Kiçikyaşlı məktəblilərin şəxsiyyətinin aparıcı
fəaliyyətlər əsasında inkişafı məqsədi bu gün
prioritetə çevrilib. Bu, uşaqların inkişafında
aşağıdakı mühüm dəyişikliklərin yaranmasına
səbəb olan inkişafetdirici sosial-mədəni mühitin
layihələndirilməsi deməkdir:
-
uşağın məktəbə gəldiyi idrak marağı əsasında
tədris-idrak fəallığı və tədqiqata maraq
formalaşdırılır;
-
məktəbəqədər yaşlı uşaqların sərbəstliyi təlim
təşəbbüskarlığı və mühakimədə, üsullar və
fəaliyyət vasitələrində sərbəstliyə çevrilir.
Məhz ibtidai təhsil şagirddə təhsilin sonrakı
pillələrində zəruri olan əqli qüvvənin inkişaf
səviyyəsini təmin etməlidir. Aydındır ki, bu
məqsədə çatmaq üçün müəyyən pedaqoji şərait
yaradılmalıdır. Şübhəsiz, ümumi zəruri şərait
inkişafetdirici təlimin təşkilidir. Belə ki, o,
biliklərin tam mənimsənilməsini təmin edərək
məktəblinin təlim fəaliyyətini formalaşdırır.
İdrak fəaliyyətinin aparıcı motivləri
intellektual motivlərə çevrilir: şagird
intellektual əmək prosesindən zövq alaraq
bilikləri müstəqil axtarır. Bu, hər bir dərsdə
müəllim və şagirdin qarşılıqlı yaradıcı
fəaliyyəti prosesində, müəyyən metod və
üsulların köməyi ilə idrak fəaliyyətinin
fəallaşdırılması hesabına mümkün olur.
Şagirdlərin idrak fəaliyyətinin motivasiyası
üçün güclü mənbə təlimdə problem situasiyanın
yaradılması və işdə koqnitiv xarakterə malik,
biliklərin yaradıcı mənimsənilməsini təmin edən
problem-dialoji texnologiyadan istifadədir.
Problem situasiya şagird üçün əhəmiyyətli olan
real əksliklər nəzərə alınmaqla yaradılır.
Təlimdə metapredmet yanaşmanın reallaşdırılması
mühüm məsələdir. Metapredmet yanaşma özündə
əyaniliyi və eyni zamanda əyaniliküstü ideyanı,
əyaniliyə nisbətdə refleksivlik ideyasını
birləşdirir. Tədris materialının inteqrasiyası
əsasında təlim elə qurulur ki, şagird dərketmə
prosesinin tamhüquqlu üzvünə çevrilir. Bu zaman
uşaq təkcə konkret fənn biliklərini
mənimsəməyib, həm də bu və ya digər məsələnin
həlli yollarını axtarır, özünün hər addımını
fikirləşir, sanki müəyyən bilikləri və
anlayışları yenidən kəşf edir. Nəticədə fikri
fəaliyyətin yeni üsulu: dialoq təşkil etmək və
aparmaq, problemləşdirmə, məsələnin qoyuluşu,
axtarışı, onların həlli vasitələrinin
refleksiyası qabiliyyətləri formalaşır. İdrak
prosesi həqiqətən yaradıcı olur, edilmiş
"kəşfdən" sevinc, məmnunluq, öz gücünə inam
hissləri doğur.
Şagirdlərin idrak fəaliyyəti dərsin müxtəlif
mərhələlərində, müxtəlif dərs tiplərində və hər
hansı mövzuda müəyyən metod və üsullarla
fəallaşdırılır.
Mənim təcrübəmdə yeni biliklərin verilməsi -
"kəşfi" dərslərində şagirdlərin idrak
fəaliyyətinin fəallaşdırılması xüsusi yer tutur.
Bu prosesi metodların, üsulların, tapşırıq və
sualların əlaqələndirilməsi vasitəsi ilə təşkil
edirəm. Biliklərin verilməsi mərhələsi dərsə
hazırlığın daha çətin və yaradıcı hissəsidir.
Biliklərin "kəşfi" mərhələsinin düzgün,
səmərəli, məqsədyönlü, həm də qeyri-standart
təşkili şagirdlərdə yuxarıda qeyd olunan
qabiliyyətlərin, idrak fəaliyyətinin inkişafı və
formalaşmasına gətirib çıxarır.
Həmin problem üzrə öz fəaliyyətimdə mən iki
ideyadan çıxış edirəm:
1.Yeni biliklərin verilməsində problem-dialoji
texnologiyadan istifadənin zəruriliyi;
2.Təlimdə metopredmet yanaşmanın
reallaşdırılmasının zəruriliyi.
Tədris probleminin qoyuluşunun üç əsas metodu
mövcuddur:
1.Problem situasiyadan yaranan dialoq;
2.Mövzuya aparan dialoq;
3.Mövzunun motivləşdirici üsullarla elan
olunması.
Buna uyğun olaraq tədris probleminin həllinin
axtarılmasının da üç əsas metodu vardır:
1.Hipotezin yoxlanılması üçün dialoq;
2.Problemlərdən dialoqa keçid;
3.Problemsiz dialoqun yaradılması.
Metodların oxşarlığı ondan ibarətdir ki, bütün
bunlar şagirdlərin yeni materialı öyrənməyə
motivasiyasını təmin edir.
Metodların fərqi məktəblilərin tədris
fəaliyyətinin xarakterindədir. Meyloyadıcı
dialoq şagirdlərin əsl yaradıcı fəaliyyətini
təmin edir, onların nitqini və yaradıcılıq
qabiliyyətini inkişaf etdirir, yekunlaşdırıcı
dialoq və mövzunun motivləşdirici üsullarla
bildirilməsi isə yalnız yaradıcı prosesi təqlid
edir, yamsılayır, lakin şagirdlərin məntiqi
təfəkkürünü və nitqini də müvəffəqiyyətlə
formalaşdırır.
Mən öz işimdə tədris probleminin qoyuluşu və
onun həllinin axtarılması üçün bütün bu
metodlardan geniş istifadə edirəm.
Lalə HƏSƏNOVA,
Bakıdakı 299 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi |