Məktəbə
gələn uşaq özü ilə məhz doğulduğu, ilk tərbiyə
aldığı mühitin ab-havasını, sirlərini gətirir.
Bu sirli dünyanı açmaq üçün müəllimdən,
tərbiyəçidən böyük ustalıq, professionallıq,
səbr, dözüm, psixoloji hazırlıq tələb olunur.
İlk növbədə, tərbiyə etdiyin hər bir uşağa fərdi
- yaradıcı yanaşma metodun olmalıdır. Çünki
uşaqların potensial imkanları bir-birindən
fərqlənir. Bir uşaq ilk oxunuşdan şeiri
əzbərləyib yadında saxlayırsa, digəri çətinlik
çəkir. Başqa birisinin, ümumiyyətlə, şeirə
həvəsi yoxdur. Aparılan müşahidələrdən,
valideynlərlə söhbətlərdən məlum olur ki, şeiri
asanlıqla qavrayan, onu dərindən duyub, hiss
edən və əzbər deyərkən təsirli bir səhnə
yaradan uşağı körpəlikdən anası laylalarla
böyütmüş, nənəsi uzun qış gecələri sevimli
nəvəsinə nağıllar, yanıltmaclar, tapmacalar,
nazlamalar söyləmiş, uşaqda ana dilimizə,
ədəbiyyatımıza böyük sevgi duyğuları
aşılamışdır.
Ailənin zəngin kitabxanası var. Uşaq bu ziyalı
mühitində gələcəyi üçün stimul olan dayaq
nöqtəsi tapmışdır. Şeiri zəif qavrayan uşaqların
böyüdüyü mühit isə tamam fərqlidir. Söhbət
zamanı məlum olur ki, bəzi valideynlərin özləri
belə, adi mütaliə vərdişlərindən uzaqdırlar.
Uşaqların beyni ağappaq kağıza bənzəyir. Bura
yazılan ilkin yazıdan çox şey asılıdır. Buna
görə də hər bir ailənin üzərinə böyük məsuliyyət
hissi düşür. Valideyn böyütdüyü övladına görə
cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu
məsuliyyət yükünün böyük ağırlığının məktəbin,
konkret olaraq müəllimin, tərbiyəçi pedaqoqun
çiyninə düşdüyü də danılmaz faktdır.
Tərbiyə prosesində biz daim keyfiyyətcə dəyişən
uşaqlarla məşğul oluruq. Məhz tərbiyə olunan
uşaqlar psixoloji xüsusiyyətlərinə, tələbat və
motivlərinə görə bir-birindən fərqlənirlər.
Pedaqoji psixologiyanın banisi K.D.Uşinski
insanı hərtərəfli tərbiyə etmək üçün onu
hərtərəfli öyrənməyi tövsiyə edirdi.
Əsl pedaqoq, tərbiyəçi müəllim mahir dirijordur.
Dirijor xaric səsləri orkestrdə necə məharətlə
duyub, hiss edirsə, müəllim də sinifdə hər bir
uşağın nə ilə nəfəs aldığını, yaşadığını hiss
edib, duymalıdır.
Hər bir uşaq sabah cəmiyyətin tamhüquqlu
vətəndaşıdır. Uşaqların sağlam, hərtərəfli
böyüməsi, inkişaf etməsi ümumən cəmiyyətin
inkişafıdır. Milli zəmində sağlam gəncliyin
yetişməsi Azərbaycana bu gün dünənkindən daha
çox gərəkdir. Çünki müstəqilliyini qazanmış,
inamla sabaha addımlayan ölkəmizin dünyanın
qabaqcıl ölkələri cərgəsində yerini daha da
möhkəmlətməsi üçün güclü kadr potensialı
olmalıdır. Bu baxımdan ailənin, məktəbin,
müəllimlərin qarşısında ciddi vəzifələr durur.
Hər bir məktəblinin şəxsiyyət kimi yetişməsi,
inkişafı, formalaşması uzunmüddətli bir
prosesdir. Bu prosesi ardıcıl izləyən heç
şübhəsiz müəllimdir. Bu gün məktəblərimizdə
Mübariz İbrahimov kimi cəsur, əfsanəvi
qəhrəmanlarımız yetişirsə, deməli, sabaha böyük
ümidlərimiz var.
Cəmilə ÇİÇƏK,
Kəlbəcər şəhər 22 nömrəli orta məktəbin
psixoloqu |
|