2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramında paytaxtın orta ümumtəhsil
məktəblərinin binalarında əsaslı təmir və
yenidənqurma işlərinin görülməsi də nəzərdə
tutulub. Bu il üçün tədbirlər planına uyğun
olaraq Bakı şəhərində 111 təhsil müəssisəsinin
əsaslı təmirinə başlanılıb. Belə təhsil
ocaqlarından biri də Bakının Səbail rayonunda
yerləşən 91 nömrəli məktəbdir. Direktor Svetlana
Zülfüqarovadan aldığımız məlumata görə, təhsil
ocağının 25 sinif otağı, akt və idman zalları,
iki informatika otağı, kimya və fizika
laboratoriyaları, bufet və digər otaqlarda
hazırda iş sürətlə gedir. Dəhlizlərdə işlər
yekunlaşmaq üzrədir. Məktəb yüksək standartlara
uyğun təmir edilir, qapı və pəncərələr yeniləri
ilə əvəz olunur, döşəmə və tavan ən müasir
səviyyədə yenidən qurulur. Məktəbin çöl
divarları bəzəkli və müasir, möhkəm daşlarla
əvəz olunur. Məktəbin kollektivi və valideynlər
dövlətimiz tərəfindən təhsilə göstərilən yüksək
diqqətə və qayğıya görə ölkə Prezidenti İlham
Əliyevə və Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirirlər.
S.Zülfüqarova bizimlə söhbətində təhsil ocağının
uğurlarından da söz açdı. Bildirdi ki, məktəb
ötən dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi"
adını qazanıb. Bu il 50-dən çox şagird ali
məktəblərə qəbul olub. Onlardan 2 nəfəri
650-dən, 4 nəfəri 600-dən çox, 11 şagird isə
550-dən yuxarı bal toplayaraq respublikamızın
nüfuzlu ali məktəblərinə qəbul olunub.
Rəşad ZİYADOV |
|