Bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib,
ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat
dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095
müəllim stolu, 3750 müəllim stulu verilib.
Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs
ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa
olunub. Yeni məktəblərin tikintisi, əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla təminatı,
infrastrukturunun yeniləşdirilməsi nəticəsində
ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin
təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə
məktəb tikintisi sahəsində həyata keçirilən
proqramlar sayəsində ikinövbəli məktəblərin
faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan
şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"nda tədris ocaqlarının əsaslı
təmiri və yenidən qurulması ilə bağlı bu il üçün
nəzərdə tutulan tədbirlər planına uyğun olaraq
paytaxtda 111 təhsil müəssisəsinin əsaslı
şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü
məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir
və yenidənqurma işləri ilə yanaşı, Dövlət
Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər
üçün əlavə sinif otaqlarının, yeni tədris
korpuslarının, idman və akt zallarının,
yeməkxana binalarının inşası və lazımi
avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.
Məlumat üçün onu da qeyd edək ki, 2004-cü ildən
Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb
binası, 184 məktəbin həyətində əlavə sinif
otaqları və tədris korpusu inşa olunub. 176
məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər
təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50
məktəbəqədər təhsil müəssisəsində, 9 peşə
məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni
peşə məktəbi üçün bina tikilib. |
|