Ötən
dərs ilində qızıl və gümüş medalla təltif
olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər
gümüş medala layiq görülüb) hamısı ali
məktəblərə qəbul imtahanlarında yüksək nəticə
göstərib.
Məlum olduğu kimi, 2010-2011-ci tədris ilində
ilk dəfə olaraq təhsil aldığı müddətdə xüsusi
nailiyyətlər qazanmış tam orta təhsil üzrə
məzunlar qızıl və gümüş medalla təltif ediliblər.
Məzunların qızıl və gümüş medalla təltif
olunması Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi
təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunların qızıl və ya gümüş medalla təltif
olunma Qaydası" əsasında həyata keçirilib. Qızıl
və gümüş medallar verilərkən Təhsil Nazirliyinin
keçirdiyi yoxlama və buraxılış imtahanlarının,
həmçinin Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının keçirdiyi sınaq imtahanlarının
nəticələri də nəzərə alınır.
Qızıl və gümüş medalla təltif olunmuş
şagirdlərin hamısı ən yüksək balla ölkəmizin
aparıcı universitetlərinə və dünyanın nüfuzlu
ali məktəblərinə daxil olublar. Həmçinin ölkədə
keçirilən fənn olimpiadalarının qalibləri və
orta məktəbi "əla" qiymətlərlə bitirən şagirdlər
də qəbul imtahanlarında yüksək nəticələr
göstəriblər. |