Azərbaycan
tarix elminə ağır itki üz vermişdir. Görkəmli
təhsil işçisi, əməkdar elm xadimi, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünə
layiq görülmüş, Azərbaycan Dövlət Neft
Akademiyasının professoru İsaq Mustafa oğlu
Məmmədov ömrünün 87-ci ilində vəfat etmişdir.
Professor İsaq Mustafa oğlu Məmmədov 1925-ci il
martın 24-də Qubadlı rayonunun Qaracalı
kəndində tanınmış təsərrüfatçı Mustafa
kişinin ailəsində anadan olmuşdur. Onun atası,
bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan
Mustafa kişi repressiyanın qurbanı olmuş,
balaca İsaq atasız yaşamış, anasının və yaxın
qohumlarının himayəsində böyümüşdür. O, 1942-ci
ildə kənd orta məktəbini və Şuşa pedaqoji
kurslarını bitirərək doğma kəndindəki natamam
orta məktəbdə müəllimlik etmiş, dərs hissə
müdiri vəzifəsində çalışmış, kənd sovetinin
katibi işləmişdi.
Təhsilə və elmə maraq göstərən İsaq
Məmmədov 1944-cü ildə bütün təqiblərə
baxmayaraq çox çətinliklə Bakı Dövlət
Universitetinin tarix fakültəsinə daxil olaraq,
fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur.
Xeyirxah insanların köməyi ilə xalq düşməninin
oğlu 1949-cu ildə aspiranturaya qəbul
edilmişdi. O, 1952-ci ildə təhsilini başa
vurduqdan sonra bu təhsil müəssisəsində
müəllim vəzifəsinə təyin edilmiş və beləliklə,
istedadlı gəncin həyatında yeni dövr
başlamışdı. İsaq Məmmədov BDU-da 1955-ci ildə
namizədlik, 1974-cü ildə doktorluq
dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə
professor adını almışdı.
Ömrünün 30 ilini BDU-ya həsr etmiş İsaq Məmmədov
burada görkəmli alimlərin əhatəsində böyük
həyat yolu keçmiş, qayğıkeş müəllim və
istedadlı tədqiqatçı kimi formalaşmış,
assistentdən professora qədər ucalmışdır.
Respublika miqyasında görkəmli pedaqoq və
məhsuldar tədqiqatçı kimi tanınan İsaq
Məmmədov 1977-1978-ci illərdə Azərbaycan Dövlət
Tibb Universitetində kafedra müdiri,
1978-1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji
Universitetinin rektoru, daha sonra 10 il
ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən
ömrünün sonuna qədər kafedranın professoru
vəzifəsində işləmişdi.
Professor İsaq Məmmədov peşəsinə sadiq,
qayğıkeş pedaqoq, məhsuldar tədqiqatçı,
prinsipial, pak insan kimi respublikanın elmi
ictimaiyyətinin dərin hörmətini və məhəbbətini
qazanmışdı. Bu məhəbbətin, hörmətin əsasında
yüksək məsuliyyət, tələbkarlıq, peşəkarlıq,
prinsipiallıq, obyektivlik, yenilik hissi,
müasirlik duyumu, yüksək mədənilik kimi
insani keyfiyyətlər dayanırdı.
Professor İsaq Məmmədov görkəmli pedaqoq və
tədqiqatçı alim kimi ad-san qazanmışdı. O, 200-ə
qədər elmi məqalənin, "Qəhrəmanlıq tarixindən
səhifələr", "Unudulmaz rəşadət", "İnqilabi
ənənələr və gənclik", "Ənənələr tərbiyə edir"
kitablarının, "XX əsrdə ümumdünya tarixi
proseslər", "Azərbaycan tarixi", "Yeni tarix",
"Ümumdünya ictimai prosesləri", "Təlatümlü illər"
və "Siyasi tarix" dərslikləri və dərs
vəsaitlərinin müəllifi idi. O, 15 elmlər
namizədi yetişdirmiş, onlarla doktorluq
dissertasiyasının opponenti olmuşdur. Elm
sahəsində böyük xidmətlərinə görə professor
İsaq Məmmədov 1981-ci ildə Azərbaycan
Respublikası Ali Soveti Rəyasət Heyətinin
fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına
layiq görülmüşdü. O, çoxsaylı İttifaq və
respublika miqyaslı elmi konfransların
iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdi.
Professor İsaq Məmmədov respublikamızın ictimai
həyatında fəal iştirak etmiş, 1980-1985-ci
illərdə Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin deputatı seçilmiş, Naxçıvan şəhər
rəhbər orqanlarının, müxtəlif müdafiə
şuralarının üzvü kimi fəaliyyət göstərmişdir.
Həyatın çətin və ağır sınaqlarına sinə gərən,
möhkəm iradəli, mətinliyi, söz bütövlüyü,
tələbkarlığı, həssaslığı, qayğıkeşliyi, elmi
istedadı ilə fərqlənən, həyatının mənasını
insanlara yaxşılıq etməkdə görən, sadə, səmimi,
mehriban, yüksək mənəviyyatlı insan kimi tanınan
professor İsaq Mustafa oğlu Məmmədov əbədi
olaraq Azərbaycanın elmi ictimaiyyətinin
xatirində yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Dövlət Neft Akademiyası |
|