Sentyabrın
15-də Azərbaycan Dillər Universitetində (ADU)
Bilik günü münasibətilə universitetin rektoru,
millət vəkili, professor Səməd Seyidov I kurs
tələbələri ilə görüşdü. ADU-nun akt zalında
keçirilən görüş Azərbaycanın Dövlət himni ilə
başladı. Sonra rektor Səməd Seyidov Bilik günü
münasibətilə professor - müəllim heyətini,
tələbələri təbrik etdi. Rəhbərlik etdiyi ali
təhsil ocağının yaranması tarixindən,
universitetdə fəaliyyət göstərən fakültə və
mərkəzlər haqqında məlumat verən rektor bildirdi
ki, universitetin əsas fəaliyyəti Azərbaycanı
dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir.
Dövlət rəhbərliyi səviyyəsində təhsilə, gəncliyə
xüsusi qayğının olmasından danışan rektor
S.Seyidov məhz bu qayğının nəticəsində də ADU-da
vacib islahatların aparıldığını bildirdi.
Boloniya prosesi haqqında da danışan rektor bir
çox tələbələrin öz təhsillərini xarici ölkələrin
ali təhsil müəssisələrində davam etdirdiklərini
nəzərə çatdırdı.
Çıxışının sonunda rektor bir daha I kurs
tələbələrinə uğurlar arzuladı və universitet
rəhbərliyini onlara təqdim etdi.
Sonra
yüksək balla ADU-nun Tərcümə fakültəsinə daxil
olan Nigar Məmmədova tələbə yoldaşlarına uğurlar
arzuladı.
Valideynlər adından danışan 1 saylı İngilis dili
fakültəsinin I kurs tələbəsi Fidan Babayevanın
atası Nizami Babayev övladının ADU-ya daxil
olmasından şərəf hissi keçirdiyini dedi. Əmin
olduğunu bildirdi ki, gənclər öz təhsillərini
başa vuraraq Azərbaycana layiqli şəxslər kimi
yetişəcəklər.
1
saylı İngilis dili fakültəsinin dekanı,
professor Əfqan Abdullayev öz çıxışında
tələbələri təbrik edərək, uğurlar arzuladı və
təhsil aldıqları müddətdə onlara kitabdan
ayrılmamalarını tövsiyə etdi.
Daha sonra yüksək balla universitetə daxil olmuş
tələbələrə tələbə biletləri və qiymət
kitabçaları təqdim edildi.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-ya
1000-dən çox tələbə daxil olub.
ADU-nun Mətbuat xidməti |