Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva sentyabrın 7-də Xəzər
rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta
məktəbin binasında aparılan əsaslı təmir və
yenidənqurma işlərinin ümumi vəziyyəti ilə tanış
olmuşlar.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında məktəb binalarının əsaslı təmir və
yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə
tutulmuş tədbirlər planına uyğun olaraq
paytaxtın orta ümumtəhsil məktəblərinin
binalarında əsaslı təmir və yenidənqurma işləri
davam etdirilir. Dövlət Proqramına əsasən məktəb
binalarında təmir işləri ilə yanaşı, ehtiyacı
olan təhsil ocaqları üçün əlavə sinif
otaqlarının, idman və akt zallarının, yeni
korpusların inşası və lazımi avadanlıqla
təchizatı da nəzərdə tutulub.
Prezident
İlham Əliyevə 92 nömrəli orta məktəb binasında
həyata keçirilən təmir və yenidənqurma işləri
ilə bağlı məlumat verildi. Bildirildi ki,
ikimərtəbəli məktəb binası 1969-cu ildə
istifadəyə verilib. 480 şagird yerlik orta
məktəbdə birinci növbədə 436 şagird oxuyur.
İkinci növbədə isə Laçın rayonunun Malıbəy
kəndindən olan 80 şagird təhsil alır. Dövlət
Proqramına uyğun olaraq həyata keçirilən təmir
işləri zamanı məktəb binası tamamilə müasir
səviyyədə yenidən qurulub, ikinci mərtəbədə
əlavə 6 sinif otağı tikilib, siniflər yeni
partalarla təmin edilib, qapı və pəncərələr
dəyişdirilib, döşəmə əsaslı şəkildə yenidən
qurulub, tavan tam bərpa edilib. Məktəbdə müasir
istilik sistemi quraşdırılıb.
Dövlət
başçısı yeni qazanxananın qış mövsümünə qədər
tikilib işə salınması,
o cümlədən məktəbin elektrik enerjisi və qazla
təchiz edilməsi ilə bağlı tapşırıqlar verdi.
92 nömrəli
məktəbin həyəti abadlaşdırılıb, asfalt örtüyü
dəyişdirilib. Məktəbin yerləşdiyi küçəyə yeni
asfalt örtüyü döşənib, ətrafında yaşıllıq
zolaqları salınıb.
Qeyd edək ki,
dövlət başçısı şagirdlərin rahat gediş-gəlişini
təmin etmək üçün məktəbə avtobus hədiyyə edib.
Həyata
keçirilən əsaslı təmir və yenidənqurma işləri
ilə yaxından tanış olan Prezident İlham Əliyev
məktəbin yaxınlığındakı ərazidə şagirdlərin və
qəsəbə sakinlərinin istifadəsi üçün yeni idman
kompleksinin inşa olunması ilə bağlı tapşırıqlar
verdi.
AzərTAc |