| 
								 XIX 
								əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan 
								pedaqoji fikir tarixində silinməz iz qoymuş 
								onlarca parlaq simalar fəaliyyət göstərmişlər. 
								Bütün həyat və fəaliyyətini həmvətənlərinin 
								təhsilə, elmə, maarifə və mədəniyyətə 
								yiyələnmələrinə həsr etmiş görkəmli 
								ziyalılarımızdan biri də Teymur bəy Məmməd bəy 
								oğlu Bayraməlibəyov (1862-1937) olmuşdur. O, 
								1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran 
								qəzasının Yeddioymaq kəndində dünyaya gəlmişdir. 
								İlk təhsilini kənd mollaxanasında almış, Quranı 
								oxumağı öyrənmiş və Sədi Şirazinin (1210-1292) "Gülüstan" 
								kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha 
								sonra Lənkərandakı 2 sinifli rus məktəbində 
								oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki 
								feldşerlik məktəbinə daxil olmuşdur. Oranı da 
								müvəffəqiyyətlə bitirdikdən sonra 1879-cu ildə 
								Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə 
								qəbul olunmuşdur. 
								1881-ci ildə seminariyanı bitirən Teymur bəy 
								Lənkərandakı 2 sinifli rus məktəbində rus dili 
								və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə 
								başlayıb. Müəllim işlədiyi məktəbdə cəmi 4 
								azərbaycanlı şagirdin oxumasından narahat olan 
								Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə 
								görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara 
								başa salmaq  və inandırmaq yolu ilə məqsədinə 
								nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi 
								idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil 
								alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 
								nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı 
								illərdə isə bu artım təhsil alanların 90 faizini 
								təşkil etmişdir. 
								Teymur bəy Bayraməlibəyovu zaman bizə 
								sələflərinin və müasirlərinin "təzə kitabxanalar, 
								qiraətxanalar və məktəbxanalar" açmaq, 
								Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq 
								üçün mətbəə və nəşriyyatlar təsis etmək 
								səylərinin ardıcıl davamçılarından biri kimi 
								tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" 
								yaratmaq təşəbbüsləri də onu çox düşündürən 
								məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə 
								cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, 
								yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək 
								işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi 
								ilə 2 sinifli məktəbi bitirən və  orta təhsil 
								məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə 
								cəmiyyəti" yol xərci ödəyir və digər köməklik 
								edirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə 
								yaradılan ilk dram dərnəyində həvəskar 
								artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı 
								Qara", N.Nərimanovun "Dilin bəlası", 
								N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" 
								pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", 
								S.M.Qənizadənin "Axşam səbri xeyir olar" 
								əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik 
								məqsədi güdən teatr tamaşaları gənclərdə estetik 
								zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr 
								və səhnə sənəti haqqında təsəvvür yaradırdı. 
								1881-ci ildən 1899-cu ilədək Lənkərandakı 2 
								sinifli şəhər məktəbində müəllimlik edən 
								T.Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti 
								hesabına orada qiraətxana açmışdı ki, 
								həmvətənlərinin geniş dünyagörüşlü insan kimi 
								formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə 
								məşğul olması bəhanə edilərək Bakı qubernatoru 
								Alışevskinin əmri ilə  T.Bayraməlibəyovun işdən 
								azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya 
								və oxuculara vurulan böyük mənəvi zərbə idi.  
								Vəziyyətin gərginləşdiyini görən Teymur bəy 
								Lənkəranda yaşayan bir qrup iranlı ziyalının 
								adından İran səfirliyinə ərizə ilə müraciət 
								edərək, onların uşaqlarının ana dilində təhsil 
								almaları üçün bütün xərcləri öz üzərinə götürmək 
								şərtilə "Behcət" adlı fars-türk ibtidai 
								məktəbinin açılmasına icazə istəyir. Teymur 
								bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı 
								məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri 
								İsmayıl xanın səlahiyyəti altında təsis edilir. 
								Orada fars, Azərbaycan, ərəb və rus dilləri 
								tədris olunmaqla şəriət, ərəb qrammatikası, 
								riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq 
								dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus 
								dili müəllimi idi.  
								Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" 
								məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr 
								əsasında qubernator Alışevskinin qəzəbinə tuş 
								gəlir. Onun əmri ilə məktəb çar hökümətinin 
								ideyalarının əleyhinə təbliğat işi apardığına, 
								şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi 
								yuva rolunu oynadığına görə bağlanır. 
								 
								Lənkəranda tez-tez maneə və müqavimətlə 
								qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda 
								əvvəlki ardıcıl mübarizəsini yenidən davam 
								etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk 
								rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, 
								xeyirxah və uzaqgörən ziyalının zəmanəti və 
								köməyi ilə az sonra bu məktəbin qapıları 
								uşaqların üzünə Dağıstanda açılır. Dağıstan 
								qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu 
								məktəbə müdir təyin olunur. 
								Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, 
								təşkilatçılığı onu Lənkəran Dumasına gətirib 
								çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu 
								ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin 
								açılmasına nail olur. Daha sonra isə onun 
								ardıcıl səyləri ilə bu məktəb 3 sinifli 
								gimnaziyaya çevrilir.  
								1911-ci ildə Lənkəran qəzasında Teymur bəy 
								Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq 
								səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 
								30 illiyi təntənəli surətdə qeyd edilir. 
								 
								1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə 
								Bakıya köçür və 1929-cu ilədək pedaqoji 
								fəaliyyətini burada davam etdirir. Mübarizələrlə 
								dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, 
								publisist və ictimai-siyasi xadimin 
								yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. 
								Birinci dövr onun Qori Müəllimlər Seminariyasını 
								bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək 
								Lənkərandakı fəaliyyətini, ikinci dövr isə 
								Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri 
								əhatə edir.  
								Teymur bəy Bayraməlibəyov "Kaspi" qəzetinin 
								Lənkəran müxbiri kimi 1883-cü ildən 1917-ci 
								ilədək fəaliyyət göstərmişdir. Adı H.Zərdabi, 
								N.B.Vəzirov, E.Sultanov, Ə.Ağaoğlu (Ağayev), 
								M.Mahmudbəyov və başqa ziyalıların cərgəsində 
								çəkilməyə layiq olan Teymur bəy Bayraməlibəyov 
								bizə layiqli bir irs qoymuşdur. 
								Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi 
								mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", 
								"Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", 
								"Talışın quşlar aləmi", "Lənkəran qəzası 
								talışlarının kosmoqonik rəvayət və inamları" 
								1881-ci ildən Tiflisdə nəşr olunmuş lSMOMPK» 
								məcmuəsinin üç sayında,  "Novruz bayramı" 
								silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü 
								il 55, 56, 57-ci saylarında çap olunmuşdur. 
								Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun 
								etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir 
								neçə əlyazması da vardır.  
								Teymur bəy Bayraməlibəyovun irsi tədqiqatçı 
								alimlər tərəfindən qəzet və jurnal səhifələrində, 
								eləcə də iki monoqrafiyada işıqlandırılmışdır. 
								Teymur bəy Bayraməlibəyovun ailə şəcərəsini 
								nəzərdən keçirdikdə bu böyük ailənin nümunəvi 
								tərbiyə və təhsil ruhunda yetişməsinin şahidi 
								oluruq. Bu nəsildə həkim də, müəllim də, alim də, 
								ictimai xadim də vardır. 
								Avqustun 22-də Teymur bəy Bayraməlibəyovun doğum 
								gününün 149-cu ili tamam oldu. 2012-ci ildə isə 
								bu böyük ziyalı, maarifçi, pedaqoq, publisist, 
								tarixçi-etnoqrafın, folklorşünasın anadan 
								olmasının 150 illik yubileyi tamam olur. Keçdiyi 
								mənalı ömür yolunda, xalqın elm, təhsil və 
								maarifə yiyələnməsi uğrunda apardığı şərəfli 
								mübarizələrlə dolu həyatında Teymur bəy 
								Bayraməlibəyov çox böyük işlər görmüşdür. Ümid 
								edirik  ki, Teymur bəy Bayraməlibəyovun bizə 
								qoyub getdiyi irsi - əsərləri və dövri mətbuatda 
								çıxan məqalələri toplanılaraq kitab halında nəşr 
								olunacaqdır.   
								
								
								Esmira CAVADOVA,tarix üzrə fəlsəfə doktoru,
 
								
								
								Bəhman KƏRİMOV,tarix üzrə fəlsəfə doktoru
 |