Mirzə
Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerikin Siodi
kəndində anadan olub. Lerikdən xoş güzəran ümidi
ilə Bakıya gəlmiş ailələrdən biri də Mirzənin
atası Rəhim Məmmədovun ailəsi idi. Dörd nəfərdən
ibarət olan ailə Bakıda gördüklərindən dəhşətə
gəlir, 1918-ci ilin mart soyqırımı ən ağrılı
hadisə kimi Mirzənin yaddaşında həkk olunur.
Sabunçu qəsəbəsində bir nəfər onun böyük
qardaşını xidmətçi kimi işə götürür. Siodiyə
qayıdandan sonra atası, bir qədər sonra isə
anası dunyasını dəyişir. Tənhalıq və
kimsəsizlikdən cana doyan Mirzə Bakıya,
qardaşının yanına gəlir.
Onu Alxas adlı bir şəxs himayəsinə götürür. Arıq
cüssəli uşaq diribaşlığı, əməksevərliyi ilə
özünü sevdirir, yaşamaq ücün bütün əzablara
dözür.
Bakıdakı 1 nömrəli uşaq evinə gələn Mirzə burada
təhsil almaqla, özü kimi taleyin məşəqqətlərini
dadmış uşaqları da oxumağa həvəsləndirir.
Sonralar ədəbiyyatşunas alim kimi tanınmış
alovlu vətənpərvər Abbas Zamanov yazırdı: "Mirzə
ilə Bakıdakı uşaq evində tanış olub dostlaşdıq.
Bizi oxumağa həvəsləndirirdi. Uşaq evində
böyümüş uşaqların çoxu həyatda nail olduğumuz
yaxşı nə varsa, hamısına görə Mirzəyə borcludur".
14 yaşında komsomola qəbul edilən fəal, çalışqan,
mehriban Mirzə Məmmədov 1926-cı ildə 2 nömrəli
uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib.
3 il sonra Moskvadakı Kommunist Tərbiyəsi
Akademiyasına daxil olub.
Moskvadan
Azərbaycana qayıtdıqdan sonra Mirzə Məmmədov
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı
Mərkəzi Komitəsində 5 il (1932-1937) çalışıb, "Gənc
bolşevik" və "Pioner" jurnallarının redaktoru
olub. O, həm partiya, həm də dövlət işində
zəngin təcrübə toplayıb, xeyirxahlığı unutmayıb,
haqqın, ədalətin tərəfdarı kimi tanınıb.
Lənkəran Rayon Partiya Komitəsinin birinci
katibi vəzifəsində çalışanda da (katib olarkən
bu regiondan SSRİ Ali Sovetinin Millətlər
Sovetinə deputat seçilib), 1942-1944-cü illərdə
Azərbaycan KP MK-nın katibi işləyəndə də,
1944-1946-cı illərdə İranda vitse-konsul olanda
da Mirzə Məmmədov daim xalq arasında olub,
adamların dərdinə qalmağı bacarıb, ən çətin
anlarda vəziyyətdən çıxmağın yollarını tapıb,
israfçılığa qarşı amansız olub. O, müharibə
illərində Səməd Vurğun, Rəsul Rza, Heydər
Hüseynov və başqaları ilə ön cəbhəyə gedərək
əsgərləri qələbəyə ruhlandırıb.
İranda diplomatik xidmətdən dönəndən sonra
Azərbaycan KP Bakı Şəhər Komitəsində, Respublika
Ticarət Nazirliyində, Nazirlər Sovetində məsul
vəzifələrdə şərəflə, məsuliyyətlə çalışıb.
Mahir təşkilatçı kimi ürəklərdə xoş xatirələri
qalan Mirzə Məmmədov üçün xalq maarifi ən çox
sevdiyi, ürəkdən bağlandığı bir sahə olubdur.
1938-ci ildə Azərbaycan SSR xalq maarifi
komissarı təyin olunan Mirzə Məmmədov bu
vəzifədə çalışdığı 4 il ərzində də yüksək
vətənpərvərlik nümunəsi göstərib, milli
ideallara bağlılığını çəkinmədən nümayiş etdirib,
idarəçilikdə yerli kadrlara üstünlük verib.
O
vaxt belə bir qondarma qayda qoyulmuşdu ki, Bakı
şəhər xalq maarifi şöbəsinin müdiri azərbaycanlı
ola bilməz. Xalq maarifi komissarı Mirzə
Məmmədov bu qaydanı pozur. Moskvada Ali Partiya
Məktəbini bitirmiş gənc pedaqoq Çimnaz
Aslanovanı 1938-ci ildə Bakı şəhər xalq maarifi
şöbəsinə müdir təyin edir. Buna görə Mircəfər
Bağırov onu yanına çağırsa da, elə bir ciddi
problem yaranmır. O, 1942-ci ildə İrana
diplomatik işə göndərilir.
1954-cü ildə yenidən Azərbaycanın xalq maarifi
komissarı təyin edilən Mirzə Məmmədov ümumi
təhsilin inkişafı, məktəblərin tədris-maddi
bazasının möhkəmləndirilməsi, bağça və
ümumtəhsil məktəblərinin tərbiyəçi və müəllim
kadrlarına olan ehtiyacların ödənilməsi
istiqamətlərində mövcud problemlərin həlli üçün
əsl fədakarlıq göstərib.
1959-cu ildə xalq maarifi komissarı olarkən
icbari ümumi təhsil sahəsində gördüyü işləri,
elmi araşdırmalarını nəzəri cəhətdən
ümumiləşdirərək "Azərbaycan SSR-də icbari
təhsilin inkişafı" adlı namizədlik
dissertasiyasını müdafiə edərək pedaqoji elmlər
namizədi alimlik dərəcəsi alır. Elə həmin ildə
Mirzə Məmmədov pedaqoq, psixoloq və müxtəlif
fənlər üzrə metodist alimlərin pərvazlandıqları
Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna
(indiki Təhsil Problemləri İnstitutu) direktor
göndərilir.
İnstituta rəhbərlik etdiyi illər ərzində hər
biri 15 çap vərəqi həcmində olan "Azərbaycan
dilinin metodikası", habelə ikicildlik "Ədəbiyyatın
tədrisi metodikası" hazırlanaraq nəşr olunur.
Yaradıcılıq diapazonu geniş olan Mirzə Məmmədov
pedaqogikanın tarixi və nəzəriyyəsinin aktual
problemlərinə cəsarətlə müdaxilə edib, orijinal
fikir və ideyaları sayəsində elmi ictimaiyyət
arasında böyük nüfuz qazanıb.
Pedaqoji elmlərin bir çox sirlərinə dərindən
bələd olan geniş erudisiyalı alim kimi Mirzə
Məmmədovun dəyərli məsləhət və tövsiyələri elm
yolunda olan gənc tədqiqatçılar üçün böyük
əhəmiyyət daşıyıb, bir növ mayak rolunu oynayıb.
Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadr
hazırlığında müstəsna xidmətləri olan görkəmli
alimin ürəyinin hərarətindən, gözünün nurundan,
yüksək intellektindən onlarca tədqiqatçıya pay
düşüb. Aktuallığı, miqyası ilə seçilən bu
tədqiqatlardan əldə olunan nəticələr və elmi
yeniliklər pedaqogikanın nəzəri-təcrübi inkişafı
baxımından mühüm əhəmiyyət daşıyır. Mirzə
Məmmədov Moskva, Daşkənd və Tbilisidə milli
kadrların doktorluq dissertasiyalarının
müdafiəsini təşkil edib. Ömrünün sonunadək
Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna
rəhbərlik etmiş Mirzə Məmmədov bu elm ocağının
davamlı inkişafı, yüksəlişi üçün əlindən gələni
əsirgəməyib.
"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri
və medallarla təltif olunub, SSRİ və Azərbaycan
SSR Ali Sovetinə deputat seçilib.
Mirzə Məmmədov 1973-cü il mayın 5-də dünyasını
dəyişib, İkinci Fəxri xiyabanda dəfn olunub. |