Sentyabrın 15-də ADPU-da Bilik gününə həsr
edilmiş tədbirin iştirakçıları əvvəlcə
Azərbaycan Dövlət Pedaqoji Universitetində ulu
öndər Heydər Əliyevin abidəsi önünə gül
dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov
bildirdi ki, yeni -2011-2012-ci tədris ili öz
zəngin elmi-pedaqoji potensialına görə müstəqil
Azərbaycan Respublikasının qabaqcıl və nüfuzlu
ali təhsil müəssisələrindən biri olan ADPU-nun
professor-müəllim heyəti və tələbə kollektivi
üçün də bir sıra müsbət yeniliklərlə başlayıb.
Belə ki, bu il ADPU-ya əyani şöbəyə 10 fakültə
üzrə 1332 nəfər, qiyabi şöbəyə isə 470 nəfər
tələbə qəbul edilib. Bütövlükdə tədris ilində
ADPU-ya 1802 nəfər tələbə qəbul edilib. Eyni
zamanda, bu tədris ilində ADPU -nun
magistraturasının əyani şöbəsinə 11 istiqamət,
43 ixtisas üzrə 231 nəfər, qiyabi şöbəsinə isə
8 istiqamət, 22 ixtisas üzrə 146 nəfər qəbul
edilib.
Professor Y.Məmmədov qeyd etdi ki,
respublikamızın ali təhsil müəssisələrinin yeni
maliyyələşmə mexanizminə keçməsi ilə əlaqədar
bu il ADPU-ya ali təhsilin bakalavr pilləsində
722 nəfər tələbə dövlət sifarişi əsasında qəbul
edilmişdir.
2007-ci ildən ADPU-nun əyani şöbəsində bütün
kollokvium, semestr və dövlət imtahanlarının
elektron-test üsulu ilə aparılmasından danışan
rektor dedi ki, bu ildən qiyabi şöbənin ilk
iki kursunun kollokvium və semestr
imtahanlarının bu mütərəqqi üsulla keçirilməsi
üçün texniki vasitələr və proqram təchizatı
yaradılmışdır.
ADPU-nun beynəlxalq əlaqələri genişlənməkdə
davam edir. Ötən tədris ilində bir neçə xarici
ölkənin universitetləri ilə elm və təhsil
sahəsində geniş əməkdaşlıq müqaviləsi
imzalanmışdır.
Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU
bu il həm də özünün 90 illik yubileyini qeyd
etməyə hazırlaşır. Yubiley günləri və yubiley
ərəfəsində 2009-cu ildə üzv olduğu, Avropanın
pedaqojiyönümlü 59 universitetini birləşdirən
ETEN-dən, o, cümlədən universitetlə sıx
əməkdaşlıq edən Türkiyənin Hacəttəpə
Universitetindən çoxsaylı nümayəndə heyətinin
ADPU-ya gəlişi və burada təhsilin problemləri
ilə bağlı beynəlxalq elmi konfransların
keçirilməsi planlaşdırılır.
Tədbirdə çıxış edən digər natiqlər də ADPU-nun
qazandığı uğurlardan söz açdılar.
Sonda I kursa qəbul olan tələbələrin
valideynləri uşaqlarının universitetdə yaxşı
oxumaları üçün onlara yaradılan şəraitə görə
ADPU-nun rəhbərliyinə öz minnətdarlıqlarını
bildirdilər.
Şakir CƏFƏROV |