın təhsil məkanına
inteqrasiya edən Azərbaycanın təhsil sferasının
qarşısında duran ən başlıca vəzifə təhsildə yeni
tədris mexanizmlərinin işlənməsi, bu sahənin
qabaqcıl texnologiyalar əsasında inkişaf
etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, tədris
prosesində yeni elmi-metodiki nailiyyətlərin
tətbiq edilməsidir. Son illər təhsil sistemində
İKT-nin tətbiqinin dünya standartları
səviyyəsinə çatdırılması məsələsi dövlət
siyasətinin əsas istiqamətlərindən birinə
çevrilmişdir. Hazırda bu istiqamətdə görülən
tədbirlər çərçivəsində gənc nəslin innovativ
inkişafında böyük önəm kəsb edən multimedia
xarakterli e-dərsliklərin yaradılması,
informasiya cəmiyyətinin yeni tədris modeli olan
distant təhsilin, fasiləsiz pedaqoji təhsilin
tətbiqi istiqamətində işlər aparılır, əldə
edilən biliklərin qiymətləndirilməsi
məqsədlərinə xidmət edən e-test sistemləri
tətbiq edilir. Prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" da
qeyd olunan məsələlərin səmərəli və kompleks
həllinə yönəlmişdir.
Yeni
cəmiyyətin bərqərar olmasında mühüm şərtlərdən
biri sözügedən məqsədlərin həyata keçirilməsində
böyük önəm kəsb edən informatika fənninin
tədrisidir.
Müasir biliklərin əldə olunması, düşüncə tərzi,
informasiya mədəniyyətinin formalaşması,
intellektual səviyyənin və yaradıcılıq
qabiliyyətinin inkişafında mühüm rol oynayan
informatika fənninin tədrisi, dərindən
mənimsənilməsi gənc nəslin yeni cəmiyyətin
tələblərinə müvafiq olaraq formalaşması
baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu
səbəbdən əksər dünya ölkələrinin təhsil
sistemində informatikanın ən mühüm və vacib
fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət
yetirilir. İnformatikanın tədrisi ilə bağlı
müxtəlif kurs və treninqlər, layihələr həyata
keçirilir, keyfiyyətli tədris mexanizmlərinin
işlənməsi, informatikanın prioritet sahə kimi
vüsət alması, bu sahədə mövcud problemlərlə
bağlı silsilə tədbirlər təşkil edilir.
Yeni dərs ili ərəfəsində AMEA İnformasiya
Texnologiyaları İnstitutunda Bakı və Sumqayıt
şəhərləri orta ümumtəhsil məktəblərinin
informatika fənni üzrə metodist və qabaqcıl
müəllimlərinin iştirakı ilə keçirilən seminar da
bu qəbil tədbirlərdən idi. İnformatikanın
tədrisinin elmi əsasları, təhsil sistemində
müasir informasiya texnologiyalarının tətbiqi
məsələlərinə həsr olunmuş tədbirdə bu sahədə
mövcud problemlər, qabaqcıl informasiya
texnologiyalarının inkişaf perspektivləri, yeni
informatika dərslikləri və orta məktəblərdə
informatikanın tədrisi, dünyaya inteqrasiya edən
ölkəmizdə informatika elminin inkişafı
istiqamətində görülən işlər əsas müzakirə
mövzularından idi.
Öncə tədbir iştirakçıları institutun
Tədris-İnnovasiya, Multimedia və Distant Tədris
mərkəzləri, AzScienceNet monitorinq və
təhlükəsizlik xidməti, burada görülən işlər,
həyata keçirilən layihələr, o cümlədən müasir
texnologiyalarla təchiz olunmuş auditoriyalar,
interaktiv lövhələrin üstünlükləri və digər
informasiya texnologiyaları ilə yaxından tanış
oldular. İştirakçılara həmçinin institutun
elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri,
İT və informasiya cəmiyyətinin aktual
problemləri, İnternetin dinamik inkişafı, yeni
şəbəkə xidmətlərinin yaradılması ilə bağlı
aparılan işlər haqqında ətraflı məlumat
verildi.
Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü, professor Rasim Əliquliyev
təhsildə informatikanın elmi-innovativ
problemlərinin müzakirəsinin seminarın əsas
məqsədlərindən olduğunu bildirdi. İKT
biliklərinin cəmiyyətə inteqrasiyasının günün
tələbi olduğunu vurğulayan alim bu kimi
tədbirlərin informatika müəllimlərinin innovativ
biliklər əldə etməsinə xidmət etdiyini dedi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda
milli kadr hazırlığı siyasətinin uğurla həyata
keçirilməsi istiqamətində məqsədyönlü işlər
aparıldığını bildirən R.Əliquliyev bu işdə
İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin
fəaliyyətini xüsusi qeyd etdi. Professor
R.Əliquliyev institutda innovativ xarakterli
layihələrə böyük dəstək verildiyini bildirərək
İTİ-nin beynəlxalq əməkdaşlıq əlaqələrindən də
danışdı. Cənubi Koreyadan İTİ-yə ezam olunmuş
mütəxəssislərlə birgə həyata keçirilən
layihələrdən söhbət açdı, tədrisin idarə
olunması sistemlərinə dair texnologiyalar haqda
təqdimatların keçirildiyini bildirdi.
İnformatika müəllimləri üçün yeni İKT bilikləri,
proqramlaşdırma, proqramlaşdırma dilləri ilə
bağlı tədrisin aparılmasının əhəmiyyətindən də
söhbət açan alim ölkədə proqram istehsalı, milli
İKT məhsullarının hazırlanması, proqram
mühəndislərinin yetişdirilməsi məsələlərinə də
toxundu. Bu sahədə görülən işlərin, ümumiyyətlə
proqram sənayesinin inkişaf etdirilməsinin
vacibliyini bildirdi. R.Əliquliyev institutun
Tədris-İnnovasiya Mərkəzində bu sahənin inkişafı
məqsədlərinə xidmət edən "Gənc proqramçılar
məktəbi"nin təşkilinə dair layihənin həyata
keçirilməsinin nəzərdə tutulduğunu söylədi.
İnstitut direktoru İTİ-nin Tədris-İnnovasiya
Mərkəzində informatikanın aktual problemlərinin
müzakirəsi, innovativ mühitin yaradılması və
digər məqsədlərə xidmət edəcək Elmi-Pedaqoji
Şuraya ehtiyac olduğunu da qeyd etdi. Natiq
informasiya texnologiyalarının dinamik inkişafı
ilə əlaqədar olaraq müxtəlif elmi-texniki
ədəbiyyat və lüğətlərdə bu sahə üzrə terminlərin
dəqiq izahının verilməsinin də aktual
problemlərdən saydı. Bu və digər problemlərin
həllində daha səmərəli nəticələrin əldə olunması
baxımından Təhsil Nazirliyi və AMEA-nın birgə
tədbirlərinin keçirilməsinin labüdlüyünü qeyd
etdi.
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsinin müdiri İsmayıl
Sadıqov təhsilin qabaqcıl texnologiyalar
əsasında inkişaf etdirilməsi, tədris prosesində
yeni pedaqoji texnologiyaların və elmi-metodiki
nailiyyətlərin tətbiqi, Azərbaycanın təhsil
sisteminin dünyanın təhsil sisteminə
inteqrasiyası məqsədlərinin bu gün təhsil
sferasında qarşıya qoyulan ən başlıca
vəzifələrdən olduğunu söylədi. İ.Sadıqov 2011-ci
ildə IV və VII siniflər üçün Azərbaycan və rus
dillərində nəşr olunmuş informatika dərslikləri
haqda məlumat verdi. Dərsliklərdə əksini tapmış
informasiya texnologiyaları, modelləşdirmə,
masaüstü nəşriyyat, alqoritmləşdirmə və
proqramlaşdırma bölmələrindən geniş bəhs etdi.
Dünyanın təhsil sisteminə inteqrasiya edən
Azərbaycanda yüksək biliklərə malik kadrların
yetişdirilməsi üçün peşəkar informatika
müəllimlərinin hazırlanmasının müasir dövrün
tələblərindən olduğunu bildirdi.
İ.Sadıqov qeyd etdi ki, bəziləri, o cümlədən
bəzi informatika müəllimləri informatikanın
əsasını təşkil edən alqoritmləşdirmə və
proqramlaşdırmanı orta məktəbdə o qədər də vacib
hesab etmir, "informatika"nı "informasiya
texnologiyaları" ilə eyniləşdirirlər: "Təsadüfi
deyil ki, bu fənn bir çox ölkələrdə, məsələn,
Rusiyada "İnformatika və informasiya
texnologiyaları" adlanır".
Gənclərin olimpiadalara hazırlığı sahəsində
görülən işlərdən də danışan İ.Sadıqov
"Beynəlxalq İnformatika Olimpiadaları" kitabının
hazırlandığını bildirdi: "Kitabda Beynəlxalq
İnformatika Olimpiadalarının tarixi, Azərbaycan
komandasının bu olimpiadalarda iştirakı,
olimpiadaların keçirilmə qaydaları və s.
haqqında materiallar öz əksini tapıb. Kitabda 2
olimpiadanın bütün məsələlərinin şərtləri ilə
yanaşı onların həlli variantları da verilir ki,
bu da gənclərin yüksək səviyyədə hazırlığı üçün
dəyərli mənbədir".
İ.Sadıqov orta məktəbdə informatikanın tədrisi
zamanı əsas problemlərdən birini bu fənn üzrə nə
buraxılış, nə də qəbul imtahanlarının
olmamasında gördüyünü bildirdi. O qeyd etdi ki,
ötən dərs ilində Təhsil Nazirliyində bu
istiqamətdə işlərə başlanıb, pilot olaraq
seçilmiş məktəblərin 9-cu siniflərində
informatikadan milli qiymətləndirmə aparılıb və
bu işlər bu dərs ilində də davam etdiriləcək.
Ali məktəblərə, xüsusən də I ixtisas qrupu üzrə
qəbul imtahanlarında informatika fənninin daxil
edilməsi çox vacibdir: "Riyaziyyat, yaxud
kompüter elmləri ixtisasları üzrə təhsil alacaq
tələbələr nə üçün qəbul zamanı informatikadan
deyil, kimyadan imtahan verirlər? Əgər kimya
onların gələcək ixtisası üçün belə vacibdirsə,
niyə ali məktəbdə onlara kimya heç bir semestrdə
tədris olunmur?". Natiq bu vəziyyətdən çıxış
yolunu yeni ixtisas qrupunun yaradılmasında və
həmin qrupda informatikadan imtahanın zəruri
olmasında gördüyünü bildirdi.
Bakı Dövlət Universitetinin dosenti,
fizika-riyaziyyat elmləri namizədi Ramin
Mahmudzadə proqramlaşdırma sahəsində yeni
biliklərin əldə edilməsi sahəsində mövcud
problemlərə toxunaraq informatika müəllimləri
üçün bu sahədə kursların təşkilinin vacibliyini
qeyd etdi. O, xüsusən də Lazarus, Delphi, Turbo
Pascal, Java proqramlaşdırma dillərinin
əhəmiyyətini qeyd edərək, onlardan istifadəyə
görə statistik göstəricilər və s. haqda geniş
təqdimatla çıxış etdi.
R.Mahmudzadə orta məktəblərdə proqram
təminatlarının tətbiqi məsələlərindən də söhbət
açaraq sərbəst (havayı) yayılan proqramların
tətbiqinin məqsədəuyğunluğunu bildirdi:
"İnformatika üzrə yeni mövzular, yeni
proqramların tətbiqinə qərar verilirsə,
müəllimlər də bu sahədə ixtisaslaşmalıdırlar,
yeni biliklər əldə etməlidirlər". O, bu sahədə
biliklərin əldə edilməsində AMEA İnformasiya
Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzinin xidmətlərindən yararlanmağın
məqsədəuyğunluğunu ifadə etdi. R.Mahmudzadə ayda
bir dəfə İTİ-də informatikanın tədrisinin aktual
problemlərinə dair seminarların keçirilməsinin
çox gözəl nəticələr verə biləcəyini vurğuladı.
BDU-nun dosenti may ayında Los-Ancelesdə
məktəblilərin elmi işlərinin müsabiqəsinin
keçirilməsi və Azərbaycanın həmin müsabiqədə
müşahidəçi kimi iştirak etməsi haqqında məlumat
verdi. Gələn il məktəblilərimizin müsabiqədə 3
layihə ilə iştirak edə biləcəyini bildirdi.
R.Mahmudzadə müxtəlif proqramlar haqda
maarifləndirmə məqsədi daşıyan videodərsliklərin
Azərbaycan dilində hazırlanması sahəsindəki
problemlərə də toxundu. O, əsasən də Lazarus,
Google SketchUp, Pascal və Logo üzrə "Ən yaxşı
videodərslik" müsabiqəsinin planlaşdırıldığını
dedi.
"Bakı" nəşriyyatının baş direktoru,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
Zaur İsayev cəmiyyətin intellektual
potensialının formalaşmasında, maariflənməsində,
bilik mübadiləsi və təbliğində mühüm rol oynayan
müxtəlif dərs vəsaitlərinin, kitab və
jurnalların, elektron nəşrlərin əhəmiyyətindən
söhbət açdı. Elmlə təhsilin vəhdətinin
vacibliyini qeyd edərək yüksək səviyyədə
keyfiyətli dərsliklərin hazırlanmasının da az
əhəmiyyət kəsb edən məsələlərdən olmadığını
bildirdi.
Bakı şəhəri 283 nömrəli orta məktəbin müəllimi
Naidə İsayeva informatika müəllimlərinə
metodiki dəstək məqsədilə hazırlanmış
www.informatik.az saytı haqqında məlumat
verdi. İnformatika dərslikləri, test
tapşırıqları, proqramlaşdırma, proqram təminatı,
yeni texnologiyalar və s. ilə bağlı resursda
əksini tapmış məlumatların müəllim və şagirdlər
üçün faydalı informasiya mənbəyi olduğunu
bildirdi.
Sonra mövzu ətrafında fikir mübadiləsi,
müzakirələr aparıldı. İnformatika müəllimləri
ölkədə bu fənnin vüsət alması, informasiya
texnologiyaları üzrə milli kadrların
hazırlanması, orta məktəblərdə təkcə ofis deyil,
digər proqramların, o cümlədən
proqramlaşdırmanın da tədris edilməsi və s.
məsələlərlə bağlı təklif və tövsiyələrini
bildirdilər.
225 nömrəli orta məktəbin müəllimi Roza
Qasımova praktiki və nəzəri biliklərin
tədrisi, verilən tapşırıqların həlli, effektiv
nəticələrin əldə edilməsi baxımından yuxarı
siniflərdə informatika dərslərinin saatının
artırılmasının zəruri olduğunu bildirdi.
249 nömrəli məktəbin müəllimi Sevgüladə
Əzizova informatikanın daim inkişaf edən
elmlərdən olduğunu bildirdi: "Bu baxımdan hər
bir müəllim daim biliklərinin təkmilləşdirilməsi
üzərində çalışmalıdır". S.Əzizova xüsusən də
riyaziyyat təmayüllü siniflərdə
proqramlaşdırmanın ayrıca bir istiqamət kimi
keçilməsini təklif etdi.
23 nömrəli orta məktəbin müəllimi Abdulla
Qəhrəmanov istedadlı şagirdlərin seçilərək
olimpiadalara cəlb edilməsi məsələlərinə
toxundu. Olimpiadalara peşəkar kadrların
hazırlanması üçün proqramlaşdırma üzrə
dərnəklərin yaradılması təklifini irəli sürdü.
264 nömrəli orta məktəbin müəllimi Mətanət
Əhmədova olimpiadalara rəqabətə davamlı
kadrların hazırlanmasının müəllimlərin gücü
xaricində olduğunu, buna görə də olimpiadaya
hazırlıqların yüksək səviyyədə aparılması və
mühüm nəticələrin əldə edilməsi üçün yüksək
ixtisaslı, peşəkar mütəxəssislərin bilik və
təcrübəsindən də yararlanmaq lazım gəldiyini
bildirdi.
7
nömrəli məktəbin müəllimi Gülnarə Səlimova
rayon məktəblərində kadr hazırlığının
möhkəmləndirilməsi məsələlərinə toxunaraq,
informatika müəllimlərinin şəbəkəsinin
yaradılması təşəbbüsü ilə çıxış etdi. İT
profilli universitet, elmi-tədqiqat institutları
ilə orta məktəblər arasında videokonfransların,
onlayn seminarların keçirilməsinin
üstünlüklərindən söhbət açdı.
Fizika-riyaziyyat və informatika təmayüllü
liseyin müəllimi Valid Məhərrəmov
olimpiadaya dair müxtəlif səpgili materialların,
sual, məsələ və tapşırıqların yerləşdirilməsi
məqsədilə müvafiq veb-saytın yaradılması
təklifini irəli sürdü.
26 nömrəli məktəbin müəllimi Kəbirə Mirzəyeva
orta məktəblərdə müxtəlif qrafik proqramlarda
işləmək üçün yüksək yaddaşa malik kompüterlər
ilə təchizat məsələlərinin vacibliyini qeyd
etdi.
Tədbirdə həmçinin orta məktəblərin şəbəkə ilə
yüksək səviyyədə təmini, şəbəkəyə çıxış
imkanlarının artırılması, informatika üzrə test
tapşırıqlarında sualların yüksək səviyyədə
hazırlanması, olimpiadaya hazırlıq üçün
tapşırıqların Azərbaycan dilinə tərcüməsi
istiqamətində mövcud problemlər və s. məsələlər
də müzakirə edildi.
Sifai SƏFƏROVA |