Ümumtəhsil
məktəblərində tədris olunan coğrafiya fənni
özünün daha mürəkkəb strukturu, məzmunu və əhatə
etdiyi sahələrin miqyası ilə seçilir. Bu fənn
vasitəsilə Yer planetinin Günəş sistemində
mövqeyi və onun fiziki- coğrafi nəticələri,
coğrafi təbəqədə ərazi dəyişmələrinin əsas
qanunauyğunluqları, təbiətdə qlobal, ekoloji
sistemlərin yaranması, cəmiyyətin sosial,
iqtisadi inkişafını təmin etmək üçün təbii
ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin
mühafizəsinə dair və s. bilik və bacarıqlar
formalaşdırılır. Bir sözlə, coğrafiya fənni
fiziki və iqtisadi coğrafiyanı kompleks şəkildə
öyrənməyə imkan verir.
Coğrafiya fənninin tədrisində müasir təlim
metodları, müxtəlif dərs tipləri, İKT -dən
istifadə etməklə yanaşı, fiziki coğrafi
obyektlər və sənaye müəssisələrində bu və ya
digər hadisəni, istehsal sahələrini əyani
şəkildə təqdim etmək üçün təlimin təşkilat
forması olan ekskursiyaları da keçirmək lazımdır.
Ekskursiya sadəcə gəzinti deyil, məqsədli,
mütəşəkkil gəzinti olduğundan onun keçirilməsinə
ciddi hazırlıq işi aparmaq lazımdır. Müəllim
gediləcək obyektlə, oranın görünüşü ilə,
istehsalatdırsa, işin xarakteri ilə, ən
başlıcası təhlükəsizlik texnikası ilə tanış
olmalı, gedilən obyektə izahata, müsahibəyə
nədən və necə başlayacağını dəqiqləşdirməlidir.
Ekskursiyanın xarakterindən və məsafədən asılı
olaraq nəqliyyat vasitəsi, şagirdlərin geyimi,
yeməyi, hətta onların əyləncələri haqqında da
düşünməlidir.
Ümumi fiziki coğrafiya kursunun tədris
proqramının materiallarını öyrətməklə yanaşı,
nəzəri bilikləri təcrübədə öyrənmək üçün VI
sinif şagirdlərini hər il yaz fəslində təbiətin
qoynuna ekskursiyaya aparıram. Şagirdləri daha
çox maraqlandıran müxtəlif coğrafi obyektləri:
dağ, yarğan, qobu, uçurum, sürüşmə, çay
dərələri, fiziki, kimyəvi və üzvi aşınmaların
relyefə təsirini və s. göstərir, gördüklərini
dəftərlərinə qeyd etmələrini təşkil edirəm.
VI sinifdə "Atmosfer" bölməsini keçib
qurtardıqdan sonra şagirdləri Mingəçevir
şəhərində yerləşən Hidrometeorologiya mərkəzinə
aparıram. Əvvəlcə şagirdlər kompas vasitəsilə bu
stansiyanın şəhərimizin hansı istiqamətində
yerləşdiyini təyin edirlər. Sonra
Hidrometeorologiya mərkəzinin direktoru havanın
qabaqcadan xəbər verilməsini göstərən cihazlar
haqqında məlumat verir. Daha sonra hava haqqında
məlumatları öyrənmək üçün psixrometrik köşkdə
havanın temperaturunu ölçən termometri, torpağın
20 sm, 40 sm, 80 sm, 1,60 m, 3,20 m dərinlik
termometrlərini, civəli və civəsiz barometrləri,
küləyin istiqamətini və sürətini ölçən flüger və
anemometri, Günəş saatı, hiqrometri, Tretyakov
yağıntı ölçən və s. cihazlarını şagirdlər əyani
şəkildə görür və dəftərlərində qeydlər aparırlar.
Ekskursiyanı yuxarı sinif şagirdləri üçün də
təşkil edirəm. Azərbaycan Respublikasının fiziki
və iqtisadi- sosial coğrafiyası fənnini tədris
etdiyim VIII sinif şagirdlərini əvvəlcə
Mingəçevir şəhərində yerləşən SES, Az DRES,
Azərkabel, Azərelektroizolit, Azyolneftmaş, "Kür"
elektron avadanlıqları istehsalı zavodlarına,
Mərmər sexinə və s. aparmaqla ən mühüm sənaye
müəssisələri, şəhərimizdə istehsal olunan
sənaye məhsulları ilə tanış edirəm. Eyni zamanda
Azərbaycan Respublikasının təbiətinin füsunkar
olduğu Gəncə və Şəki şəhərləri, Oğuz, Qəbələ,
İsmayıllı, Şamaxı, Göygöl, Şəmkir, Qazax
rayonlarına da ekskursiyalar təşkil etmişəm. Bu
bölgələrdə ekskursiyaya gedərkən coğrafi
obyektlərlə yanaşı, burada yaşamış şair və
yazıçıların ev-muzeyləri, tarixi abidələri ilə
də tanış oluruq. Məsələn, Gəncə şəhərində
avtomobilqayırma, gil-torpaq, farfor sənaye
müəssisələrində, xalça və toxuculuq kombinatında
olmaqla yanaşı, dahi şairimiz Nizaminin
məqbərəsini, Qala qapısını, Cavad xanın qəbrini
və s. ziyarət edirik.
Ekskursiya mövzusu üzrə növbəti dərsi sinifdə
keçirirəm. Şagirdlərin ekskursiya obyektlərində
gördüklərini, öyrəndiklərini ümumiləşdirərək
əldə etdikləri bilikləri yekunlaşdırıram. Bir
sözlə, öyrənmə fəallığının artması, təfəkkürün
inkişafına xidmət edən müstəqil, produktiv
metodların istifadəsi nəticəsində təlimin
səmərəliliyi yüksəlir, şagirdlərin öyrənməyə
marağı artır, məntiqi, yaradıcı təfəkkürü
inkişaf edir.
Səbuhi MƏMMƏDOV,
Mingəçevir şəhər R.Mirabov adına 7
nömrəli tam orta məktəbin coğrafiya müəllimi |
|