Rusiyada ali məktəblərə qəbul qaydaları dəyişir
Rusiyanın ali məktəblərinə cari ildə keçirilmiş
qəbul imtahanları gedişində müşahidə olunmuş
qanun pozuntuları ölkənin Təhsil və Elm
Nazirliyi qarşısında təxirəsalınmaz vəzifələr
qoyub. Nazirlik ali məktəblərə qəbul qaydalarını
dəyişmək qərarına gəlib. Təhsil və elm naziri
Andrey Fursenkonun sözlərinə görə, avqustun
sonlarında qəbul qaydalarına olunacaq dəyişiklik
paketi ictimaiyyətin müzakirəsinə təqdim
olunacaq. Beləliklə də gələn il ali məktəblərə
qəbul artıq yeni qaydalar üzrə aparılacaq. Bəzi
məlumatlara görə, yeni qaydalara əsasən,
olimpiada qalibləri və güzəştləri olan
abituriyentlər digər ali məktəblərin
abituriyentlərinə rəqabət yaratmamaq üçün qəbul
zamanı öz üstünlüklərindən yalnız bir ali məktəb
müəssisəsində yararlana bilərlər. Vahid dövlət
imtahanları üzrə kifayət qədər yüksək bal
toplamış abituriyentlər, eləcə də güzəştli
kateqoriyalardan olanlar eyni vaxtda bir neçə
ali məktəbə sənəd verə bilərlər.
Bundan əlavə, ali məktəblərin saytlarında sənəd
vermiş bütün abituriyentlərə nəzarət edəcək
xüsusi avtomat sistem yaradılacaq. Nazir qeyd
edib ki, ölkənin ali məktəblərində hər min
nəfər məzun yerindən 450-si dövlət sifarişlidir.
Birinci kursların büdcə yerlərinə 230 min
abituriyent qəbul olunub, onlardan 4,2 mini
olimpiada qalibləri və 7,7 mini güzəştlər
kateqoriyasına aid olanlardır.
Estoniya təhsil islahatlarına başlayır
Estoniyanın Təhsil Nazirliyində keçirilən
müşavirədə ölkənin təhsil sistemində islahatlar
məsələsi müzakirə olunub. Müşavirədə təhsil
naziri Yak Aaviksoo və rektorlar şurasının
üzvləri iştirak ediblər. Nazirin sözlərinə
görə, müzakirə olunan məsələlər üzrə hər hansı
fikir ayrılığı müşahidə olunmayıb. "Bütün
iştirakçılar təhsil sahəsində ciddi islahatların
aparılması və nəticələrin parlamentə təqdim
olunmasına razıdırlar. Məsələyə dair prinsipial
fikir ayrılıqları qalmadı",-deyə Y.Aaviksoo
bildirib. Ali təhsil sahəsində islahatlar, ilk
növbədə, pulsuz təhsil və tələbələrin dərs yükü
ilə əlaqədardır. Nazir hesab edir ki, tələbələr
100 faiz dərs yükünə malik olmalıdırlar. Onun
sözlərinə görə, əgər biz istəyiriksə tələbələr
tam tədris yükü ilə oxusunlar, onda zərurət
yarandığı təqdirdə onlara dövlət yardımları
göstərilməlidir.
Tələbələri ən çox narahat edən məqam isə odur
ki, yalnız tam dərs yükünə əməl edənlər pulsuz
təhsil almağa iddia edə bilərlər. Estoniyanın
aparıcı universitetlərinin rektorları da hesab
edirlər ki, islahatlarla yanaşı, tələbələrin
dəstəklənməsi sistemi də işə düşməlidir.
Tələbələrin təkcə semestr ərzində deyil, bütün
il ərzində əldə etdikləri nəticələr nəzərə
alınmalıdır. Yalnız semestr üzrə
qiymətləndirmənin aparılması tədris işinin
keyfiyyətinə təsir edir.
Gürcü məktəblərində türk və italyan dilləri
tədris olunacaq
Gürcüstanın təhsil planları və qiymətləndirmə
milli mərkəzi italyan və türk dillərinin tədris
proqramları üzərində işləri başa çatdırıb.
Bununla əlaqədar Gürcüstanın təhsil nazirinin
müavini Koka Seperteladze və mərkəzin direktoru
Natiya Coxakadze brifinq keçiriblər. İtalyan və
türk dillərində tədris proqramlarının məzmunu
milli təhsil planının xarici dillər proqramının
hazırkı standartlarına əsaslanır. Proqram
üzərində işlərə ekspertlərlə yanaşı, İtaliya və
türk mütəxəssisləri də cəlb olunublar. Peşəkar
mütəxəssis və ekspertlərdən ibarət qrup tədrisin
istər ibtidai, istərsə də orta səviyyələrinin
müxtəlif mərhələləri üçün proqramlar hazırlayıb.
Amerika məktəblərində "açıq qapı" günləri 
Yeni dərs ili ərəfəsində Amerika məktəblərində
"açıq qapı" günləri keçirilir. Məktəbə ilk dəfə
qədəm qoyan uşaqlar "açıq qapı" günlərində
gələcək müəllimləri, sinif yoldaşları ilə
görüşürlər. Uşaqlar məktəbə dərs ləvazimatları
ilə gəlirlər. Şagirdlərin fərdi məlumatları əks
olunmuş sənədlər doldurulur, onlara oxuyacaqları
məktəb və onun tədris ənənələri barədə, onların
əməl etməli olduqları qaydaların sadalandığı
broşürlar verilir. Şagirdlər yeni müəllimlərin
müşayiəti ilə sinif otaqları, kitabxanalar,
laboratoriyalar, idman zalları, kompüter
otaqları, yeməkxana və digər otaqlarla tanış
olurlar.
Məktəb rəhbərliyi, ilk növbədə, birinci
siniflərə qəbul olunan uşaqlara xüsusi diqqət
göstərir.
İsraildə məktəb təhsili tam dəyişəcək
Avqustun
14-də İsrail hökuməti, yerli hakimiyyət
orqanları, orta ümumtəhsil məktəblərinin
müəllim Assosiasiyaları arasında məktəblərdə
islahatlara dair müqavilə imzalanıb.
İslahatın məqsədi müəllimlərin vəziyyətinin,
onların əməkhaqlarının və əmək şəraitinin
əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, eləcə
də tədris metodlarının təkmilləşdirilməsidir.
İslahatlar çərçivəsində müəllimlərin əməkhaqları
əhəmiyyətli dərəcədə - 51 faiz artırılacaq.
Müəllimlərin mükafatlandırılması və
həvəsləndirilməsi onların fəaliyyətinin
keyfiyyət qiymətləndirilməsi əsasında
aparılacaq. Bütün müəllimlərin
mükafatlandırılması onların pedaqoji və sosial
nailiyyətlərinə əsaslanacaq.
Məktəb direktorunun statusu möhkəmləndiriləcək
və onun səlahiyyətləri genişləndiriləcək.
Təhsil Nazirliyinin məlumatına görə, islahat
proqramının həyata keçirilməsi üçün nazirliyin
əməkhaqqı fondu 3 milyard şekel (İsrail pul
vahidi) artırılacaq. Məktəblərin maddi -texniki
bazasına da bir neçə yüz milyon şekel
xərclənəcək. Layihənin cari tədris ilindən
başlanmasına nail olmaq üçün bütün məktəb
kollektivləri ilə müqavilələr imzalanıb və
sentyabrın 1-dən islahatlar ölkənin 50
məktəbində həyata keçiriləcək. Digər məktəblər
də tezliklə proqrama cəlb olunacaqlar.
2014-2015 -ci tədris ilində proqram bütün
məktəblərdə başa çatdırılacaq. 2011-2012-ci
dərs ilində işə qəbul olunan müəllimlər yeni
islahat proqramı ilə işləyəcəklər.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |