Bu
günlərdə respublikamızın hüdudlarından çox-çox
uzaqlarda daha bir gəncimizin xoş sorağını
aldıq. Daha bir gəncimiz nüfuzlu bilik
yarışında növbəti uğura imza atdı. 2011-ci il
iyulun 22-dən 28-dək Tailandın kurort məkanı
sayılan Pattayada keçirilən məktəblilərin XXIII
Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan
komandasının üzvü Azad Qəzənfər oğlu Salahlı
bürünc medala layiq görüldü.
Məlumat üçün bildirək ki, dünya ölkələrində
təhsilin və innovativ təhsil texnologiyalarının
inkişafında mühüm rol oynayan beynəlxalq
informatika olimpiadası nüfuzlu bilik
yarışlarından biri hesab olunur. Bu olimpiada
dünyanın müxtəlif ölkələrində informatika
sahəsində istedadlı şagirdlərin aşkara
çıxarılmasına, onların birliyinin təşkilinə, bu
yeniyetmələr üçün yarışların keçirilməsinə və
gələcək inkişafı üçün imkanın yaradılmasına,
məktəblilər arasında informatika üzrə yarışlara
marağın artırılması və populyarlaşdırılmasına
şərait yaradır. Bundan əlavə, olimpiadanın
keçirilməsinin başlıca məqsədi dünyanın
müxtəlif ölkələrində informatika sahəsində
istedadlı şagirdlərlə işləyən pedaqoq və
alimlərin, ictimai xadimlərin
birləşdirilməsi,onlar arasında dostluq
münasibətlərinin qurulmasıdır. Belə bir mötəbər
olimpiadada iştirak etmək və yüksək nəticə əldə
edərək doğma Vətəninə medalla dönmək təbii ki,
hər bir istedadlı gəncimizin arzusudur.
Keçirilmiş məktəblilərin XXIII Beynəlxalq
İnformatika Olimpiadası barədə, həmçinin əldə
etdiyi uğurla bağlı xoş təəssüratlarını bizimlə
paylaşan Azad dəqiq elmlərə, xüsusilə
informatika fənninə böyük maraq göstərdiyini
bildirdi. İnformatikaya marağını və məhz bu
fənn üzrə keçirilən beynəlxalq olimpiadada
iştirakını belə izah etdi: "Mən informatikanı
ona görə seçdim ki, burada tələb olunan biliklər
digər texniki fənlərə nisbətən daha çoxdur.
İnformatika olimpiadasındakı məsələləri həll
etmək üçün təkcə proqramlaşdırma deyil, həm də
riyaziyyatın qraflar nəzəriyyəsi,
optimallaşdırma, oyunlar nəzəriyyəsi,
kombinatorika kimi sahələrini bilmək tələb
olunur.Bununla yanaşı, riyaziyyatın adıçəkilən
sahələri universitet tələbələrinə öyrədilir və
orta məktəb proqramında yoxdur. Ümumiyyətlə,
texniki fənlər içərisində informatika mənim üçün
daha maraqlıdır".
Azad
artıq məzunu olduğu Bakı Özəl Türk Liseyində
təhsil aldığı müddətdə vaxtaşırı beynəlxalq
miqyaslı olimpiadalarda iştirak etdiyini, bilik
yarışlarında yüksək nəticələr qazanaraq ölkəmizə
2 gümüş və 1 bürünc medalla döndüyünü qürur
hissi ilə qeyd etdi. Sonuncu iştirak etdiyi
XXIII Beynəlxalq İnformatika Olimpiadasının onun
üçün xoş və yaddaqalan hadisələrlə zəngin
olduğunu söyləyən Azad 2009 və 2010-cu illərdə
həmin olimpiadada iştirak etdiyini və bu il
onun daha yüksək səviyyədə təşkil edildiyini
bildirdi. O, ilk növbədə, qazandığı uğura görə
məzunu olduğu Bakı Özəl Türk Liseyinin
rəhbərliyinə, pedaqoji kollektivə, informatika
müəllimləri - Namiq Əliyevə və Əli Həsənova
borclu olduğunu bildirdi. Azad Bakı Dövlət
Universitetinin dosenti, Beynəlxalq İnformatika
Olimpiadasında Azərbaycan komandasının rəhbəri
Ramin Mahmudzadənin ona göstərdiyi köməyi
xüsusilə qeyd etdi. Ümumiyyətlə, Azərbaycan
komandasının beynəlxalq informatika
olimpiadasına yüksək səviyyədə hazırlaşdığını
deyən yeniyetmə gəncimiz qeyd etdi ki, o və
digər şagirdlərimiz AMEA İnformasiya
Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzinin nəzdində yaradılmış Olimpiya
Mərkəzində hazırlıq dərsləri keçiblər. Ramin
Mahmudzadənin rəhbərliyi altında iyunun 1-dən
iyulun 17-dək davam etmiş treninqlər
İnformasiya Texnologiyaları İnstitutunun, Bakı
Dövlət Universitetinin və digər ali təhsil
müəssisələrinin tanınmış alim və mütəxəssisləri
tərəfindən aparılıb. Azad belə bir mükəmməl
hazırlığın son nəticədə ona uğur gətirdiyini
deyərək bu işdə əməyi olan hər kəsə öz
minnətdarlığını bildirdi.
Respublikamızda yüksək intellektə malik,
istedadlı yeniyetmə və gənclərə hər zaman
diqqət və qaygı ilə yanaşıldığını deyən Azad
Salahlı, eyni zamanda onların dünyanın inkişaf
etmiş ölkələrində müxtəlif fənlər üzrə keçirilən
yarışlarda iştiraklarını təmin etdiklərinə görə
müvafiq dövlət qurumlarına, xüsusilə Təhsil
Nazirliyinə təşəkkür etdi.
Yaşadığımız əsrin kompüter əsri olduğunu
söyləyən gənc informasiya texnologiyaları
sahəsinin ən sürətlə inkişaf edən bir sahə
olduğunu diqqətə çatdırdı. Bildirdi ki, istər
elmdə, sənayedə, istərsə də digər sahələrdə
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinə geniş yer verilir.
Azadın
bizimlə söhbət zamanı təvazökarlıq edərək
özündən çox danışmaması aydın hiss olunurdu.
Hər zaman onun yanında olan, nailiyyətlərinə
doğmaları qədər sevinən Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin kompüter fənn metodisti
Əli Həsənovdan vaxtilə şagirdi olmuş Azad
Salahlı haqqında fikirlərini soruşmağı qərara
aldıq. Əli müəllim bunları dedi: "Azada 5 il
dərs demişəm. O, riyaziyyatı, fizikanı, o
cümlədən kompüteri gözəl bilir. Mənə görə
Azadın gözəl xüsusiyyətlərindən biri də ev
tapşırıqlarını yerinə yetirdikdən sonra
İnternetdən araşdırmalar apararaq, mövzu ilə
əlaqəli sualları tapıb onları da həll etməsidir.
O, İnternetdə ACM kimi portal veb səhifələrində
qeydiyyatdan keçib, oradakı məsələləri
araşdırmaqla məşğul olur. Azadın XXIII
Beynəlxalq İnformatika Olimpiadasında uğurlu
iştirakı bir müəllim olaraq məni çox sevindirdi.
Biz müəllimlər ona böyük ümidlər bəsləyirdik və
sevinirəm ki, Azad etimadımızı doğrultdu".
İstedadlı gəncin həyatında ən yaddaqalan və
sevincli hadisələrdən biri də onun Kanadanın
Vaterloo Universitetinin kompüter elmləri
fakültəsinə daxil olmasıdır. "Niyə məhz
Kanadanın bu universitetini və fakültə olaraq
kompüter elmlərini seçmisən", - sualına Azad
belə cavab verdi: "Hazırda Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları
sektorunun inkişaf etdirilməsi istiqamətində
mühüm işlər görülür və ölkəmizə bu sahə üzrə
bacarıqlı kadrlar lazımdır. İnformatikaya olan
marağım gələcəkdə bu sahə üzrə lazımlı
mütəxəssis kimi ölkəmizə fayda vermək arzumu
reallaşdırmağa təkan verdi. Elə bunun üçün də
Kanadada kompüter elmləri üzrə ən yaxşı ali
təhsil ocağı sayılan Vaterloo Universitetinə
daxil olmaq üçün çalışdım və istəyimə nail
oldum. Ən böyük arzularımdan biri isə budur ki,
Amerika, Sinqapur, Hindistan və digər ölkələrdə
olduğu kimi, Azərbaycanda da proqramlaşdırma
neft sahəsi ilə yanaşı, ölkənin əsas sənaye
sahələrindən birinə çevrilsin. Universitetdə
yüksək bilik almaqla yanaşı, diaspor
təşkilatlarının təşkil etdiyi tədbirlərdə
iştirak edəcək, digər ölkələrin tələbələrinə
Azərbaycan həqiqətlərini çatdırmağa, ölkəmiz,
onun mədəniyyəti və tarixi haqqında, eləcə də
bugünkü vəziyyəti, inkişaf səviyyəsi barədə
geniş məlumat verməyə çalışacağam. Mənim
fikrimcə, bu da təhsil qədər önəmlidir".
Bizimlə söhbətinin sonunda Azad qarşıda onu
böyük sınaqların gözlədiyini deyərək bu
sınaqlardan üzüağ və alnıaçıq çıxmaq üçün
var-qüvvəsini əsirgəməyəcəyini, doğma Vətəninə
layiqli bir mütəxəssis kimi dönəcəyinə ümidvar
olduğunu bildirdi.
Samirə KƏRİMOVA |
|