Mirzə
Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının
28-də Cənubi Azərbaycanın Sərab şəhəri
yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci
ildə anası və bacısı aclıqdan öləndən sonra
atası və böyük qardaşı ilə Bakıya gələn Mirzə
onları da itirib, dayısının himayəsində böyüyüb.
Yaşamaq üçün özgə qapılarında çalışıb,
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
fabrik-zavod şagirdliyi məktəbində, Neft sənaye
texnikumunda oxuyub, ali təhsil alıb. O, bədii
yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin
üzvlüyündən başlayıb. Onun "Qazılan buruq" adlı
ilk şeiri 1930-cu ildə "Aprel alovları"
məcmuəsində dərc olunub. Leninqradda
aspiranturanı bitirdikdən sonra Cəlil
Məmmədquluzadənin həyat və yaradıcılığı
mövzusunda namizədlik dissertasiyası müdafiə
edib.
İlk tənqidi, publisistik məqalələrini, hekayə və
oçerklərini ötən əsrin 30-cu illərində yazıb.
1932-ci ildə sosialist sənayesinin inkişaf
sürətini öyrənmək üçün Ukraynanın Donbas
şaxtalarında, Dnepropetrovsk sənaye
müəssisələrində olub, "Giqantlar ölkəsi"
oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq
şöbəsində təhsil aldıqdan sonra Naxçıvan MTS
siyasi şöbəsində "Sürət" qəzetinin redaktoru
(1933) vəzifəsinə göndərilib.
Mirzə
İbrahimov söz sənəti tariximizdə özünəməxsus
yeri olan yaradıcı şəxsiyyətlərdəndir. O,
Azərbaycan ədəbiyyatını "Həyat", "Madrid",
"Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam",
"Közərən ocaqlar" pyesləri, "Gələcək gün",
"Böyük dayaq", "Pərvanə" romanları, "Güləbətin",
"Fırtına quşu", "Xosrov Ruzbeh" povestləri,
"Cənub hekayələri" silsiləsi və s. əsərləri ilə
zənginləşdirib. "Böyük demokrat", "Həyat və
ədəbiyyat", "Azərbaycan dili", "Xəlqilik və
realizm cəbhəsindən", "Aşıq ədəbiyyatında
realizm" kimi tədqiqat əsərlərinin müəllifidir.
Vilyam Şekspirin "Kral Lir", "On ikinci gecə",
Molyerin "Don Juan", Anton Çexovun "Üç bacı"
pyeslərini, Nikolay Qavriloviç Çernışevskinin
"Nə etməli" romanını və digər əsərləri
Azərbaycan dilinə tərcumə edib.
Böyük Vətən müharibəsi illərində sovet ordusu
sıralarında İranda olub, müşahidələr aparıb,
"Vətən yolunda" qəzetinin redaktoru kimi
fəaliyyət göstərib. Topladığı fakt və apardığı
müşahidələr əsasında bir sıra dəyərli əsərlərini
qələmə alıb. Onun tarixi mövzuda yazdığı
"Pərvanə" romanı ədəbiyyatşünaslıqda xüsusilə
yüksək dəyərləndirilir.
1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. O, dəyərli
tədqiqat əsərləri ilə yanaşı, həm də Xaqani
Şirvani, Səməd Vurğun, İsmayıl Şıxlı və başqa
sənətkarlar barədə sanballı məqalələrin
müəllifidir.
Mirzə İbrahimov 1942-1946-cı illərdə xalq
maarifi komissarı vəzifəsində çalışıb.
Böyük Vətən müharibəsi illərində xüsusən
humanitar və ictimai fənlərin məzmunu
səfərbərlik ruhunda, vətənpərvərlik kontekstində
dəyişdirilmişdi. Dərslik, dərs vəsaitləri
çatışmırdı. Bu problemlərin həlli istiqamətində
əməyini əsirgəməyən Mirzə İbrahimov müharibədən
bir il sonra Azərbaycan müəllimlərinin VI
qurultayında (26-28 avqust 1946-cı il)
respublika məktəblərində təlim-tərbiyənin
keyfiyyətini yaxşılaşdırmaq haqqında məruzə ilə
çıxış etmişdi. Akademik Mirzə İbrahimov
məruzəsində respublika məktəblərində
təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq
haqqında fikirlərini söyləyərək, müharibənin od
və alovları içərisində xalq müəlliminin fədakar
əməyinin özünü göstərdiyini vurğulamış, ümumi
icbari təhsil qanununun yerinə yetirilməsi
sahəsində vəziyyəti faktlarla nəzərə
çatdırmışdı. "Balalarımızı başdan-başa savadlı
etmədən, əsl elm və mədəniyyət yoluna çıxarmadan
xalqımızın və Vətənimizin gələcəyini təmin edə
bilmərik, əsrlə ayaqlaşa bilmərik: həyat və
mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa
bilməyənləri kənara atır", - deyən xalq maarifi
komissarı müşahidələrini belə ümumiləşdirib:
"İşi elə qurmaq, elə bir ilham və ürəklə uşağa
yaxınlaşmaq lazımdır ki, o, dərsə getmədikdə,
məktəbdən ayrıldıqda darıxsın, ürəyi sıxılsın.
Bunun üçün də xadimədən tutmuş mühasibə qədər
bütün məktəb işçilərində və birinci növbədə,
müəllimdə məhəbbətlə dolu bir ürək və heç zaman,
hətta gündəlik işlərin adiliyi altında belə
sönməyən bir ilham lazımdır". Məruzədə
imtahanların yekunları, təhsilin keyfiyyəti
məsələləri də təhlil olunub, müəllimlərin
ixtisası, pedaqoji elmlərin tədqiqi problemləri,
məktəbə rəhbərlik və məktəb müfəttişlərinin
vəzifə səlahiyyətləri kimi motivlər belə
nəzərdən qaçırılmayıb.
Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə
İbrahimovun maarif işçiləri qarşısındakı məruzə
və çıxışları, mətbuatda dərc olunmuş məqalələri
öz elmi dəyərini, aydın ideya istiqamətini hər
vaxt saxlayan qiymətli nümunələrdir. Maarif
işindən ayrıldıqdan sonra da müntəzəm olaraq
müəllim və onun əməyi, məktəb və onun müqəddəs
vəzifəsi, ana dilinin tədrisi və öyrənilməsi,
şəxsiyyətin mərifəti barəsində mülahizələr
söyləyib, pedaqoji mətbuat səhifələrində
vaxtaşırı çıxışlar edib.
Akademik Mirzə İbrahimov Azərbaycan tarixini,
Azərbaycan pedaqoji dəyərlərini yaxşı bilən alim
kimi klassik pedaqoji fikrin ənənələrini davam
və inkişaf etdirərək, "təlim-tərbiyə insanı
xeyirxah etməlidir" - hikmətli kəlamını
vurğulayaraq hər kəs üçün bu işin hələ
uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun
qənaətinə görə, "insanın vətənpərvərlik duyğusu,
ürəyində kamil vətəndaş olmaq üçün qüdrətli və
ehtiraslı bir arzu və meylin oyanması" təlim və
tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.
Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin
görkəmli nümayəndəsi, ilk "Pedaqogika"
dərsliyinin müəllifi, məşhur müdərris, Ordubadda
"Əxtər", Naxçıvanda "Tərbiyət" məktəblərinin
banisi Məhəmməd Tağı Sidqinin məktəbin
vəzifələri haqqında dediyi fikirləri daha da
inkişaf etdirərək yazır: "Şagirdin yalnız məktəb
divarları arasında deyil, məktəbdən xaricdə,
evdə, ailədə, küçədə, qonşuda və həyətdə də
məktəbli olduğu, məktəb təlim və tərbiyəsi
gördüyü bilinməlidir. Nəcib hərəkətləri,
oturuşu, duruşu, sual və cavabları, aydın və
təmiz danışığı, parlaq və düzgün anlayışından
onun məktəbli olduğunu, yaxud məktəb təlim və
tərbiyəsi gördüyünü hər kəs sezməlidir".
Mirzə İbrahimov sələflərindən daha irəli gedərək
işlədiyi illərdə əsl pedaqoji yenilik olan və
hazırda təlim-tərbiyə işində əsas sayılan
tələblər irəli sürüb. Bunlar şagirdlərə
müstəqillik və idrakını inkişaf etdirmək,
müqayisə edə bilmək, nəticə çıxarmaq, biliyini
tətbiq etmək bacarıqlarının aşılanmasıdır. Mirzə
İbrahimov "uşağın şüurunu hərəkətə gətirməyi,
ona düşünməyi, mühakimə ilə iş görməyi
öyrətməyi" məktəbin və müəllimin əsas vəzifəsi
hesab edirdi. Çünki uşaq yaşına görə özünün və
başqalarının hərəkətinə xeyirli və zərərli,
lazımlı və lazımsız olması nöqteyi-nəzərindən
qiymət verməyə alışdırılmalıdır. Mirzə İbrahimov
qeyd edirdi ki, məktəb uşaqlarda insan həyatının
yaradıcısı olan əməyə qarşı müqəddəs bir
məhəbbət və etiqad oyatmalı, onda çalışmaq, həm
də səmərəli çalışmaq vərdişi tərbiyə etməli,
şagirdlərə həqiqi bilik verməli, uşaqların
hərtərəfli, ahəngdar inkişafını təmin etməli,
əsl vətənpərvərlər, vətəndaşlar yetişdirməlidir.
Mirzə İbrahimovun xalq maarifinin təşkili və
idarə edilməsi sahəsindəki fəaliyyəti, zəngin
pedaqoji fikirləri maarif və pedaqoji fikrimizin
inkişafında mühüm yer tutur. O, dünya pedaqoji
fikrinin görkəmli nümayəndələrinin irsini
diqqətlə öyrənib, mütərəqqi nə varsa, onu
müasirlik ruhu ilə Azərbaycan pedaqogikasına
gətirməyə çağırıb. Mətbu çıxışlarında tez-tez
antik pedaqogikaya, Henrix Pestalotsi,
Konstantin Dmitriyeviç Uşinski, Həsən bəy
Zərdabi, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq və
Məhəmməd Hadinin əsərlərinə müraciət etməsi onun
ən yaxşı pedaqoji ənənələri, fikirləri yaşatmaq
və inkişaf etdirmək meyli ilə bağlıdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
(1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədri (1954-1958), Azərbaycan
Yazıçılar İttifaqı İdarə Heyətinin sədri
(1946-1954), birinci katibi (1965-1975), SSRİ
Yazıçılar İttifaqı İdarə Heyətinin katibi
(1965-1975), Asiya və Afrika ölkələri ilə Sovet
Həmrəylik Komitəsinin sədri olub. Azərbaycanın
xalq yazıçısı (1961), SSRİ (1950) və Azərbaycan
SSR Dövlət mükafatı laureatı (1965), əməkdar
incəsənət xadimi (1941), Beynəlxalq Nehru
mükafatı laureatı (1979) Mirzə İbrahimov Lenin
(iki dəfə), "Oktyabr inqilabı", "Qırmızı Əmək
Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif
edilib. Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali
Sovetinə deputat seçilib. 1981-ci ildə Sosialist
Əməyi Qəhrəmanı adına layiq görülüb.
1993-cü ildə vəfat edən görkəmli yazıçı,
dramaturq, alim, ictimai və dövlət xadimi Mirzə
İbrahimov Fəxri xiyabanda dəfn olunub. |
|