Dublin
Universitet Kolleci (University College Dublin)
İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşir
və ölkənin ikinci ən böyük ali məktəbidir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə tərtib etdiyi dünya
universitetlərinin reytinq cədvəlində Dublin
Universitet Kolleci 100 ən yaxşı ali məktəb
arasında 89-cu yeri tutub. "Times Higher
Education World University Rankings"in 2010-cu
il üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında apardığı araşdırmaya əsasən, Dublin
Universitet Kolleci 94-cü, "QS World University
Rankings"in açıqlamasına görə isə 114-cü yerdə
qərarlaşıb.
Tarixi
Dublin Universitet Kollecinin tarixi 1854-cü
ildə yaradılmış İrlandiya Katolik Universiteti
ilə bağlıdır. Həmin dövrdə irlandiyalı
katoliklərə katolik azadlığından sonra daha
yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol
Kallenin rəhbərliyi altında universitet yaratmaq
ideyası irəli sürülür.
XIX
əsrdə İrlandiyada konfessional (dini) təhsil
məsələsi mübahisəli idi. Katolik məktəblər
iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində
yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək,
Dublin Triniti Kollecini katolik alternativi ilə
təmin etmək niyyətində idilər. Dublin Triniti
Kolleci anqlikan (İngiltərədə protestant dininin
bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci
ildən burada katoliklər də təhsil almağa
başlayır, lakin universitetin dini sənədində
katoliklərin kollecin rəhbər orqanlarında vəzifə
tutmasının istisnası haqqında göstəriş öz əksini
tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində
Katolik Universitet yaratmaq haqqında qərar
qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada
yeni Katolik Universiteti yaradılır və müqəddəs
Con Henri Nyumen universitetin birinci rektoru
təyin olunur. Daha sonra universitetin 3 binası
fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti
altında Sent-Patrik və ya Universitet binası,
Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və
Nyumenin şəxsi nəzarəti altında Sent-Meri
binaları.
Nyumenin rəhbərlik etdiyi Sent-Meri binasında
ilk 8 tələbədən 2-si irland, 2-si ingilis, 2-si
şotland və digər 2-si isə fransız olub. Bu
tələbələr baron, qraf və lord övladları idi,
sonradan onların arasına 2 belçikalı şahzadə də
əlavə olunur. Nyumenin malik olduğu nüfuz
universitetə tələbələrin axınına səbəb olur.
Universitetin ilk tələbələri arasında
İrlandiyanın siyasi lideri Daniil OTKonnelin
nəvəsi də təhsil alıb.
Katolik
Universiteti özəl ali məktəb olduğu üçün Kral
xartiyası almır və bu səbəbdən maliyyə çətinliyi
çəkir. 1857-ci ildə Nyumen universiteti tərk
etdikdən sonra burada ciddi böhran yaşanır.
Universitetə yeni rəhbər Varfolomey Vudlok təyin
olunur və o, 1879-cu ilədək bu ali məktəbə
başçılıq edir. V.Vudlok universitetin ərazisinin
genişlənməsi üzrə işlər aparır. 1880-ci ildə
İrlandiya Kral Universiteti yaradıldıqdan sonra
bu tendensiya dəyişir. Katolik Universitetinin
Sesiliya küçəsindəki Tibb Məktəbi, əsrarəngiz
memarlıq abidələri hesab edilən 2 binası -
Nyumen Haus və Sent-Stefan, eləcə də universitet
kilsəsi universitetdən qalan ən gözəl
nümunələrdir. Kollecin bir çox işçi və
tələbələri sonradan İrlandiya dövlətinin
inkişafında mühüm rol oynayır. Onlardan Patrik
Pirs, Hyu Kennedi, Eoin Makneyll, Ceyms Rayan,
Duqlas Hayd, Con Kostello və digərlərini qeyd
etmək olar.
1908-ci ildə "İrlandiya universitetləri
haqqında" qanun qəbul edilir, həmin sənədə
əsasən Kral Universiteti ləğv edilir və
İrlandiya Milli Universiteti ilə əvəz olunur.
İrlandiya Milli Universiteti Dublin, Qoluey və
Kork kolleclərinin birləşməsi nəticəsində
yaranır.
Birinci Dünya müharibəsi dövründə İrlandiya
könüllülərinin əksəriyyəti, eləcə də Dublin
Universitet Kollecinin tələbə və müəllimləri
britaniyalıları dəstəkləyir. 1940-cı illərin
əvvəllərində Dublin Universitet Kolleci ölkədə
üçüncü ən böyük dövlət ali məktəbinə çevrilir.
Dublin şəhərinin mərkəzində kollecin kampusunun
genişləndirilməsi üzrə bir neçə dəfə uğursuz
cəhdlərdən sonra şəhərin kənarında ali məktəbin
müasir kampusunun tikintisinə başlamaq qərarı
qəbul olunur. Bu qərarın icrasına 1960-cı
illərdə Dəqiq elmlər fakültəsinin Dublin
şəhərinin kənarında 1,4
km²
(350 akr) Belfild ərazisinə köçürülməsindən
sonra başlanılır. Bir müddətdən sonra Belfild
müasir binalardan, kollec, yataqxana, istirahət
mərkəzlərindən ibarət əzəmətli kampusa
çevrilir.
1997-ci
ildə qəbul edilmiş "Universitetlər haqqında"
qanundan sonra Dublin Universitet Kolleci
İrlandiya Milli Universiteti çərçivəsində
yaranan əsas təhsil müəssisəsinə çevrilir.
2004-cü ildə Dublin Universitet Kolleci
yaradılmasının 150 illiyini təntənəli olaraq
qeyd edir.
2007-ci ildə kollecin sonuncu departamenti
Erlfort ərazisindən Belfild kampusuna köçürülür.
Büdcəsi və təhsil haqqı
Dublin Universitet Kollecinə Avropa İttifaqı
üzvü olan ölkələri təmsil edən tələbələrin
qəbulu kollec tərəfindən deyil, Mərkəzi Ərizələr
Ofisi (Central Applications Office) tərəfindən
aparılır. Abituriyentlər ali məktəbə qəbul olmaq
üçün buraxılış imtahanlarında əldə etdikləri
nəticələri təqdim etməlidirlər. Ofis kollecdə
ayrılan yerlərlə abituriyentlərin
göstəricilərini uyğunlaşdırdıqdan sonra avqustun
ortalarında qəbulun nəticələri açıqlanır. Avropa
İttifaqı üzvü olmayan ölkələri təmsil edən
abituriyentlər kollecə qəbul olmaq üçün bir sıra
mərhələlərdən keçməlidirlər. Əlillər, yaşlı və
ya maddi durumu çətin olan tələbələr digər
proqramlar əsasında bu ali məktəbə qəbul
edilirlər.
2011-2012-ci tədris ilində Dublin Universitet
Kollecində Avropa İttifaqı ölkələrindən olan
tələbələrin təhsil haqqı bakalavr səviyyəsində
onların oxuduğu kollec və məktəbdən asılı olaraq
5784-13915 avro, magistratura və doktorantura
səviyyəsində isə 3200-5400 avro təşkil edir.
Avropa İttifaqına daxil olmayan ölkələri təmsil
edən tələbələrin təhsil haqqı bakalavr
səviyyəsində tələbənin qəbul olunduğu kollec və
məktəbdən asılı olaraq 14850-39200 avro,
magistratura və doktorantura səviyyəsində isə
6700-11400 avro arasında dəyişir.
Universitet
bu gün
Dublin Universitet Kollecinin Belfild kampusu
Dublin şəhərindən 4 km cənubda 133 hektar
ərazidə yerləşir. Kampus akademik binalar,
elmi-tədqiqat institutları, kitabxana, tələbə
kəndləri, idman və istirahət kompleksləri, eləcə
də digər müəssisələrdən ibarətdir.
Kampus ərazisindəki binalardan Ceyms Coys
kitabxanası, Baytarlıq Məktəbinin binası və
binanın qarşısındakı böyük "Noah yumurtası",
İncəsənət, Biznes məktəbləri, Konvey İnstitutu,
NovaUCD tədqiqat mərkəzi, Qlenomena yataqxana
kompleksini qeyd etmək olar. Belfild kampusu
müxtəlif beynəlxalq elmi və professional
konfransların, yay məktəblərinin təşkil olunduğu
məkan kimi tanınır.
Dublin Universitet Kolleci məktəblərə bölünmüş 7
kollecdən ibarətdir:
Kənd Təsərrüfatı, Qida Elmləri və Baytarlıq
Elmləri Kolleci universitetin ən böyük
bölməsdir. Kollecə Kənd Təsərrüfatı, Qida
Elmləri, Baytarlıq Elmləri; Biologiya və
Ekologiya; Biomolekulyar və Biotibbi Elmlər;
Kimya və Kimya Biologiyası; Tibb və Tibb
Elmləri; Tibb Bacısı, Mamalıq və Səhiyyə
Sistemləri; İctimai Səhiyyə, Fizioterapiya və
Əhali Elmləri məktəbləri aiddir.
İncəsənət və Kelt Tədqiqatları Kolleci humanitar
elmlər üzrə proqramlar təklif edir. Kollecdə
Arxeologiya; İncəsənətin Tarixi və Mədəni
Siyasət; Klassika; İngilis Dili, Drama və Kino;
Tarix və Arxiv; İrland, Kelt Tədqiqatları,
İrland Folkloru və Dilçiliyi; Dillər və
Ədəbiyyatlar; Musiqi məktəbləri fəaliyyət
göstərir.
Biznes
və Hüquq Kolleci Biznes, Hüquq məktəblərindən
ibarətdir. Beynəlxalq əhəmiyyətli nüfuza malik
olan bu məktəblər ölkənin ən tanınmış şəxslərini
yetişdirib.
Mühəndislik və Memarlıq Kolleci sənaye
müəssisələri ilə əməkdaşlıq edərək təhsil və
tədqiqat işləri həyata keçirir. Kollecə 6 məktəb
(Memarlıq; Biosistem Mühəndisliyi; Vətəndaş,
Struktur və Ekologiya Mühəndisliyi; Kimya və
Bioproses Mühəndisliyi; Elektrotexnika,
Elektronika və Kommunikasiya Mühəndisliyi;
Mexanika və Materialşünaslıq) daxildir.
Məktəblərdə maşınqayırma, memarlıq, energetika,
biotibb, tibbi avadanlıq, nəqliyyat,
kommunikasiya, tikinti, emal sənayesi və digər
sahələr üzrə innovativ tədqiqatlar aparılır.
Tibb Kollecində tibb, fizioterapiya, ictimai
səhiyyə, rentgenoqrafiya və digər sahələr üzrə
tədqiqatlar həyata keçirilir. Kollecdə Tibb və
Tibb Elmləri; Tibb Bacısı, Mamalıq və Səhiyyə
Sistemləri; İctimai Səhiyyə, Fizioterapiya və
Əhali Elmləri məktəbləri mövcuddur.
Humanitar Elmlər Kolleci universitetin ən
dinamik inkişaf edən kollecidir. Kollec Tətbiqi
Sosial Elmlər; İqtisadiyyat; Pedaqogika;
Coğrafiya, Planlaşdırma və Ekoloji Siyasət;
İnformasiya və Kitabxanaçılıq Elmləri; Fəlsəfə;
Siyasət və Beynəlxalq Əlaqələr; Psixologiya;
Sosial Ədalət; Sosiologiya məktəblərindən
ibarətdir.
Dəqiq Elmlər Kolleci biologiya, kimya,
geologiya, riyaziyyat, fizika, kompüter elmləri
üzrə müxtəlif proqramlar təklif edir. Kollecdə
Biologiya və Ekologiya; Biomolekulyar və
Biotibbi Elmlər; Kimya və Kimya Biologiyası;
Kompüter Elmləri və İnformatika; Geologiya
Elmləri; Riyaziyyat Elmləri; Fizika məktəbləri
vardır.
Dublin
Universitet Kollecinin prezidenti 2004-cü ildən
doktor Hyu Beydidir. Universitetin rektoru isə
Filip Nolandır. Kollecdə ümumilikdə 4600 işçı
çalışır. Əməkdaşların 1322 nəfərini
professor-müəllim, qalanlarını isə inzibati
heyət təşkil edir.
Ötən tədris ilində Dublin Universitet Kollecində
25000-dən çox tələbə təhsil alıb. Tələbələrin
beş minini dünyanın müxtəlif ölkələrindən olan
əcnəbi tələbələr təşkil edib. Kollecin
tələbələri arasında bir çox ölkələrdən gələn
İrlandiya diasporunun nümayəndələri üstünlük
təşkil edir. Eyni zamanda kollecdə təhsil alan
tələbələr Erasmus Mundus proqramı,
"Universitetlər 21" qlobal tədqiqat
universitetləri şəbəkəsi çərçivəsində digər
ölkələrin ali məktəblərində təhsil almaq
imkanlarına malikdirlər.
Kollecdə 50-yə qədər müxtəlif tələbə qruplaşması
fəaliyyət göstərir. Bunlara incəsənət,
ticarət-iqtisadiyyat, dini (Xristian, İslam,
Dünyəvi Humanist), elmi, fəlsəfi, klassik,
xeyriyyəçi və s. tələbə cəmiyyətləri aiddir.
Kollecdə ən qədim cəmiyyət Ədəbiyyat və Tarix,
ən çox üzvü olan isə Dublin Hüquq (5248 nəfər)
cəmiyyətləridir. Dublin Universitet Kollecinin
Tələbə Təşkilatı 1974-cü ildən fəaliyyət
göstərir.
Dublin Universitet Kollecinin yataqxanalarında
3000-dən çox tələbə, eləcə də ali məktəbin
əməkdaşları qalır. Yataqxanada qalanların həyat
tərzini yüksəltmək məqsədilə burada ən müasir
şərait yaradılıb. Belfild kampusunda tələbələrin
məskunlaşması üçün xüsusi tələbə kəndləri
mövcuddur. Onların arasında ən çox tələbə
tutumuna malik olanları Qlenomena, Belqrov
yataqxana kompleksləridir.
Dublin
Universitet Kollecində çox güclü idman ənənəsi
mövcuddur. Universitetin Herlinq komandası
dəfələrlə ölkə çempionatının qalibi olub,
xokkey, basketbol, qadınlardan ibarət voleybol,
reqbi, tennis, futbol, kriket komandaları
müxtəlif çempionatlarda qalibiyyət əldə ediblər.
Universitet idmançıları tennis üzrə 8,
qılıncoynatma üzrə 5, sonradan isə 10 il
dalbadal çempionlar kubokunu qazanıblar. Belfild
kampusunda İrlandiyanın ən yüksək səviyyəli
idman kompleksləri yerləşir. Bunlardan milli
xokkey stadionunu (burada qadın xokkeyçilərin
dünya kuboku, kişi xokkeyçilərin Avropa Final
çempionatı keçirilib), reqbi və futbol
stadionlarını, ölkədə ən böyük fitnes mərkəzini,
skvoş, tennis kortlarını, qapalı meydançaları,
qayalara dırmaşma divarlarını, iki böyük idman
zalını və s. qeyd etmək olar. Hazırda kollecdə
50-dən çox idman klubu fəaliyyət göstərir.
157 ildir ki, Dublin Universitet Kollecinin
məzunları İrlandiyanın müstəqil Avropa ölkəsi
kimi dinamik inkişafında mühüm rol oynayır.
Kollec yüksək keyfiyyətli təhsil, tədqiqat və
təqaüd proqramları həyata keçirir, biznes,
hasilat, siyasət və xidmət sahələrinin gələcək
inkişafı məqsədilə yeni metodlar tətbiq edir.
Kollecdə iqlim dəyişməsi və sabit inkişaf,
informasiya və kommunikasiya texnologiyaları,
genetika, tibb və digər sahələr üzrə ən qabaqcıl
elmi tədqiqatlar aparılır.
Yaradıcı və uğurlu fəaliyyəti ilə İrlandiyanın,
bütövlükdə bəşəriyyətin çiçəklənməsinə xidmət
edən Dublin Universitet Kolleci ali məktəbin
prezidenti Hyu Beydinin qeyd etdiyi kimi, müasir
və intellektual düşüncəli insanların üzünə
həmişə açıqdır.
Universitetin məşhur məzunları
|
Ketrin Dey |
Avropa Komissiyasının baş katibi |
|
|
Duqlas Hayd |
İrlandiyanın ilk prezidenti |
|
|
İmon de Valera |
İrlandiyanın 3-cü prezidenti |
|
|
Kerbholl Dalaigh |
İrlandiyanın 5-ci prezidenti |
|
|
Patrik Hilleri |
İrlandiyanın 6-cı prezidenti |
|
|
Varahagiri Venkata Giri |
Hindistanın 4-cü prezidenti |
|
|
Con Kostello |
İrlandiyanın 1-ci baş naziri |
|
|
Çarlz Hoqi |
İrlandiyanın 6-cı baş naziri |
|
|
Qarret Fitsjerald |
İrlandiyanın 7-ci baş naziri |
|
|
Jon Bruton |
İrlandiyanın 9-cu baş naziri |
|
|
Brayan Kouen |
İrlandiyanın 11-ci baş naziri |
|
|
Ceyms Coys |
İrlandiya yazıçısı |
|
|
Gebriel Birn |
tanınmış irland aktyoru |
|
|
Nil Cordan |
irlandiyalı rejissor və prodüser |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |