Avqustun
24-də Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov
Almaniyanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Herbert Kvelleni qəbul etdi.
Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə
prorektoru Jalə Qəribova da iştirak edirdi.
S.Seyidov səfiri salamlayaraq onu universitetdə
görməkdən məmnun olduğunu bildirdi. ADU-nun
tarixindən söz açan rektor universitetdə bəzi
dünya, xüsusilə Qərbi Avropa ölkələri dillərinin
öyrənildiyini bildirdi. "Tədris olunan dillərlə
yanaşı, həmin ölkələrin dil və mədəniyyət
mərkəzlərinin universitetdə mövcudluğu
tələbələrə həmin dilləri mənimsəmək və ölkələri
öyrənməkdə kömək edir". Bu baxımdan rektor
ADU-da Alman dili Mərkəzinin fəaliyyətini
qənaətbəxş hesab etdi.
ADU-nun gələcək perspektivləri haqqında danışan
S.Seyidov bu ali təhsil ocağının maddi-texniki
bazasının daha da genişlənməsi layihəsi üzərində
iş getdiyini səfirin diqqətinə çatdırdı. Daha
sonra universitetdə fəaliyyət göstərən
fakültələr və kafedralar haqqında məlumat verən
rektor Almaniya daxil olmaqla müxtəlif
ölkələrdən yüksək ixtisaslı müəllimlərin ADU-da
dərs dediklərini söylədi.
Səfir isə öz növbəsində ADU ilə əməkdaşlıqda
maraqlı olduqlarını bildirdi. Almaniya
universitetlərinin ADU ilə əlaqələrinin
yaradılmasının ikitərəfli əlaqələrin
dərinləşməsinə, elmi-mədəni əlaqələrə töhfəsini
verəcəyinə əminlik ifadə etdi.
Görüşdə həmçinin bir sıra gələcək qarşılıqlı
əməkdaşlıq məsələləri də müzakirə olundu.
Şakir CƏFƏROV |