GİRİŞ
Məktəbəqədər
təhsilin əhəmiyyəti və rolu. Məktəbəqədər təhsil
uşaqların intellektual, fiziki və psixoloji
inkişafında, potensial imkanlarının üzə
çıxarılmasında, məktəbə hazırlanmasında, sadə
əmək vərdişlərinə yiyələnməsi, istedad və
qabiliyyətlərinin üzə çıxarılması, sağlamlığının
qorunması və estetik inkişafında, müstəqillik,
yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin,
hisslərin və həyati bacarıqların formalaşmasında
mühüm rol oynayır. Həyatının ilk illərində
fiziki və psixi, idraki, sosial, kommunikativ,
estetik inkişafın düzgün təşkilində, uşaqların
məktəbə hazırlanması sahəsində məktəbəqədər
təhsil müəssisələrinin üzərinə böyük vəzifələr
düşür. Məktəbəqədər yaş uşağın fəal
sosiallaşması, böyüklər və yaşıdları ilə daha
çox ünsiyyət qurması, mədəni vərdişləri
mənimsəməsi, mənəvi və estetik hisslərin
oyanması dövrüdür. Uşaq bağçası da, öz
növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı
harmoniyasını təmin etməyə, xeyirxah hisslər
oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə
nail olmağa qadirdir. Uşağın sosial fəallığı
cəmiyyət tərəfindən qəbul edilmiş mədəni
ənənələrə uyğun olaraq ətraf aləmə münasibətini
ifadə etməyə can atmasında yaranır. Bunların da
əsası məktəbəqədər müəssisələrdə qoyulur. Məhz
bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin
təsəvvürlər, təfəkkür elementləri formalaşır,
ətraf aləmin hadisələri, sadə qanunları və
qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri
müəyyənləşdirmək və əldə edilmiş bilikləri
praktik fəaliyyətdə müstəqil tətbiq etmək
bacarığı yaranır. Uşaqlar prosesləri
(obyektləri) müqayisə etmək, ümumiləşdirmək,
qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə
çıxarmaq kimi bacarıqlara yiyələnirlər.
Uşaq
şəxsiyyətinin inkişafı üçün şəraiti yaradan
sosial mühitdə ünsiyyətin rolu böyükdür.
Ünsiyyət prosesində maddi və mənəvi dünyanın,
təbiət, əşya və sosial aləmin dərk olunması,
şəxsiyyətlərarası münasibətlərin inkişafı,
emosional və iradi mədəniyyətin təşəkkül tapması
baş verir. Ünsiyyət yeni sosial mühitə
uyğunlaşmaya, komfortu hiss etməyə imkan
yaradır. Bunun üçün müvafiq bacarıqların
mənimsənilməsi zəruri hesab edilir. Kommunikativ
bacarıqlara nail olmaq uşağın sosial vəziyyətini
yaxşılaşdırır: digərini başa düşüb qəbul etməyə,
məlumat verməyə, hisslərini ifadə etməyə,
bütövlükdə nitq inkişafına imkan yaradır. İlkin
qazanılan bacarıq və vərdişlər, milli mənəvi
keyfiyyətlər şəxsiyyətin həyat mövqeyini
müəyyənləşdirir. Müasir təhsil modelində
məktəbəqədər təhsilə ümumi təhsilin birinci
pilləsi, uşaqların məktəb təliminə
müvəffəqiyyətlə hazırlığı üçün bərabər
imkanların yaradılmasının əsası kimi baxılır.
Bu yaş
mərhələsində uşaqlar nəinki bütün uşaqlar üçün
ümumi olan xarakter cizgiləri, həm də xüsusi,
fərdi psixi və davranış xüsusiyyətləri
qazanırlar. Məktəbəqədər yaş dövründə uşaqlarda
hərəkətliliyə tələbat güclənir, operativ hafizə
inkişaf edir, hərəkətlərin dəqiqliyi, uyğunluğu,
ayrılmazlığı yaranır. Bütün hərəki fəaliyyətlər
dərk olunur, dinamik və məqsədyönlü xarakter
daşıyır. Fiziki və idraki çalışqanlıq artır.
Xarakter, əqli və iradi keyfiyyətlər, motiv
formalaşır.
Məktəbəqədər təhsilin məqsəd və vəzifələri.
Məktəbəqədər təhsil pilləsində uşaqların təhsil
alması, təlim-tərbiyə işinin daha səmərəli,
tələblərə müvafiq qaydada qurulması tələb
olunur. Bu zaman psixologiya, pedaqogika,
sosiologiya və digər elmlərin nailiyyətlərinə,
milli mədəniyyətə, adət-ənənələrə, eləcə də
müasir dünya təcrübəsinə istinad olunması zəruri
hesab edilir. Bunlarla yanaşı, uşaqların ümumi
inkişafı, onların şəxsiyyətinin
formalaşdırılması, təlim-tərbiyənin
səmərəliliyinin artırılması, inkişaf və
davranışda baş verə biləcək ləngimələrin,
pozuntuların aradan qaldırılması, "uşaq-uşaq",
"tərbiyəçi-uşaq", "valideyn-tərbiyəçi"
münasibətlərinin, eləcə də kollektivdə
qarşılıqlı münasibətlərin düzgün qurulması mühüm
istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.
Məktəbəqədər
təhsilin məqsədi uşağın fiziki, psixi,
emosional, sosial və intellektual potensialının
inkişafı üçün şərait yaratmaq, uşaqların sadə
əmək vərdişlərinə yiyələnməsini təmin etmək,
uşaqlarda məntiqi və yaradıcı təfəkkürün ilkin
elementlərini formalaşdırmaq və istedadlı
uşaqların erkən yaşdan üzə çıxarılmasını təmin
etməkdən ibarətdir.
Bu məqsədin
reallaşdırılması üçün aşağıdakı vəzifələrin
həyata keçirilməsi nəzərdə tutulur:
*
ailədə və məktəbəqədər müəssisələrdə uşaqların
təhlükəsizliyinin qorunması;
*
uşaqlarda sağlam həyat tərzinə aid müvafiq
bacarıq və vərdişlərin formalaşdırılması;
*
uşaqların fiziki, psixi, emosional, intellektual
inkişafının təmin edilməsi;
*
uşaqlarda Vətənə məhəbbət, millətinə, dilinə,
dininə, dövlət rəmzlərinə, Azərbaycan xalqının,
həmçinin digər xalqların milli mənəvi
dəyərlərinə hörmət hissinin yaranması və
inkişafı;
*
uşaqlarda şəxsiyyətin formalaşması;
*
uşağın tələbat və maraqlarının müəyyən edilməsi,
inklüziv təhsildə bu amillərin nəzərə alınması;
*
uşaqların məktəb təliminə hazırlanması.
Məktəbəqədər təhsilin kurikulumunun hazırlanması
və onun xarakterik cəhətləri. Məktəbəqədər təhsilin kurikulumu şəxsiyyətyönümlü
xarakter daşıyır. Bu sənəddə məktəbəqədər yaşlı
uşaqların ilkin həyati bacarıq və vərdişlərə
yiyələnməsinə üstünlük verilir. Onların bir
şəxsiyyət kimi formalaşmasının bünövrəsi
qoyulur. Ən zəruri bacarıq və qabiliyyətlərin
yaradılması istiqamətində iş aparılır.
Məktəbəqədər
təhsilin kurikulumu inteqrativ məzmuna
malikdir. Orada müəyyən olunmuş nəticələr həyati
bacarıq və vərdişləri ehtiva etməklə daha ümumi
xarakter daşıyır. Uşaqların idrak, hissi və
psixomotor bacarıqlarının inkişafına yönəldilir.
Kurikulumun inteqrativ məzmunda hazırlanması
uşaq bağçalarında keçirilən məşğələlərin sayının
azaldılmasına, uşaqların zəruri bilik, bacarıq
və vərdişlər qazanmalarına və uşaq şəxsiyyətinin
formalaşması üçün lazım olan praktik işlərin
həyata keçirilməsinə imkan yaradır. Kurikulumda
məzmuna uyğun müvafiq strategiyalar verilir.
Gözlənilən nəticələrin əldə olunması üçün
inteqrativliyin nəzərə alınması və
strategiyalardan istifadə olunması faydalı hesab
edilir. Uşaqların bir şəxsiyyət kimi fəaliyyətə
cəlb edilməsi, onun meyil və maraqlarının nəzərə
alınması, uşaqlar və böyüklərlə əməkdaşlığı,
yaradıcı və təşəbbüskarlığı xüsusi olaraq nəzərə
alınır.
Məktəbəqədər
təhsilin kurikulumu həm də nəticəyönümlüdür.
Onun məzmunu nəticələr formasında ifadə
edilmişdir. Nəzərdə tutulmuş bütün bilik və
fəaliyyətlər həmin nəticələrdə əhatə olunmuşdur.
Nəticəyönümlülük son nəticəni görməyə, əldə
olunacaq nailiyyətləri əvvəlcədən təsəvvür
etməyə imkan verir. Bu isə uşaqların inkişafını
müşahidə etmək, istiqamətləndirmək və
qiymətləndirmə aparmaq baxımından
əhəmiyyətlidir.
Məktəbəqədər
təhsilin kurikulumu eyni zamanda uşaqyönümlü
sənəddir. Məzmun xətləri üzrə bütün nəticələr
uşaqlara, onların inkişafının izlənilməsinə
yönəldilmişdir. Məktəbəqədər təhsilin kurikulumu
hazırlanarkən uşaq fəaliyyətinin təmin olunması
və formalaşması, onun bir subyekt kimi inkişaf
etməsi üçün müvafiq təhsil şəraitinin
yaradılması nəzərə alınmışdır.
Məktəbəqədər
təhsilin kurikulumu hazırlanarkən aşağıdakı
prinsiplər əsas götürülmüşdür:
*
şəxsiyyətyönümlülük;
*
hər bir uşağın inkişafı üçün bərabər şəraitin
yaradılması;
*
nəticəyönümlülük;
*
inteqrativlik;
*
tələbyönümlülük;
*
millilik və dünyəviliyin nəzərə alınması;
*
uşaqların məktəb təliminə hazırlanmasının
zəruriliyi.
I.Məktəbəqədər təhsilin məzmunu
1.1.Ümumi
təlim nəticələri
Məktəbəqədər təhsil pilləsinin sonunda uşaq:
*
Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə
yetirir.
*
Qidalanma və sanitar-gigiyena qaydalarına əməl
edir.
*
Böyük, kiçik və hissi motor hərəkətlərini
koordinasiya edir.
*
Təhlükəsizlik qaydalarına əməl edir.
*
Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq
etiketlərindən istifadə edir.
*
Sadə təfəkkür əməliyyatları yerinə yetirir.
*
Əşya və hadisələri sadə şəkildə izah edir,
fərziyyələr irəli sürür.
*
Vətən haqqında sadə təqdimatlar edir.
*
Özündən kiçiklər, həmyaşıdları və böyüklərlə
ünsiyyət qurur.
*
Hörmət (münasibət) və dözüm (tolerantlıq)
nümayiş etdirir.
*
Sadə əmək bacarıqları nümayiş etdirir.
*
Sadə bədii yaradıcılıq qabiliyyətləri nümayiş
etdirir.
1.2. Məzmun
xətləri və ona aid təlim nəticələri
Fiziki
inkişaf, sağlamlıq və təhlükəsizlik
Məktəbəqədər
təhsil müəssisələrində uşaqların fiziki
inkişafi, sağlamlığının qorunması və
təhlükəsizliyi təmin olunur. Sağlamlığın
möhkəmləndirilməsi, orqanizmin müqavimət
qabiliyyətinin yüksəldilməsinin əhəmiyyəti
haqqında anlayışlar yaradılır. Uşağın hərtərəfli
inkişafı üçün daha səmərəli vasitələrin müəyyən
edilməsi, gigiyenik tələblərə cavab verən
şəraitin yaradılması (qüvvətli qida, düzgün
təşkil edilmiş rejim, fiziki mədəniyyət
məşğələləri və s.), bunların qarşılıqlı əlaqədə
olmaları, düzgün qamət, hərəkət texnikası,
hərəkətli oyunların qaydaları, eləcə də hərəkət
vərdişləri ilə yanaşı, uşaqlarda fiziki
keyfiyyətlərin inkişaf etdirilməsi təmin olunur.
Təhlükə və
çətinliklərə hazırlıq, yol hərəkəti qaydaları,
ekstremal vəziyyətlərdə və təhlükəli
situasiyalarda necə hərəkət etmək haqqında ilkin
təsəvvürlərin formalaşdırılmasına, məişətdə
ehtiyatlı, küçədə mədəni davranmaq, təbii
hadisələr və yanğın zamanı müraciət qaydalarının
mənimsənilməsinə, ekoloji mədəniyyətin
formalaşdırılmasına imkan yaranır.
Ümumi nəticələr
Uşaq:
*
sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə
yetirir;
*
qidalanma və sanitar-gigiyena qaydalarına əməl
edir;
*
böyük, kiçik və hissi motor hərəkətlərini
koordinasiya edir;
*
təhlükəsizlik qaydalarına əməl edir.
İdrak
fəaliyyəti
Məktəbəqədər
yaşlı uşaqlarda idrakın inkişafı onlarda
öyrənməyə həvəs və maraq formalaşdırır.
Məktəbəqədər yaşlı uşağın idrak fəaliyyətində
sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat
şəraitinə uyğunluq mühüm şərt hesab olunur.
Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı
baxımından, ilk növbədə, sadə danışıq dilinə və
rabitəli nitqə yiyələnir, ətrafdakılarla
ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi
öyrənir. Uşaqlar təmasda olduqları əşyaların
adlarını, əlamətlərini, necə hərəkət etməsini
düzgün ifadə edir, bu istiqamətdə məntiqi
mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr
aparmaq, əqli nəticəyə gəlmək qabiliyyəti
nümayiş etdirir. İdrak üzrə uşağın yerinə
yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə
yürüdə bilmək bacarıqlarını, intuisiyasını,
məkan və zaman haqqında təsəvvürlərini
genişləndirir. Riyazi tapşırıqların həlli zamanı
uşaqlarda induksiya və deduksiya, ümumiləşdirmə
və konkretləşdirmə, analiz və sintez, təsnifetmə
və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya
kimi mühakimə qabiliyyətləri inkişaf edir.
Ümumi nəticələr
Uşaq:
*
nitqi dinləyib anlayır, rabitəli danışır və nitq
etiketlərindən istifadə edir;
*
sadə təfəkkür əməliyyatları yerinə yetirir;
*
əşya və hadisələri sadə şəkildə izah edir,
fərziyyələr irəli sürür;
*
vətən haqqında sadə təqdimatlar edir.
Kommunikativ fəaliyyət
Özündən
kiçiklər, həmyaşıdları və böyüklərlə səmərəli
ünsiyyət uşaqda kommunikativ qabiliyyətlərin
inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir,
şəxsiyyətin ahəngdar inkişafını təmin edir.
Uşağın yaşıdları ilə ünsiyyəti başqa uşaqların
hərəkətlərini qiymətləndirməyə, öz
fəaliyyətlərini başqa adamların fəaliyyəti ilə
uyğunlaşdırmağa kömək edir. Bu əlaqələr
zəminində uşaqda özünütanıma və
özünüqiymətləndirmə sürətlənir, yaradıcılıq
potensialının üzə çıxmasına imkan yaranır.
Ümumi nəticələr
Uşaq:
*
özündən kiçiklər, həmyaşıdları və böyüklərlə
ünsiyyət qurur;
*
hörmət (münasibət) və dözüm (tolerantlıq)
nümayiş etdirir;
*
sadə əmək bacarıqları nümayiş etdirir.
Estetik
inkişaf
Məktəbəqədər
təhsil ətraf aləmin gözəlliklərini duymaq,
estetik cəhətdən qavramaq və müvafiq bədii
nümunələr yaratmaq üçün ilkin pillədir. Bu
sahədə aparılan işlər estetik tərbiyənin
vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı
uşaqların estetik inkişafı onların yaradıcılıq
qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə
məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin və
zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin
inkişafını təmin edir. Təsviri fəaliyyətdə
rənglər və formaların yeni birləşməsi,
quraşdırma prosesində müxtəlif modellərin
qurulması, yeni hekayə və nağılın, musiqi
fəaliyyətində sadə melodiyanın dinlənilməsi,
mahnının və uşaq musiqi alətlərində ifa
məktəbəqədər yaşlı uşaqların estetik inkişafına
kömək edir. Uşaqlarda ətraf aləmin
gözəlliklərini düzgün qiymətləndirmək bacarığı
təşəkkül tapır.
Ümumi nəticələr
Uşaq:
*
elementar təsviri bacarıqlar nümayiş etdirir;
*
musiqi üzrə sadə bacarıqlar nümayiş etdirir;
*
sadə bədii yaradıcılıq bacarıqları nümayiş
etdirir.
1.3. Yaş
qrupları üzrə məzmun standartları
ORTA QRUP
(3-4 YAŞ)
1. Fiziki
inkişaf, sağlamlıq və təhlükəsizlik
Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə
yetirir.
1.1.1. Gün
rejimi üzrə sadə hərəkətləri (gimnastika, oyun,
məşğələ, gəzinti, yemək, yuxu) yerinə yetirir.
1.1.2.
Orqanizmin möhkəmləndirilməsi prosedurlarından
normalara1
uyğun istifadə edir.
1.1.3. Sadə
özünəxidmət hərəkətlərini (soyunmaq, geyinmək,
yemək, yuyunmaq) yerinə yetirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına əməl
edir.
1.2.1. Masa
arxasında mədəni davranış qaydalarına (yemək
dəstlərindən-qaşıqdan istifadə etmək; yeyərkən
danışmamaq; yeməyi ağzı bağlı çeynəyib udmaq)
əməl edir.
1.2.2. Şəxsi
mədəni gigiyena qaydalarına (sabundan düzgün
istifadə etmək; əlini, üzünü, qulağını səliqəli
yumaq və qurulamaq; daraq, burun dəsmalı və ya
salfetdən istifadə etmək) əməl edir.
1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini
koordinasiya edir.
1.3.1. Əsas
hərəkətləri (yeriş və yürüş hərəkətlərini icra
etmək; müxtəlif istiqamətlərə uzununa və
maneələrin üstündən hoppanmaq; tirin üstü ilə
yerimək və iməkləmək; hərəkətləri yerinə
yetirərkən müvazinətini saxlamaq; topu, kürəciyi
bir-birinə tərəf diyirlətmək və atmaq) yerinə
yetirir.
1.3.2.
Fəaliyyət zamanı hərəki qabiliyyətlər2
nümayiş etdirir.
1.3.3. Əşyanı
(karandaş, flamaster, plastilin, fırça, top və
oyuncaqları) barmaqları arasında düzgün
saxlayaraq şəkil çəkmə, yapışdırma, quraşdırma,
atıb-tutma kimi hərəkətləri sadə tərzdə yerinə
yetirir.
1.3.4.
Müxtəlif məsafələrdə olan əşyaları sensor və
emosional xüsusiyyətinə (forma, rəng, hərəkət,
ölçü, səs, dad və iyinə) görə tanıyır.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə
təhlükəsizlik qaydalarına (kəsici, deşici,
yandırıcı əşyalar və elektrik cihazları ilə,
təhlükəli heyvanlar, zəhərli bitkilər, tanış
olmayan adamlarla ehtiyatlı davranmaq) əməl
edir.
2. İdrak
fəaliyyəti.
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və nitq
etiketlərindən istifadə edir.
2.1.1.
Dinlədiyi fikrə əsasən hərəkətlərini tənzimləyir
və reaksiya verir.
2.1.2.
Danışığında 2-4 sözdən ibarət sadə cümlələrdən
istifadə edir.
2.1.3. Sadə
nitq etiketlərindən ("bəli", "xeyr", "salam",
"sağ ol", "çox sağ ol") istifadə edir.
2.1.4. Danışıq
səslərini müxtəlif dil vahidlərində (heca, söz,
cümlə) düzgün tələffüz edir.
2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. Üç
dairəsində sayma, hesablama əməliyyatları yerinə
yetirir.
2.2.2. Həndəsi
fiqurları (dairə, üçbucaq) tanıyır.
2.2.3.
Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət) görə
fərqləndirir.
2.2.4.
Əşyalar, həndəsi fiqurlar və rəqəmlərlə sadə
əməliyyatlar (toplama, az-çox, böyük-kiçik,
hündür-alçaq) yerinə yetirir.
2.2.5. Məkan
(irəli, geri, yuxarı, aşağı, alt, üst) və zaman
(səhər, günorta və axşam) anlayışlarını
fərqləndirir.
2.3. Əşya və hadisələri sadə şəkildə izah edir,
fərziyyələr irəli sürür.
2.3.1. Özü və
ətrafdakılar haqqında təsəvvürlərini sualların
köməyi ilə ifadə edir.
2.3.2. Baş verən hadisələrə aid suallar verir.
2.3.3. Canlı (insan, heyvan, quş, bitki) və
cansız (qum, daş, torpaq, işıq) obyektləri
tanıyır və adlandırır.
2.4. Vətən haqqında sadə təqdimatlar edir.
2.4.1. Valideynlərini və yaxınlarını,
özünəməxsus əşyaları (otaq, çarpayı, paltar,
oyuncaq), yaşadığı yeri (kənd, qəsəbə, şəhər)
adlandırır.
3.
Kommunikativ fəaliyyət
Uşaq:
3.1. Özündən kiçiklər, həmyaşıdları və
böyüklərlə ünsiyyət qurur.
3.1.1. Kiçiklər, yaşıdları və yaşlılarla
ünsiyyət qurur.
3.1.2. Sevimli insanları, xoşladığı məşğuliyyəti
fərqləndirir.
3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq)
nümayiş etdirir.
3.2.1. Ünsiyyətdə qoyulan sadə qayda və
tapşırıqlara dözümlülük nümayiş etdirir.
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.
3.3.1. Sadə əmək tapşırıqlarını yerinə yetirir.
4.Estetik inkişaf
Uşaq:
4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri
nümayiş etdirir.
4.1.1. Sadə təsvir alətlərindən və vəsaitlərdən
(karandaş, flamaster, fırça, yapışqan, plastilin)
təyinatına görə istifadə edir.
4.1.2. Sadə rəsmetmə (rənglərdən isti
fadə edərək sadə əşya və təbiət şəkilləri çəkmək),
yapma (1-3 hissədən ibarət fiqurlar düzəltmək)
və yapışdırma (kəsilmiş formalardan istifadə
etməklə sadə kompozisiyalar qurmaq) bacarıqları
nümayiş etdirir.
4.1.3. Sadə quraşdırma (tikinti materiallarından
sadə modellər düzəltmək) bacarıqları nümayiş
etdirir.
4.1.4. Musiqini dinləyir, janrına və xarakterinə
görə reaksiya verir, sadə ifaçılıq bacarıqları (sadə
mahnılar oxumaq, musiqili-ritmik hərəkətlər
etmək) nümayiş etdirir, musiqi alətini (piano,
qarmon, dəf, tütək) tanıyır və adlandırır.
4.1.5. Bədii fəaliyyət üzrə müstəqil, sadə
yaradıcılıq (təsviri, musiqi fəaliyyəti, bayram
və əyləncələrdə iştirak etmək) bacarıqları
nümayiş etdirir
BÖYÜK QRUP
(4-5 YAŞ)
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri
yerinə yetirir.
1.1.1. Gün rejimində nəzərdə tutulan hərəkətləri
(gimnastika, oyun, məşğələ, gəzinti, yemək,
növbətçilik, yuxu) yerinə yetirir.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi
prosedurlarından normalara3
uyğun istifadə edir.
1.1.3. Özünəxidmət hərəkətlərini (paltarlarını
geyinib-soyunmaq, səliqə ilə yerinə yığmaq,
xırda məişət işlərini yerinə yetirmək) yerinə
yetirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına
əməl edir.
1.2.1. Masa arxasında mədəni davranış
qaydalarına (yeməyi az-az götürmək və yaxşı
çeynəmək; səssiz yemək; qaşıqdan, salfetdən
düzgün istifadə etmək) əməl edir.
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (xarici
görünüşünü səliqəyə salmaq; yeməkdən əvvəl və
sonra əllərini sabunla yumaq və qurulamaq; daraq,
burun dəsmalı və salfetdən istifadə etmək;
asqırıb, öskürərkən üzünü çevirib, ağzını və
burnunu dəsmalla tutmaq) əməl edir.
1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini
koordinasiya edir.
1.3.1. Əsas hərəkətləri (düzgün hərəkət
texnikasını gözləməklə yeriş və yürüş; müxtəlif
istiqamətlərə hoppanmaq; müxtəlif əşyaların üstü
və arası ilə sürünmək; gimnastika nərdivanına
dırmanmaq; müxtəlif hərəkətləri yerinə
yetirərkən müvazinətini saxlamaq; topu, kürəciyi
müxtəlif üsullarla atıb-tutmaq) yerinə yetirir.
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər4
nümayiş etdirir.
1.3.3. Əşyalardan (karandaş, fırça, qayçı,
təbaşir, rəngli boya, mozaika, top, oyuncaqlar,
plastilin, gil, quraşdırma materialları)
istifadə edir.
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor
və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət,
ölçü, səs, dad və iyinə) görə müqayisə edir və
qruplaşdırır.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (kəsici,
deşici, tez sınan, yandırıcı əşyalar, qaz, odun
sobaları və elektrik cihazları ilə ehtiyatlı
davranmaq; böyüklərin nəzarəti olmadan dərman
qəbul etməmək; yol hərəkəti qaydalarına riayət
etmək; özünü zədələnməkdən və yıxılmaqdan
qorumaq; tanış olmayan adamlar və sahibsiz
heyvanlarla, dərman və kimyəvi maddələrlə
ehtiyatla davranmaq; təbiət hadisələri zamanı,
fövqəladə hallarda situasiyaya uyğun hərəkət
etmək) əməl edir.
2. İdrak fəaliyyəti
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və
nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinləyib-anladığını verdiyi sual və
cavablarla nümayiş etdirir.
2.1.2. 3-4 cümlədən ibarət mətn qurur.
2.1.3. Sadə nitq etiketlərindən ("bəli", "xeyr",
"salam", "sağ ol", "çox sağ ol", "bağışla", "nuş
olsun") istifadə edir.
2.1.4. Danışıq səslərinin müxtəlif dil
vahidlərində (heca, söz, cümlə, mətn) yerini
təyin edir.
2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. Beş dairəsində sayma, hesablama və ölçmə
əməliyyatları yerinə yetirir.
2.2.2. Həndəsi fiqurları (dairə, üçbucaq və
kvadrat) tanıyır.
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət,
həcm) görə qruplaşdırır və müqayisə edir.
2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlərlə
əməliyyatlar (toplama, çıxma) aparır, əşyaların
sadə sxemlərini qurur.
2.2.5. Məkana (sağ, sol, qabaq, arxa, irəli,
geri, yuxarı, aşağı, alt, üst) görə özünün,
əşyanın yerini müəyyənləşdirir və zamana (dünən,
bu gün, sabah, səhər, günorta və axşam) görə
hərəkətlərin ardıcıllığını təyin edir.
2.3. Əşya və hadisələri sadə şəkildə izah edir,
fərziyyələr irəli sürür.
2.3.1. Özü, başqaları və ətraf aləm haqqında
fikirlərini ifadə edir.
2.3.2. Baş verən hadisələrə münasibət bildirir,
fərziyyələr irəli sürür.
2.3.3. Canlı və cansız aləmin obyektlərini (insan,
heyvan, quş, bitki, qum, daş, torpaq, işıq)
əlamətinə görə fərqləndirir.
2.4. Vətən haqqında sadə təqdimatlar edir.
2.4.1. Adını, valideynlərinin adını, soyadını,
ünvanını, ev telefonunu, milli mənsubiyyətini,
dilini, dinini, cinsini sadalayır, özünəməxsus
əşyaları qoruyur.
3. Kommunikativ fəaliyyət
Uşaq:
3.1. Özündən kiçiklər, həmyaşıdları və
böyüklərlə ünsiyyət qurur.
3.1.1. Ünsiyyət zamanı mövqeyini qoruyaraq
əməkdaşlıq edir.
3.1.2. Ünsiyyət zamanı öz rolunu yaşına müvafiq
qaydada tənzimləyir.
3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq)
nümayiş etdirir.
3.2.1. Ünsiyyət prosesində vəzifələrini anlayır
və müxtəlif situasiyalarda onu nəzərə alır.
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.
3.3.1. Fərdi qaydada əmək bacarıqları nümayiş
etdirir.
4. Estetik inkişaf
Uşaq:
4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri
nümayiş etdirir.
4.1.1. Təsvir alətlərindən və vəsaitlərdən (karandaş,
flamaster, rəngli boya, qayçı, fırça, yapışqan,
rəngli kağızlar, gil və plastilin) təyinatına
görə istifadə edir.
4.1.2. Rəsmetmə (verilmiş və müstəqil şeçilmiş
mövzular üzrə sadə süjetlər çəkmək), yapma (verilmiş
və müstəqil seçilmiş mövzular üzrə bir neçə
fiqurdan ibarət sadə süjetlər yaratmaq) və
yapışdırma (hazır və kəsdiyi kağızlardan, təbiət
və tullantı materiallarından süjetli-dekorativ
təsvirlər yaratmaq) bacarıqları nümayiş etdirir.
4.1.3. Sadə quraşdırma (tikinti, tullantı,
təbiət materiallarından və kağızdan istifadə
edərək müxtəlif modellər düzəltmək) bacarıqları
nümayiş etdirir.
4.1.4. Musiqini dinləyərək, janrına,
melodiyasına, ritminə, səs tonuna görə
fərqləndirir, musiqi alətlərini (piano, qarmon,
tütək, dəf, nağara, tar, kamança, metallafon)
tanıyır və fərqləndirir, ifaçılıq (mahnı oxumaq;
sadə rəqs hərəkətləri və uşaq musiqi alətlərində
ifa etmək) bacarıqları nümayiş etdirir.
4.1.5. Müstəqil təsviri, musiqi və konstruktiv
fəaliyyət göstərir, bayram və əyləncələrin
hazırlanması və keçirilməsində iştirak edir.
MƏKTƏBƏHAZIRLIQ QRUPU
(5-6 YAŞ)
1. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
Uşaq:
1.1. Sağlamlığı möhkəmləndirən hərəkətləri
yerinə yetirir.
1.1.1. Fəaliyyətini gün rejiminə uyğunlaşdırır.
1.1.2. Orqanizmin möhkəmləndirilməsi
prosedurlarından normalara5
uyğun istifadə edir.
1.1.3. Özünəxidmət vərdişləri (yatağını, xarici
görünüşünü səliqəyə salmaq; təmizliyə riayət
etmək) nümayiş etdirir.
1.2. Qidalanma və sanitar-gigiyena qaydalarına
əməl edir.
1.2.1. Masa arxasında mədəni davranış
qaydalarına (qamətini düz saxlamaq; yemək
dəstləri - qaşıq, bıçaq və çəngəldən istifadə
etmək; səssiz və səliqəli yemək) əməl edir.
1.2.2. Şəxsi mədəni gigiyena qaydalarına (saçının
səliqəsini, bədəninin, paltarlarının,
dırnaqlarının, dişlərinin təmizliyini gözləmək;
tez və səliqəli soyunub, geyinmək; paltarlarını
səliqə ilə yığmaq; yatağını səliqəyə salmaq)
əməl edir.
1.3. Böyük, kiçik və hissi motor hərəkətlərini
koordinasiya edir.
1.3.1. Əsas hərəkətləri (qaməti düz saxlamaqla
istiqaməti və tempi dəyişərək yerimək və qaçmaq;
yerində, uzununa və müxtəlif istiqamətlərə
hoppanmaq; müxtəlif əşyaların üstü, altı və
arası ilə sürünmək; məhdudlaşmış sədd üzərində
müvazinəti saxlamaqla yeriş və yürüş; gimnastika
nərdivanına istiqaməti dəyişməklə dırmanmaq;
topu yerə vuraraq irəliləmək; kürəciyi
diyirlətmək; qum kisəciyini atmaq) yerinə
yetirir.
1.3.2. Fəaliyyət zamanı hərəki qabiliyyətlər6
nümayiş etdirir.
1.3.3. Əşyalardan (karandaşlar, flamaster,
rəngli təbaşir, rəngli boya, mozaika, musiqi
oyuncaqları, yapışqan, pazlalar, qayçı, düymə),
təbiət, tullantı və tikinti materiallarından
təyinatına görə istifadə edir.
1.3.4. Müxtəlif məsafələrdə olan əşyaları sensor
və emosional xüsusiyyətinə (forma, rəng, hərəkət,
ölçü, səs, dad və iyinə) görə ümumiləşdirir və
təsnif edir.
1.4. Təhlükəsizlik qaydalarına əməl edir.
1.4.1. Sadə təhlükəsizlik qaydalarına (təhlükəli
heyvan, bitki və əşyalar, dərman və kimyəvi
preparatlarla müvafiq qaydada davranmaq; yol
hərəkəti qaydalarına riayət etmək; situasiyaya
uyğun yanğınsöndürən, təcili yardım və polisə
çağırışlar etmək; özünə və başqalarına ilkin
yardım göstərmək; təbiət və fövqəladə hadisələr
zamanı ehtiyat tədbirləri görmək; məişətdə
ehtiyatlı davranmaq) əməl edir.
2.İdrak fəaliyyəti
Uşaq:
2.1. Nitqi dinləyib anlayır, rabitəli danışır və
nitq etiketlərindən istifadə edir.
2.1.1. Dinləyib-anladığı fikirlərə münasibət
bildirir.
2.1.2. Bədii nümunə, müşahidə və şəkillər
əsasında fikrini sadə şəkildə şərh edir.
2.1.3. Sadə nitq etiketlərindən ("bəli", "xeyr",
"salam", "sağ ol", "çox sağ ol", "bağışla", "buyurun",
"zəhmət olmasa", "nuş olsun", "xoş gəlmisiniz",
"yaxşı yol"), jest və mimikalardan istifadə edir.
2.1.4. Verilmiş hecalar, hecalardan sözlər,
sözlərdən cümlələr, cümlələrdən mətnlər qurur.
2.2. Sadə təfəkkür əməliyyatları yerinə yetirir.
2.2.1. On dairəsində sayma, hesablama və ölçmə
əməliyyatları yerinə yetirir.
2.2.2. Əşyalar içərisindən dairə, üçbucaq,
kvadratı seçir, fərqləndirir və müqayisə edir.
2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət
və həcm) görə ümumiləşdirir, əşya və hadisələr
arasında səbəb-nəticə əlaqələri yaradır.
2.2.4. Əşyalar, həndəsi fiqurlar, rəqəmlər və
işarələrlə sadə riyazi əməliyyatlar (toplama,
çıxma, bərabər, qeyri-bərabər) və konstruktiv
bacarıqlar (planlaşdırma, modelləşdirmə,
sxemləşdirmə və simvollaşdırma) nümayiş etdirir.
2.2.5. Məkan (sağdan sola, yuxarıdan aşağıya,
ortaya, küncə) və zamanla bağlı (ilin fəsilləri,
aylar, həftənin günləri, günün hissələri, saat)
ilkin riyazi əməliyyatlar yerinə yetirir.
2.3. Əşya və hadisələri sadə şəkildə izah edir,
fərziyyələr irəli sürür.
2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili
qaydalar, kollektivdə etik davranış)
uyğunlaşdırır.
2.3.2. Baş verən hadisələr arasında səbəb-nəticə
əlaqələri qurur.
2.3.3. Canlı və cansız aləmdəki obyektlərlə
düzgün davranış (qorumaq, mühafizə etmək,
qiymətləndirmək) bacarığı nümayiş etdirir.
2.4. Vətən haqqında sadə təqdimatlar edir.
2.4.1. Ailə və vətən haqqında (dövlət rəmzləri,
milli ordu, milli qəhrəmanlar, milli sərvətlər,
tarixi günlər və abidələr, milli bayramlar) sadə
təqdimatlar edir.
3. Kommunikativ fəaliyyət
Uşaq:
3.1. Özündən kiçiklər, həmyaşıdları və
böyüklərlə ünsiyyət qurur.
3.1.1. Ünsiyyətini yaşadığı mühitin sosial
normalarına (danışarkən qışqırmamaq; təhqir
etməmək; nəzakətlə müraciət etmək; başqalarını
dinləmək) əsasən tənzimləyir.
3.1.2. Öz hərəkətlərini başqalarının hərəkəti
ilə müqayisə edir və qiymətləndirir.
3.2. Hörmət (münasibət) və dözüm (tolerantlıq)
nümayiş etdirir.
3.2.1. Ünsiyyət qurduğu insanlar arasındakı
fərqlərə (fiziki, irqi, milli, dini, cinsi,
sosial) dözümlü yanaşır.
3.3. Sadə əmək bacarıqları nümayiş etdirir.
3.3.1. Fərdi qaydada və kollektivdə əmək
bacarıqları nümayiş etdirir.
4. Estetik inkişaf
Uşaq:
4.1. Sadə bədii yaradıcılıq qabiliyyətləri
nümayiş etdirir.
4.1.1. Təsvir alətləri və vəsaitlərdən (sadə və
rəngli karandaş, flamaster, rəngli təbaşir,
kömür, rəngli boya, qayçı, fırça, yapışqan,
rəngli kağızlar, gil və plastilin, molbert,
palitra) təyinatına görə istifadə edir.
4.1.2. Rəsmetmə (mövzular, bədii əsərlər,
təsəvvürləri əsasında süjetlər yaratmaq), yapma
(mövzular, bədii əsərlər, təsəvvürləri əsasında
sadə obrazlar yaratmaq) və yapışdırma (müxtəlif
kəsmə üsullarından istifadə edərək mövzular,
bədii əsərlər, təsəvvürləri əsasında
kompozisiyalar qurmaq) bacarıqları nümayiş
etdirir.
4.1.3. Verilmiş nümunə və sxemlər əsasında
quraşdırma (fərdi və kollektiv şəkildə müxtəlif
fiqurlar və kompozisiyalar düzəltmək),
planlaşdırma bacarıqları nümayiş etdirir.
4.1.4. Musiqini dinləyərək quruluşuna, janrına,
melodiyasına, ritminə, səs tonuna, müəyyən
hissəsinə görə fərqləndirir, ifaçılıq (solo və
xorla oxumaq; musiqili-ritmik hərəkətləri yerinə
yetirmək; uşaq musiqi alətlərində tək və
ansamblda ifa etmək) bacarıqları nümayiş etdirir.
4.1.5. Müstəqil bədii yaradıcılıq (təsviri
fəaliyyət, musiqi və konstruktiv fəaliyyət,
rolların ifası) qabiliyyətləri nümayiş etdirir.
(Ardı var)
1.
Yay vaxtı bütün yaş qrupları üçün ümumi duş
qəbul etmə yeməkdən qabaq aparılır. Ayaqları
üzərindən gah isti, gah da nisbətən aşağı
temperaturda su axıdılır. Ümumi su
prosedurlarından bütün bədənə su axıtmağa
keçilir. Suyun ilkin temperaturu 34-35°, 2-3
gündən bir 1° azaldılaraq son temperatur 26-24°-dək
endirilməlidir. Hava vannası qəbul edərkən
havanın temperaturu 23°-dən artıq olmamalıdır.
2.
Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə
yetirərkən müstəqillik və yaradıcılıq kimi
psixi-fiziki keyfiyyətlər inkişaf edir.
3.
Ayaqlara su tökülməsi prosedurlarını fərqli
temperaturlu su ilə təşkil edilir (34-35°, 2-3
gündən bir 1° azaldılaraq, son temperatur
26-24°-dək endirilməlidir). İsti suyun
temperaturunu tədricən +40°-yə qədər qaldırmalı,
soyuq suyun temperaturunu isə + 18°-dək aşağı
salmaq. Yerli su prosedurlarında havanın
temperaturu +20°-dən az olmamalıdır. Ümumi su
prosedurlarında suyun ilkin temperaturu 34-35°,
2-3 gündən bir 1° azaldılaraq son temperatur
24-22°-dək endirilməlidir. Hava vannası qəbul
edərkən havanın temperaturu 23°-dən artıq
olmamalıdır.
4.
Fiziki tapşırıqları, hərəkətli oyunları yerinə
yetirərkən müstəqillik, yaradıcılıq, sürət,
dözümlülük, çeviklik, cəldlik kimi keyfiyyətlər
inkişaf edir.
5.
Ümumi su prosedurlarında suyun ilkin temperaturu
34-35°, 2-3 gündən bir 1° azaldılaraq, son
temperatur 24-22°-dək endirilməlidir. Qış
fəslində orta və böyük qruplarda bu proseduru
+26° olan su ilə davam etdirmək olar. Hava
vannası qəbul edərkən havanın temperaturu 23°-dən
artıq olmamalıdır.
6.
Uşaq şəxsiyyətinin hərtərəfli inkişafı təmin
olunur. Onlarda təmkin, israr, qətiyyət, cəsarət,
təşkilatçılıq, təşəbbüskarlıq, müstəqillik,
yaradıcılıq və fantaziya etmək kimi
qabiliyyətlər inkişaf edir. |