| 
								Respublikamız üçün savadlı  və peşəkar müəllim 
								kadrlarının hazırlanması və təkmilləşməsi 
								prosesində aparıcı rol oynayan BPKİYİ bu gün öz 
								üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. 
								İnstitut həm də xarici dil mütəxəssislərinin  
								ixtisasartırma sahəsində elm və tədris mərkəzi 
								rolunu oynayır. 
								Biz, bir qrup orta məktəb müəllimi bu il iyunun 
								1-dən 24-dək Bakıdakı 47 nömrəli  orta məktəbdə 
								BPKİYİ tərəfindən  təşkil olunan ixtisasartırma 
								kurslarında iştirak etdik və çox razı qaldıq. 
								Burada yüksək səviyyəli mütəxəssislər bizə dərs 
								deyirdilər. Dərslər yeni texnologiyalar əsasında 
								keçilirdi. Xüsusən də BPKİYİ-nin Xarici dillər 
								kafedrasının müdiri Rəfiqə Əliyevanın  təşkil 
								etdiyi dərslər və oraya respublikamızın bir sıra 
								görkəmli  müəllimlərinin - "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qaliblərinin cəlb edilməsi 
								təqdirəlayiq idi. Onlardan bəzilərini xüsusilə 
								qeyd etmək istərdim: Rəfiqə Əliyeva ("Fəal 
								dərsin quruluşu və yeni təlim metodlarının 
								tətbiqi  ilə model dərslərin hazırlanması"),  
								Xalidə Rüstəmova ("Dərsin planlaşdırılması"), 
								Solmaz Quliyeva ("Ətraf mühit"), Elmira 
								İlizarova ("Mən və mənim  fəaliyyətim"), Təranə 
								Böyükzadə ("Dərs prosesində oyunların tətbiqi"), 
								Qəmər Rüstəmova ("Yazı və dinləmə", "Yuxarı 
								siniflərdə inşaların tədrisi"), Dilarə 
								Bünyatova  ("Kurikulum"), Natavan Daştıyeva 
								("İbtidai siniflərdə qavrama qabiliyyətinin 
								inkişafı") və başqaları. 
								Tədris prosesinin əsas məqsədi mənəvi dəyərləri 
								dərk etmək, müstəqil düşünmək, vacib qərarlar 
								qəbul etmək, tək və qrup şəklində araşdırmalar 
								aparmaq, şəraiti düzgün qiymətləndirməklə 
								şagirdlərin məntiqi, tənqidi və yaradıcı 
								təfəkkürünü inkişaf etdirməkdir.  
								Təlim zamanı biz yeni metodlara əsaslanaraq, 
								tədris prosesinin əsas məqsədini mənimsədik və 
								bu, əlbəttə, gələcəkdə işimizi düzgün 
								istiqamətləndirməyə kömək edəcək. 
								Öz ixtisasımız sahəsində yeni biliklər, yeni 
								təlim texnologiyalarına yiyələndik və əminəm ki, 
								yeni dərs ilində əldə etdiyimiz bu biliklər bizə 
								dərslərimizi daha səmərəli qurmağa, 
								şagirdlərimizin ünsiyyət bacarıqlarının 
								formalaşmasına yardımçı olacaqdır.  
								Kursun yüksək səviyyədə təşkilinə görə başda 
								rektor, professor Asəf Zamanov olmaqla 
								institutun bütün kollektivinə təşəkkürümüzü 
								bildiririk.   
								
								
								Kamilə KƏBİRLİ,Bakıdakı E.Yəhyayev adına 56 nömrəli orta 
								məktəbin müəllimi
 |