Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 14-də Bakının Sabunçu, Nizami,
Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta
ümumtəhsil məktəblərinin əsaslı təmir və
yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış
olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramında bu il üçün nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtın orta
ümumtəhsil məktəblərində əsaslı təmir və
yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə
paytaxtın Sabunçu qəsəbəsindəki 170 nömrəli orta
ümumtəhsil məktəbində aparılan təmir və
yenidənqurma işləri ilə tanış oldu. Burada
həyata keçirilən əsaslı təmir və bərpa işləri
barədə dövlət başçısına məlumat verildi.
Bildirildi ki, 170 nömrəli məktəbin binasının
birinci korpusu 1928-ci ildə inşa edilib və
hospital kimi fəaliyyət göstərib. 1932-ci ildə
isə fəaliyyətini 120 şagird yerlik orta məktəb
kimi davam etdirib. İkinci korpusun inşasından
sonra isə məktəbdə 420 şagirdin təhsil alması
üçün şərait yaradılıb. Hazırda 170 nömrəli
məktəbdə 900 şagird təhsil alır. Dərslər iki
növbədə keçilir. Ümumi sahəsi 1425 kvadratmetr
olan məktəbdə Dövlət Proqramına uyğun olaraq
əsaslı təmir və yenidənqurma işləri ən müasir
tələblərə uyğun şəkildə həyata keçirilib.
***
Sabunçu qəsəbəsindəki 170 nömrəli orta
ümumtəhsil məktəbində aparılan təmir və
yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət
başçısı Nizami rayonundakı Kamil Əliyev adına 61
nömrəli məktəbə gəldi. Burada həyata keçirilən
əsaslı təmir və yenidənqurma işləri ilə bağlı
Prezident İlham Əliyevə məlumat verildi.
Bildirildi ki, 61 nömrəli məktəbin binası
1965-ci ildə inşa edilib. Binanın ümumi sahəsi
4030 kvadratmetrdir. 960 şagird yerlik məktəbdə
650 şagird təhsil alır. Məktəbin binası Dövlət
Proqramına uyğun olaraq həyata keçirilən
tədbirlər planı çərçivəsində əsaslı şəkildə
təmir olunub, tədris üçün lazımi şərait
yaradılıb. Məktəbin yerləşdiyi küçəyə yeni
asfalt örtüyü döşənib, ətraf ərazi
abadlaşdırılıb.
***
Sonra Prezident İlham Əliyev Suraxanı
rayonundakı Bünyadəli Qulamoğlu adına 285
nömrəli orta ümumtəhsil məktəbində həyata
keçirilən əsaslı təmir və yenidənqurma
işlərindən sonra yaradılmış şəraitlə tanış oldu.
Təmir və bərpa işləri barədə Prezident İlham
Əliyevə məlumat verildi. Bildirildi ki, məktəbin
binası 1990-cı ildə inşa edilib. 1396 şagird
yerlik 285 nömrəli məktəbdə 930 şagird təhsil
alır. Dövlət Proqramı çərçivəsində məktəb əsaslı
şəkildə yenidən qurulub, ayrı-ayrı sinif
otaqları, fənn kabinetləri, laboratoriyalar
müasir standartlara uyğun şəkildə təmir olunub
və lazımi avadanlıqla təchiz edilib. Məktəbin
iki örtülü və iki açıq idman meydançası da
yüksək səviyyədə yenidən qurulub. Məktəbin
yerləşdiyi küçəyə yeni asfalt döşənib, təhsil
ocağının ətrafı abadlaşdırılıb.
***
Daha sonra Prezident İlham Əliyev Nəsimi
rayonundakı 44 nömrəli məktəbdə həyata keçirilən
əsaslı təmir və yenidənqurma işləri ilə tanış
oldu. Görülən işlərlə bağlı dövlət başçısına
məlumat verildi. Bildirildi ki, 44 nömrəli
məktəbin binası 1922-ci ildə hərbi hospital kimi
inşa edilib. Məktəbin ikinci korpusu isə 1980-ci
ildə istifadəyə verilib. 1100 şagird yerlik
məktəbdə 470 şagird təhsil alır. Əsaslı təmirə
başlamazdan əvvəl məktəbin binası qəza
vəziyyətində idi. Ümumi sahəsi 6700 kvadratmetr
olan binada təmir və bərpa işləri ən müasir
standartlara uyğun şəkildə həyata keçirilib.
Yenidənqurma işlərindən sonra məktəb lazımi
tədris avadanlığı ilə təchiz edilib. Təmir
edilmiş bütün məktəblərdə olduğu kimi, burada da
müasir kompüter sinifləri yaradılıb, sinif
otaqlarında isə yeni partalar və elektron
lövhələr quraşdırılıb. Məktəb müasir istilik
sistemi ilə təmin edilib.
***
Nəsimi rayonundakı 44 nömrəli məktəbdə həyata
keçirilən əsaslı təmir və yenidənqurma işləri
ilə tanışlıqdan sonra Prezident İlham Əliyev
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139
nömrəli orta məktəbə gəldi. Dövlət başçısına
məlumat verildi ki, bu məktəbin birinci korpusu
1957-ci ildə inşa olunub. 2006-cı ildə isə
yardımçı korpus istifadəyə verilib. Şagird
sıxlığı nəzərə alınaraq 2011-ci ildə Dövlət
Proqramına uyğun olaraq 16 əlavə sinif otağı və
bir yeməkxana inşa olunub. Bundan əlavə, ümumi
ərazisi 3000 kvadratmetr olan məktəbin əvvəlki
iki korpusunda da əsaslı şəkildə təmir və bərpa
işləri aparılıb. 1,2 hektar həyətyanı sahədə
abadlaşdırma tədbirləri həyata keçirilib. Fənn
kabinetləri, sinif otaqları ən müasir səviyyədə
yenidən qurulub, kompüter sinfi yaradılıb. 139
nömrəli məktəbdə də müasir istilik sistemi
quraşdırılıb.
Məktəbdə aparılan təmir və yenidənqurma işləri
ilə tanışlıqdan sonra dövlət başçısı Lökbatanda
qəsəbədaxili yollarda həyata keçirilən işlərlə
də tanış oldu. Yenidənqurma işləri barədə
Prezidentə məlumat verildi. Bildirildi ki, 173
min 600 kvadratmetr qəsəbədaxili yol sahəsinə
ikiqat asfalt örtüyü döşənib, 24 min kvadratmetr
yol sahəsinə isə asfalt döşəmək üçün hazırlıq
işləri başa çatıb. Bundan əlavə, Lökbatan
qəsəbəsində 252 min kvadratmetr qəsəbədaxili yol
sahəsinin asfaltlaşdırılması da nəzərdə tutulur.
Qəsəbədaxili küçələrdə yol xətləri təzələnib,
işıq dirəkləri yeniləri ilə əvəz edilib, müasir
işıqlandırma sistemi quraşdırılıb. Piyadaların
gediş-gəlişi üçün səkilər abadlaşdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident
İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc |