Məmmədsadıq
Əhməd oğlu Əfəndiyev 1902-ci ildə Türkmənistanın
Aşqabad şəhərində anadan olub.
İlk təhsilini Nuxada (indiki Şəki) alan
Məmmədsadıq Əfəndiyev 12 yaşında anasını, 5 il
sonra isə atasını itirib. 1913-cü ildə Nuxa
klassik kişi gimnaziyasına daxil olub. Maddi
çətinliklər ucbatından 1919-cu ildən təhsilini
davam etdirməklə yanaşı, həm də mətbəədə çalışıb
və Nuxa Bolşevik Təşkilatına üzv yazılıb. Ordu
sıralarında olarkən Bakıda hərbi məktəbdə oxuyub.
Sovet hərbi məktəbinin ilk məzunlarından olan
Məmmədsadıq Əfəndiyev 1920-ci ildən hərbi sahədə
çalışmağa başlayıb.
1920-ci ilin ortalarından 1925-ci ilə qədər
Ümumittifaq Fövqəladə Komissiyası orqanlarında
çalışıb. Xüsusi xidmət orqanlarının təcrübəli
işçisi kimi Azərbaycanda və İranda mühüm
tapşırıqlar yerinə yetirib. Peşəkarlığına və
nümunəvi fəaliyyətinə görə Dövlət Təhlükəsizlik
Komitəsinin Kollegiya üzvü seçilib, qızıl
silahla təltif edilib.
Səhhətindəki problemlərlə bağlı 1925-ci ildə
istefaya çıxdıqdan sonra Bakı Türk Fəhlə
Teatrının direktoru, Dövlət Opera və Balet
Teatrının direktor müavini, Teatr Texnikumunun
direktoru, Azərbaycan Tamaşa Müəssisələri
İdarəsinin direktoru və direktor müavini
vəzifələrində uğurla fəaliyyət göstərib, Moskva
Dövlət Kinematoqrafiya İnstitutunda, Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında və
Pokrovski adına Kommunist Universitetində
işləyib.
1931-ci ildə Moskva Qırmızı Professura Ədəbiyyat
İnstitutuna qəbul olub. Elmi tədqiqat mövzusu
üzərində işə başlasa da, Mərkəzi Komitə
tərəfindən yeni vəzifəyə təyin olunduğuna görə
dissertasiyasını müdafiə edə bilməyib.
1935-1937-ci illərdə Azərbaycan SSR Baş Siyasi
İdarəsinin rəisi, Azərbaycan KP MK-nın təbliğat
və təşviqat, mətbuat və nəşriyyat şöbələrinin
müdiri vəzifələrində çalışıb.
1937-ci ildə xalq maarifi komissarı təyin edilib.
Bir ilə yaxın Azərbaycan təhsilinə uğurla
rəhbərlik edib.
1938-ci ildə haqsız olaraq həbs edilib.
Uzunsürən araşdırmalardan sonra 1940-cı ildə
həbsdən azad olunub.
Sonralar Azərbaycan SSR Xalq Komissarları
Sovetinin sosial-mədəni qrupunun rəhbəri, Karl
Marks adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun direktoru və Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının direktoru
işləyib.
Məmmədsadıq Əfəndiyev 1942-ci ildə cəbhəyə
göndərilib və həmin il həlak olub. |