Azərbaycan Texniki Universitetində Bilik günü
münasibəti ilə professor-müəllim heyəti və
tələbələrin iştirakı ilə tədbir keçirildi.
Tədbir iştirakçıları - universitetin rektoru və
gələn qonaqlar əvvəlcə universitetin foyesindəki
ümummilli lider Heydər Əliyevin büstü önünə təzə
tər gül-çiçək dəstələri düzdülər və ulu öndərin
əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru,
professor Havar Məmmədov açaraq
professor-müəllim heyətini və tələbələrini Bilik
günü münasibəti ilə təbrik etdi. O qeyd etdi ki,
bu il universitetimizə 8 fakültədə 40 ixtisas
üzrə 1701 nəfər tələbə qəbul olunub ki, onların
da 498 nəfəri dövlət sifarişi ilə, 1203 nəfəri
ödənişli əsaslarla təhsil alacaq. Ödənişli
əsaslarta təhsil alacaq tələbələrdən 77 nəfəri
(66 nəfəri məcburi köçkün, 11 nəfəri şəhid
ailəsinin üzvü) ödənişdən azad olunub.
Tələbələrin demək olar ki, əksəriyyəti yüksək
bal toplayan tələbələrdir.
Universitetin rektoru, professor Havar Məmmədov
ümummilli liderimiz Heydər Əliyevin elm və
təhsil, o cümlədən digər sahələrdə apardığı
islahatları, uğurlu dövlət siyasətini yüksək
qiymətləndirdi. O qeyd etdi ki, bu gün də təhsil
sahəsində aparılan islahatlar hörmətli
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Təhsil sisteminə, xüsusilə də
gənclərimizin təhsilinə dövlətimiz, eləcə də
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və
qayğı göstərilir.
Sonra tədbirdə iştirak edən qonaqlardan YAP
Yasamal rayon təşkilatının sədri, professor
Fikrət İsmayılov və AMEA-nın I vitse-prezidenti,
akademik Arif Həşimov çıxış edərək son illərdə
elmə və təhsilə göstərilən qayğıdan, əldə olunan
uğurlardan danışdılar, öz arzularını, ürək
sözlərini professor-müəllim heyətinə və tələbə
kollektivinə çatdırdılar, tələbə adı qazanmış
gənclərin valideynlərinə gözaydınlığı verdilər.
Respublika rabitə və informasiya texnologiyaları
nazirinin müavini Elmir Vəlizadə və Nəqliyyat
Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov həm
öz adlarından, həm də təmsil etdikləri
nazirliklərin rəhbərləri adından Bilik günü
münasibətilə bütün professor-müəllim heyətini və
tələbə kollektivini ürəkdən təbrik etdilər,
onlara uğurlar arzuladılar.
Sonra AzTU-nun kafedra müdiri, millət vəkili,
professor Astan Şahverdiyev tələbələri və
valideynləri Bilik günü münasibəti ilə təbrik
etdi. Tələbələrə qarşıdakı illərdə uğurlar və
mənalı tələbə həyatı arzu etdi.
Daha sonra tələbələrdən 541 balla informasiya
texnologiyaları fakültəsinə qəbul olan Fərid
Məmmədov öz çıxışında universitetin rektoru,
professor Havar Məmmədova tələbələr üçün yüksək
şərait yaratdığına görə öz minnətdarlığını
bildirdi, bütün tələbə yoldaşlarını təbrik etdi
və tələbələr adından Texniki Universitetdə yaxşı
oxuyacaqlarına söz verdi. O qeyd etdi ki,
Azərbaycanda gənclərə dövlət səviyyəsində qayğı
göstərilir. Bu qayğıya öz biliyimizlə cavab
verəcəyik.
Tədbirdə valideynlər adından 513 balla
universitetə qəbul olmuş Fəda Xəlillinin atası,
hüquqşünas İsbəndiyar Xəlilli çıxış edərək başda
universitetin rektoru, professor Havar Məmmədov
olmaqla bütün kollektivi təbrik etdi.
Tədbirin sonunda universitetə yüksək balla qəbul
olunmuş bir qrup tələbəyə tələbə biletləri və
qiymət kitabçaları təqdim edildi.
Müşfiq BORÇALI,
AzTU-nun Mətbuat şöbəsinin müdiri
|