Yeni
dövrdə bilik qazanma anlayışları dəyişir. Artıq
təhsilalanlar təhsilverənlərdən klassik bilik
qazanma metodlarının əvəzində araşdırmaya və
öyrənməyə qabil dəyərlər tələb edirlər.
Dünyanın dəyişmə sürəti xüsusilə son 20 il
ərzində o qədər artıb ki, iqtisadi həyatda,
sosio-mədəni dəyərlərdə, elm və texnologiyada və
həyatın bütün sahələrində dinamik dəyişikliklərə
şahid oluruq. Bütün bu dəyişikliklər ali təhsil
sektoru, universitet anlayışı və idarəetmə
modellərinə, təhsil və tədris texnologiyalarına
əsaslı surətdə təsir göstərir. Bütün gələcək
düşüncənin yol xəritəsini müəyyənləşdirəcək
trendləri təsbit etmək üçün təkcə idarəetmə
qurumlarının deyil, həm də insanların çalışma
etika və mentalitetinin dəyişməyə böyük ehtiyac
var. Bu gün əsasını Yaponiya fəlsəfəsində tapan
faydalı və vaxtı qızıl kimi dəyərləndirərək
çalışma anlayışı olan "karoşi" bütün dünyada
qlobal trend olur. Artıq 7/24 işarəsi həyatımıza
çox sürətlə daxil olub. Cloud computing (bulud
kompyutinq) adlandırılan yeni bir inkişaf
trendi insana hansısa bir çay kənarında,
parkda, dağ başında ağacın altında ofisində
olduğu kimi işləmək imkanı verir. Bir daha qeyd
edək ki, təhsil insan cəmiyyətinə yeni hədəflərə
çatmaq üçün bir vaxtlar sinfi mübarizələr
tarixində əsas çağırış olan - iş saatlarının
azaldılması şüarları ilə inqilabi hərəkat
ideyalarından sarsılan kapitalizmin yeni
istehsal münasibətləri və qüvvələri ilə çalışma
anlayışını yenidən təsdiqlədi və bu dəfə "time
management-7/24" çalışmaq fəlsəfəsi ilə
insanları baş-başa buraxdı.
Bəs müasir dünyada təhsil fəlsəfəsinin
gələcək trendləri ilə bağlı əsas inkişaf
meyarları hansılardır?
Bildiyimiz kimi, yaşadığımız dövrdə təhsil
insan fəaliyyətinin ən mühüm sahəsidir və
xüsusilə də ali təhsil sosial və iqtisadi
tərəqqinin ən mühüm faktoruna çevrilib. Bu
yanaşma həm də onunla bağlıdır ki, müasir
cəmiyyətin ən böyük kapitalı və başlıca dəyəri
yeni biliklərə və qeyri-standart düşüncəyə
sahib olan insandır.
Hələ XX əsrin 60-cı illərinin ortalarında bir
çox alimlər subyektiv olaraq belə qənaətə
gəlmişdilər ki, bəşəriyyətin qarşısında duran
çoxsaylı kəskin problemləri elm-təhsil həll
etməyə qadir deyil. Burada söhbət təhsilin
böhranı anlayışından, ənənəvi təhsil
metodlarının bu böhranı yaratmasından gedirdi.
1968-ci ildə məşhur Amerika alimi Kumbs ilk dəfə
olaraq təhsilin həll olunmayan problemlərindən
danışaraq ayrı-ayrı ölkələrdə rast gəlinən bu
problem dalğasının müxtəlif inkişaf səviyyələri
olan ölkələrdə özünü göstərəcəyini qeyd
etmişdir.
Bütün bu yanaşmalara baxmayaraq, bəşəri
inkişafın təhsillə mümkün olduğu çox ciddi qəbul
edilən bir gerçəklikdir. Təhsil insanın
cəmiyyətdə, ətraf mühitdə və sosial müstəvidə
uğur qazanmasında, azadlıq, sosial ədalət
ideallarına çatmasında əsas vasitədir.
Ötən əsrdə dünya iqtisadiyyatdan siyasətə,
təhsildən sənətə qədər hər sahədə yaşanan
elm və texnoloji yeniliklərə səhnə olmuşdur. Bu
tendensiya yaşadığımız yeni dövrdə xüsusi çalar
daşıyır və yeni keyfiyyət istiqamətləri ilə
zənginləşir. "National School Board
"assosiasiyasının raportuna görə,
* Dünyanın bilik təməlləri hər 2-3 ildə ikiyə
bölünür.
* Hər gün 7000 elmi və texniki məqalə
yayınlanır.
* Sənaye cəmiyyətlərində orta dərəcəli
məktəblərdən məzun olanlar, öz ata-babalarının
bütün həyatı boyunca aldıqları informasiyadan
daha artıq informasiya seli ilə qarşılaşırlar.
* Gələcək 30 il ərzində baş verəcək
yeniliklərin, ötən 300 ildəkindən daha artıq
olacağı proqnozlaşdırılır.
Deməli qloballaşma ilə ortaya çıxan yeni
sənayeləşmə, sürətli dəyişikliklərin
yönləndirdiyi təhsil qlobal çevrədə yeni insan
qaynaqlarının yetişdirilməsini tələb edir.
Yüksək rəqabət şəraiti insan qaynaqlarının
ömürboyu təhsilini şərtləndirir. Yeni imkanlar
şəraitində təhsil almağın maliyyə şərtləri çox
yüksəkdir. Belə ki, veb əsaslı tədris imkanları
uzaqdan təhsilin yeni bir çevrəsi olaraq buna
sistemli bir cavabdır. Çünki bu cür təhsil aşağı
maliyyə, tədris mühiti, zaman və məkan
baxımından çevik şərtləri ilə çox
əhəmiyyətlidir. Buradan da göründüyü kimi,
yaşadığımız əsrə damğasını vuran iki böyük
inqilab həyat şərtlərimizi və deməli,
təhsilimizin hədəflərini də dəyişir. Bunlardan
biri rəqəmsal, digəri isə genetik inqilablardır.
Rəqəmsal inqilablar informasiya
texnologiyalarından asılılığımızı artırmaqla,
eyni zamanda həyatımızın bütün sahələrində
gələcəyə geniş üfüqlər açır. Eləcə də genetik
inqilablar demoqrafik dəyişikliklərin əsas
səbəbi olur. Bütün bu dəyişikliklər təhsildə
yeni paradiqmaların hansı təməllər üzərində
bərqərar olmasına həm zəmin yaradır, həm də yeni
şərtlər irəli sürür. Bəs bu paradiqmalar,
trendlər hansı müstəvidə formalaşmalıdır?
Bunları aşağıdakı şəkildə belə qruplaşdırmaq
olar:
* Müasir dünyada qlobal trendlər ilə beynəlxalq
əmək bazarının tələblərini izləmək;
* Alternativ düşüncə, ömürboyu öyrənmə, onlayn
təhsil vərdişlərinə yiyələnmə;
* Şəffaflıq, hesabatlılıq, bərabərlik və
təhsildə əlyetərlilik.
Düşünürəm ki, təhsil müasir həyatımızda bu
trendlərin hesabına cəmiyyətdə innovativ,
yaradıcı təşəbbüsləri dəstəkləməli, biliyi
istifadə etmədə fərq yarada bilmə bacarığına
sahib olmalıdır. Bunun üçün təhsilşünaslar
hesablayıblar ki, yeni yüzillikdə beynin təkcə
sol yarımkürəsini inkişaf etdirmək yetərli
deyil. Bildiyimiz kimi, insan beyni iki
yarımkürədən ibarətdir. XX əsr boyunca təhsildə
xüsusilə sol beyni, İQ ilə ölçdüyümüz beyin
kütləsini inkişaf etdirmək hədəflənmişdir.
Analiz etmə, rasional düşünmə, məntiqi təfəkkür
daha çox sol beynin aktivindədir.
Ancaq XXI əsrdə artıq beynin sağ yarımkürəsi,
yəni hissedən beyin son dərəcə önəmlidir.
Araşdırmalar göstərmişdir ki, sağ beyin xəyal
gücünü, spontanlığı, sintez etməyi, yaradıcılıq
təşəbbüslərini özündə daha işlək hala gətirən
beyin qismidir və bu beyin yarımkürəsi inkişaf
etdikcə, sol beyin öz potensialından daha çox
istifadə edir.
Hər iki beyin yarımkürəsindən istifadə etmək
və bu fəaliyyəti birgə sinxronlaşdırmaq müasir
təhsilin qarşısında duran ən mühüm məqsədlərdən
biridir. Bununla da sosiumun yeni kreativ və ya
meta bacarıqlara sahib olması təhsildə əsas
hədəflərdən hesab olunur. Bir daha qeyd edim ki,
burada əsas diqqət özünü idarəetmə və yeni
bacarıqların qazanılması prosesinə
yönəldilməlidir. Təhsildə meta bacarıqlar
dedikdə öyrənməyi öyrənmək, özünü idarəetmə -
yəni sosial ünsiyyət vərdişləri kimi
keyfiyyətlər başa düşülür. Bu yanaşmada
edukoloqlar yaşadığımız əsrdə təhsilin əsas
missiyasını dərk etmək üçün aşağıda adları
qeyd olunan modellər və oriyentirlər üzərində
müzakirələr aparırlar:
* Təhsildə proaktiv yanaşma;
* Problem əsaslı öyrənmə;
* Öyrənən məktəb modeli, self servis təhsil
xidmətləri;
* Postmodern düşüncə mühiti;
* Beyin təməlli öyrənmə və sair yanaşmalar.
Təhsil mütəxəssisləri artıq indiyədək təhsildə
dəbdə olan əzbərçi formanın alternativlərinin
geniş tətbiq modellərini təklif edirlər. Deməli,
yeni paradiqmaya uyğun olaraq öyrədən və
öyrənənlərin rollarını bu missiyaya uyğun
formalaşdırmaq zərurəti ortaya çıxır. Məşhur
Eynşteynin də qeyd etdiyi kimi, "uğur istifadə
etdiyimiz alətlərdə deyil, yanaşmalardadır".
Təhsildə bu yanaşmalardan ən önəmlisi
informasiya texnologiyalarıdır.
Son illərdə dünyada çox sürətli dəyişikliklərin
baş verdiyi, reallaşdırılan yeniliklərin
ictimai, siyasi və iqtisadi sahədə təsirini
göstərdiyi müşahidə olunur. Məsələn,
informasiyanın toplanması, işlənməsi,
ötürülməsi, istifadəsi və yeni informasiya
istehsalına yönələn hər sahədə informasiya və
kommunikasiya texnologiyasında dəyişikliklərin
baş verdiyi bir dövrdə yaşayırıq. Bu dövrün
səciyyəvi xüsusiyyəti, ictimai həyatımızdakı
ümumi ab-havaya uyğun olaraq təhsil anlayışında
da bəzi dəyişiklikləri zəruri edir. Çünki
informasiya cəmiyyətinə çatmaq yolundakı
prosesdə informasiya əsaslı dəyişikliklər
insanların təhsildən gözləntilərini də
müxtəlifləşdirərək dəyişdirmişdir. Ənənəvi
təhsil anlayışının kifayət etmədiyi günümüzdə,
bütövlükdə təhsildə - təhsil proqramlarının
məzmununda köklü yeniliklər və bir sıra
dəyişiklikləri hesablamaq bir zərurət olaraq
qarşımıza çıxır.
Qeyd edək ki, 21-ci əsr ali təhsil sistemi bilik
və informasiya texnologiyalarına bağlı olaraq
formalaşmaqdadır. Və bu yanaşmada "təhsil"
yerinə "öyrənmə" anlayışı ön plana keçir. Təhsil
təsirli bir aktdır. Daha açıq bir ifadə ilə,
təhsildən söz açıldığında bir tərəfin aktiv,
digər tərəfin isə passiv olduğu bir vəziyyət
müzakirə obyektidir. Tarixən ənənəvi təhsil
sistemində tərbiyəvi, passiv vəziyyətdə olan
tələbəyə bilik vermək üsulu əsas olmuşdur.
Halbuki "öyrənmə", fərdin bilavasitə öz
səyləri ilə bilik qazanmağa çalışmasıdır. Müasir
bilik cəmiyyətində "E-təhsil" (e-learning)
olaraq adlandırılan təhsil metodunda problemə
əsaslanan öyrənmə (aktiv təhsil) demək olar ki,
bilik və informasiya texnologiyalarının köməyilə
həyata keçirilir.
Yuxarıda da ifadə edildiyi kimi, ənənəvi təhsil
sistemi tərbiyəvi/öyrədici mərkəzlidir. Ənənəvi
təhsil sistemində təsbit olunan məqamlardan
biri müəllim-tələbə münasibətlərində qarşılıqlı
təsirin (interactivity) olması zərurətidir.
Burada diqqət yetiriləsi əsas nöqtə bu
interaktivliyin miqyası, keyfiyyətə təsiri
nəticəsində mümkün olacaq öyrənmə aktıdır.
Ənənəvi təhsil sistemində interaktivliyin
keyfiyyətinin artırılması üçün gərəkli
multimedia təchizatının bütün dərsliklər
səviyyəsində istifadə olunmaması əsas
problemlərdəndir. Ancaq bilik çağında bilik və
informasiya texnologiyalarındakı ağlasığmaz
inkişaf sayəsində bilik əldə etmənin asanlaşması
və xərclərin azalması səbəbilə ənənəvi
"tərbiyəvi əsaslı" (instructor based) təhsil
sisteminin yerini çox sürətli bir şəkildə
"təhsil əsaslı" (learned based) e-təhsil
sistemi tutur. Paradiqma artıq öyrədici əsaslı
təhsildən öyrənən əsaslı bir müstəviyə doğru
dəyişir. Öyrənən əsaslı təhsil (learner based
education) olaraq adlandırılan yeni paradiqma
virtual təhsil (virtual education), uzaqdan
təhsil (distance education) və ya qarışıq
öyrənmə (blended learning) ilə birlikdə ənənəvi
təhsil sistemində paradiqma dəyişikliyinə yol
açmışdır.
E-təhsil (e-Learning), texniki bir təriflə,
e-öyrənmə; İnternet, intranet, extranet və ya
digər İnternet-əsaslı texnologiyalar ilə həyata
keçirilən sinxronizə (eyni vaxtda) və
asinxronizə (eyni vaxtda olmayan) öyrənmə
metodlarına verilən addır. Daha sadə bir tərif
vermək lazım gələrsə, müxtəlif texnologiyaların
(İnternet, intranet kimi informasiya şəbəkələri,
CD-ROM, cib telefonu və s.) istifadə edilərək
bilikləri və öyrətmə materiallarının
istifadəçilərə çatdırılmasıdır. E-təhsil,
görüntülü və səsli ünsürlərlə zənginləşdirilmiş
öyrənmə mövzuları və bunları dəstəkləyən
müxtəlif testləri təqdim edə bilən, məsələ ilə
əlaqədar lazımi informasiyanın əldə edilməsini
asanlaşdıra bilən və ən önəmlisi interaktiv
şərait yarada bilən bir öyrənmə sistemidir.
Kompüterlərin informasiyanı səsli, görüntülü və
mətn əsaslı təqdim etməsi nəticəsində tələbələr
görərək, eşidərək və oxuyaraq öyrənə bilirlər.
Belə olanda hər öyrənmə qrupuna mənsub tələbəyə
uyğun bilik verilir və klassik sinif şəraitində
olduğundan daha uzunmüddətli bir öyrənmə həyata
keçirilir.
"Techonomy - 2010" konfransında çıxış edən Bill
Gates gələcək illər ərzində öyrənmə prosesinin
necə olacağına dair öz proqnozlarını irəli
sürərək qeyd etmişdir ki, "heç bir universitet
gələcəkdə tələbələrinə ehtiyac duyduğu tədris
qaynaqlarını öyrətməkdə İnternetlə yarışa
bilməyəcək. Gates universitet təhsilinin
gələcək beş il içində beşqat daha önəmsiz
olacağını, yeni e-təhsil dərs qaynaqlarını
gəncləri maarifləndirmədə önəmli rol
qazanacağını bildirmişdir.
Bill Gatesin fikrincə, e-təhsildə öyrədən və
öyrənən arasındakı ünsiyyət iki yolla aparıla
bilər:
Eyni vaxtda (sinxronizə): Öncədən müəyyən
edilən proqrama görə öyrədənlə öyrənən İnternet
vasitəsi ilə birbaşa ünsiyyət qurub təhsil
fəaliyyətlərini davam etdirə bilər. Əgər
öyrənənlərin sayı bir neçə olursa, görüntülü
konfrans keçirilə bilər. Hər iki halda da
ikitərəfli bir ünsiyyət və interaktivlik
yaranır.
Eyni zamanlı olmayan (asinxronizə) ünsiyyət:
Öyrənənin öz istədiyi zamanda CD-ROM istifadə
etməsi və ya təqdimatçı tərəfindəki sistemə
girməsidir. Hər iki halda da öncədən hazırlanmış
və öz içində qarşılıqlı təsirlənməsi olan
proqramların izlənə bilməsidir.
Dünya miqyasında e-təhsilin qət etdiyi miqyası
rəqəmlərin dili ilə qısaca olsa da ortaya
qoymağa çalışaq. International Data Corporation
(IDC) adlı qurumun verdiyi statistikaya görə,
bütün dünyada peşəiçi təhsil sektorunun rəqəmsal
həcmi 2004-cü ilin sonundan etibarən 60 milyard
dollara yaxındır və bunun 6,6 milyard dollarını
e-təhsil fəaliyyətləri təşkil etməkdədir.
E-təhsil bazarının 2012-ci ildə 50 milyard
dollara çatacağı təxmin edilir. ABŞ-dakı Phoneix
Online Universitetinin araşdırmasına görə,
ümumilikdə e-təhsil bazarı 2002-ci ildəki 10,3
milyard dollarlıq səviyyəsindən 2006-cı ildə
83,1 milyard dollara çatmışdır.
Ənənəvi təhsil məfhumunu, sənaye inqilabının ən
böyük kəşflərindən biri olan "fabrik" nişanı
təmsil edir. Beləcə müasir dərketmədə məktəb də
fabrik kimi istehsalçı bir qurum olaraq dərk
edilir. Təhsil məfhumunun ehtiva etdiyi bu yeni
"davranışlar nəzəriyyəsi" qısa zamanda bir sıra
davranış modelləri ilə həyata keçirilmişdir.
Fabrik simvolunun müasir məktəbə necə tətbiq
edildiyi aşağıdakı bir nümunə ilə izah edilir.
"Məktəb fabrik kimi nəzarət mərkəzində
təşkilatlanmış bir orqan olaraq nəzərdə tutulur.
Zəng zamanı, bərabər bölgüyə ayırır. Təxminən
bir saata yaxın müəllim suallar verir, şagirdlər
cavablandırır, zəng çalınır, kitablar səs-küylü
şəkildə bağlanır. Səs-küylə qarışıq danışıq və
gülüş səsləri sinifləri və dəhlizləri doldurur,
dəqiqələr keçir və başqa bir zəng çalınır,
izdiham yavaş-yavaş sıraların içinə yayılır,
sonra gülüş və danışıqlar, səssizlik,
"Yadınızdadırsa, keçən dərsimizdə..." Yeni bir
dərs başlamışdır.Təhsilə tətbiq etməyə çalışılan
fabrik anlayışı, məktəbi əmələ gətirən
komponentlərin (şagird-müəllim-idarəçi)
rollarına da təsir etmişdir. Bu anlayış sinif
içərisində müəllimi usta, şagirdi isə fəhlə
olaraq görməyimizə yol açır. Şagird, təsir
edilən, dinləyən, icazə verildikdə danışan,
həmişə nəzarətdə saxlanılan və əzbər gücü ilə
ölçülən bir öyrənçi rolunda çıxış edir. Müəllim
isə sinif adlandırılan müəyyən bir müddət
içərisində və onlara verilən proqram
çərçivəsində informasiya ötürən, əzbər
şablonları hazırlayan və onları ölçən (yəni
şagirdlərə verdiyinin nə qədərini geriyə
aldığını) müəyyən standartların xaricinə çıxa
bilməyən öyrədəndir.
Məktəb idarəçisi isə iyerarxik bir quruluş
içərisində məktəb idarəetməsinə (müəllim-şagird)
nəzarət edən, bürokratik işləri izləyən, müəllim
və şagirdlərə qarşı məsafəli, bir çox hallarda
yenilik əleyhdarı, dəyişikliyə müqavimət
göstərən, hər şeyi özünün bildiyini iddia edən
və "məktəb" adlı sistemi təkbaşına idarə etməyə
çalışan məktəbin rəhbəri mövqeyindədir.
Günümüzdə təhsilə hakim olan "davranışlar
nəzəriyyəsinə" zəmin hazırlayan bu fabrik
simvolundan yuxarıdakı rollara əlavə olaraq bir
sıra davranış örnək və nümunələri meydana
gəlmişdir. Bunların demək olar ki, hamısı bu gün
təhsil prosesinin əvəzolunmaz amilləri olaraq
görülən müxtəlif alətlərdir.
"Standartlaşdırılmış ölçmə testləri və
imtahanlar, fabrik silsiləvi istehsalından
qaynaqlanan silsilə istehsal və məhsul sayına
bənzər məzun və daha çox diplom, mərkəzi və
iyerarxik məktəb idarəsi, bürokratik məktəb
prosesi, növbəli sistemdən qaynaqlanaraq dəqiq
xətlərlə müəyyən edilmiş vaxt istifadəsi (məktəb
müddəti, dərs saatları, tənəffüs fasilələri),
fərdlər üçün başqaları tərəfindən düzənlənmiş
dəyişik təhsil növləri, təhsil pillələrinin
kəskin xətlərlə bir-birindən ayrılması müəyyən
bir sırada və nizamda bu mərhələlərdə yüksəlmə,
təhsil proqramlarının konkret cizgilərlə
müəyyənləşmiş olması bunlardan sadəcə
bəziləridir".
Türkiyənin məşhur təhsil tədqiqatçısı İrfan
Ərdoğan bu dəyərləndirmələri dəstəkləyərək
bunları irəli sürmüşdür:
"Mövcud təhsil paradiqmasının təşkilati quruluşu
sənaye inqilabının izlərini daşıyır. Məktəblər
hələ də sənayeyə əsaslanan cəmiyyətlərin
formalaşması nəticəsində meydana gələn
informasiya və bacarıq ehtiyacını təmin edir.
Yəni məktəblər hələ emalatxana kimi dərk
olunmaqda, bir aparat olaraq görülməkdədir".
Sənaye tipli quruluş məfhumu təhsil sisteminin
idarəvi quruluşuna da bilavasitə təsir edərək
mərkəzi, bürokratik və ağır işləyən
mexanizmlərlə hörülmüş bir nəzarət-idarəetmə
təşkilatı əmələ gətirmişdir. Təhsildə
keyfiyyətin inkişafı yerinə kəmiyyət
göstəriciləri müvəffəqiyyət sayılmış,
məktəblərdə "öyrətmə" məfhumunun yerini
"öyrənmə" anlayışı almışdır. Fərdə həyat
bacarıqları qazandırma prosesi olaraq ehtiva
edilən təhsil məfhumu daha dar, məhdud və
çərçivəli dəyərlər anlayışı kimi dərk
olunmuşdur. Beləliklə, əsrlər boyu
təhsil-tərbiyə işində, üzərində daha çox
düşünülən, çalışılan öyrənmək deyil, öyrətməyə
üstünlük verildiyini görürük.
Sənaye inqilabının və onun nəticəsində
formalaşan, mexaniki təhsil anlayışının vəzifə
və məsuliyyəti XX əsrin ilk yarısında özünü daha
qabarıq ehtiva edirdi . Fərdlərə oxuma, yazma,
hesab öyrətmək, yurdu, dünyanı tanıtmaq və
onları yaxşı bir vətəndaş olaraq yetişdirmə
vəzifəsini daşıyan təhsil sistemi yeganə bir
model hesab olunurdu. Ancaq 1970-ci ildən sonra
təhsil sadəcə, oxuma, yazma, hesab kimi bəzi
təməl sahələrdə vərdiş əldə etmə, bacarıq
qazanma formasından daha artıq məna kəsb etməyə
başladı. Bunun nəticəsi olaraq təhsil düşünmə,
yaşama zənginliyi təmin etmə hədəfinə yönəldi.
Nəticədə təhsildəki yuxarıda da bəhs edilən
ənənəvi paradiqmaların sıxışdırılması prosesinə
start verildi. Tək ölçüdən çox ölçüyə keçən və
müxtəlifləşən, informasiya və düşüncəni əsas
alan yeni təhsil paradiqması aşağıdakı
müqayisədə daha aydın bir şəkildə ifadə olunur.
|
Sənaye Cəmiyyəti Təhsil
Paradiqması |
İnformasiya Cəmiyyəti Təhsil Paradiqması |
Siniflərdə keçilən dərs |
Fərdi araşdırma |
Passiv mənimsəmə |
Şəyirdlik |
Yalnız çalışma |
Qrupla öyrənmə |
Hər şeyi bilən müəllim |
Rəhbər olan müəllim |
Dəyişməyən məzmun |
Sürətli dəyişən elastik məzmun |
Eynicinslilik |
Müxtəliflik |
|
|
XX əsr insanını XXI əsrdə daha böyük
dəyişikliklər gözləyir. Hətta bu dəyişikliklər
keçmişdəkindən elə fərqlənir ki, Gibsonun ifadə
etdiyi kimi, "Son otuz ildəki təcrübələrdən
çıxarılan dərs, heç kimin gələcəyə avtomatik
pilota bağlanmış kimi proqramlanmış bir şəkildə
gedə bilməyəcəyini göstərir".
Təhsildə gələcəyə yönəlik tələbatlar cədvəlində
də göstərildiyi kimi təhsilin məqsədinə,
öyrənmənin təbiətinə, elmi informasiyanın
dəyərinə dair ortaya çıxan yeni yanaşmalar
təhsilin çağdaş öhdəliklərini zəruri edir.
Burada əsas diqqət ediləcək odur ki, bizim də
əhatə olunduğumuz sənaye cəmiyyətinin təhsil
yanaşması müasir informasiya cəmiyyətinin
tələblərindən geri qalır. Bu səbəbdən inkişaf
etmiş ölkələrin təhsil sistemləri, məsələn,
Yaponiyada təhsilin bütün iştirakçıları ilə
birlikdə müzakirə edilir və islahatlar həyata
keçirilir.
Bu məsələdə İngiltərənin keçmiş baş naziri
Bleyerin bir fikri diqqəti cəlb edir:
"İngiltərənin XVIII əsrdə sərvəti torpaq idi.
XIX və XX əsrdə torpağın yerini fabriklər və
sərmayə aldı. XXI əsrdə isə sərvətimiz insan
olacaqdır. İnsan potensialını sərbəstləşdirməli,
istedadlara vurulmuş zəncirləri qoparmalıyıq".
İnformasiya toplumunun yeni istehsal şərtləri,
ictimai həyatın ənənəvi anlayışlarını
dəyişdirdiyi kimi təhsil anlayışında da
dəyişiklikləri zəruri etmişdir. Bu prosesdə
təhsilin ümumi hədəfi belə ümumiləşdirilə
bilər: Təhsil- İnsanda fərdi öyrənmə yolu ilə,
zehni imkanlarını inkişaf etdirməsi və dəyişən
mühit şəraitinə uyğunlaşa biləcəyi informasiya,
bacarıq və davranışları hər zaman yeniləməsi
üçün uyğun öyrənmə mühitinin yaradılması
prosesidir.
Cəsarət VALEHLİ,
İctimai televiziyanın "Açıq dərs" proqramının
moderatoru,
AMEA-nın doktorantı |