Almaniyada təhsil səviyyəsi yaxşılaşıb
Ötən
dərs ilində Almaniya ali məktəblərində tədrisin
keyfiyyəti yaxşılaşıb. Aparılmış monitorinqlərə
görə, 2004-cü illə müqayisədə Almaniyanın bütün
ali məktəblərində təhsilin səviyyəsi 100 ballıq
şkala üzrə 21-dən 70-ə qədər yüksəlib. 2000-ci
ildən başlayaraq Almaniyanın universitetləri 428
min tələbə hazırlayıb, onlardan 124 mini
riyaziyyat, informatika, informasiya
texnologiyaları və təbiət fənləri üzrə
ixtisaslaşıblar. Bundan əlavə, ötən dövr ərzində
ölkə universitetlərini bitirən xarici
tələbələrin sayı artıb. Ekspertlər qeyd edirlər
ki, Almaniya yaxşı təhsil səviyyəsi ilə öyünə
bilər. Lakin bu ölkə hələ də təhsil sahəsində
dünya lideri olan ölkələrdən - Kanada, İrlandiya
və Finlandiyadan geridə qalır.
Braziliyada ali təhsil pulsuzdur
Braziliyada ali təhsilə getdikcə maraq
artmaqdadır. Ölkədə ali təhsil bütün tələbələr
üçün pulsuzdur.
Ali məktəbə qəbul ENEM (Exame National do Ensino
Medio) imtahanı üzrə aparılır. Orta məktəblərin
məzunları təhsil ilinin sonunda vahid imtahanlar
verirlər. Bu imtahanlarda ən yüksək bal
toplayanlar ali məktəbə qəbul olunurlar. Ölkənin
ali məktəbləri arasında ən populyarı Rio-de-Janeyro
Universiteti hesab olunur. Məhz bu ali məktəb
geniş ixtisas seçimi təklif edir.
Universitetlərdə məşğələlər portuqal dilindədir.
İngilis dili əlavə dil kimi tədris olunur. Buna
görə də xarici ölkələrdən olan tələbələr hökmən
portuqal dilini mənimsəməlidirlər. Ölkədə ali
təhsilli kadrlara tələbat böyükdür. Buna görə də
istər dövlət, istərsə də özəl ali məktəblərə
axın var.
Riqada müəllimlər çatışmır
Yeni dərs ili ərəfəsində Latviyanın paytaxtı
Riqada müəllimlər çatışmır. Riqa şəhərinin
təhsil, mədəniyyət və idman departamentindən
verilən məlumata görə, paytaxtın ümumtəhsil
məktəblərində 51, məktəbəqədər müəssisələrdə isə
81 müəllim yeri boşdur. Riqada ingilis, fransız
və rus dili müəllimlərinə ehtiyac yaranıb.
İbtidai məktəblər üçün də pedaqoji kadr
çatışmazlığı problemi mövcuddur. İbtidai
məktəblərdə 58 texniki işçi, eləcə də 21 müəllim
köməkçisi tələb olunur.
Britaniyalı tələbələr kitab oxumur
Böyük Britaniyada aparılmış araşdırmalara görə,
ölkənin gənc əhalisi kitab oxumur. Bütün ölkə
üzrə keçirilən rəy sorğusunda yaşı 8-dən 18-dək
18 min britaniyalı şagird və yeniyetmə iştirak
edib. Məlum olub ki, məktəbə gedən şagirdlərin
təxminən 50 faizi ay ərzində cəmi bir dəfə əlinə
kitab alır. Hər 6 nəfərdən biri ayda bir dəfə də
olsun kitab vərəqləmir. Məktəblilərin və
tələbələrin əsas maraq dairəsi KİV-lər, "Feysbuk"
və "Tvitter", elektron poçtlardır. Uşaqlar
böyüdükcə onların kitab oxumağa marağı azalır.
"National Literacy Trust" xeyriyyə cəmiyyətinin
nümayəndəsi Conatan Duqlas hesab edir ki, əgər
uşaqları kitab oxumağa cəlb etmək mümkün olarsa,
onda bu, onların qarşısında yeni imkanlar aça
bilər.
Dağıstan təhsili modernləşir
Dağıstanın təhsil sistemi modernləşir. Federal
büdcədən Dağıstan təhsilinin yenidən qurulması
üçün 4 milyard rubl ayrılacaq. Bu barədə
Rusiyanın təhsil və elm naziri Andrey Fursenko
bildirib. "Dağıstan 2011-ci ildə 1 milyard rubl
alacaq. Ümumilikdə iki dərs ili ərzində isə
respublikaya federal büdcədən 4 milyard rubl
ayrılacaq",-deyə nazir müəllimlərin Mahaçqalada
keçirilən avqust müşavirəsində bildirib.
Bütövlükdə isə regionun təhsil sisteminin
modernləşməsi üçün 120 milyard rubl ayrılması
nəzərdə tutulub. Onun sözlərinə görə, regionun
öz təhsilinin yenidən qurulması üçün nəzərdə
tutduğu pullar müəllimlərin əməkhaqlarının
artırılmasına sərf olunacaq. Öz növbəsində,
Dağıstanın başçısı Maqomedali Maqomedov bildirib
ki, sentyabrın 1-dən başlayaraq respublikada
müəllimlərin əməkhaqları 30 faiz artırılaraq
orta hesabla 10530 rubla çatdırılacaq.
Polşada
dini məktəblər populyarlıq qazanır
Polşada getdikcə dini məktəblər daha çox
populyarlıq qazanmağa başlayıb. Ölkədə katolik
məktəblərin sayı artmaqdadır. İldən-ilə dini
məktəblərə gedən uşaqların sayında artım
müşahidə olunur. 1999-cu ildən başlayaraq ölkədə
katolik məktəblərin sayı 140-dan 500-ə qədər
artıb. Hazırda katolik məktəblərdə 50 min uşaq
oxuyur. Yalnız Krakovda reytinqinə görə ən
nüfuzlu 10 gimnaziyadan 7-i katolik məktəbdir.
1999-cu ildən başlayaraq bələdiyyə orqanları
tabeliklərində olan məktəbləri dini fondlara və
özəl təşkilatlara verib.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |