Artıq beşinci ildir ki, ali məktəblərə qəbul
imtahanlarında ən yüksək - 700 bal zirvəsi fəth
olunur. Bu il estafeti Ləman Məmmədova, Cahandar
Camallı, Xavər Feyzullayeva və Əli Əliyev davam
etdiriblər. Onların hamısı Bakı məktəblərinin
builki məzunlarıdır.
Tələbə adını qazanmış bu 4 gənc 700 ballıq
nəticə ilə imtahan verdiyi I qrupun və
bütövlükdə builki abituriyentlərin liderinə
çevrilib. Həmin qalib gənclər haqqındakı
yazıları oxucularımıza təqdim edirik.
Məmmədova
Ləman Elşən qızı
1993-cü il noyabrın 27-də Bakıda ziyalı
ailəsində anadan olub. 2000-ci ildə Bakının
Sabunçu rayonundakı N.Rzayev adına 169 nömrəli
məktəbin I sinfinə qəbul olub. 2011-ci ildə
həmin məktəbi "əla" qiymətlərlə bitirib. Təhsil
aldığı bu illər ərzində məktəbin bütün ictimai
işlərində fəal iştirak edib. Dəfələrlə inşa
müsabiqələrində, olimpiadalarda iştirak edib,
diplomlar alıb. XI sinifdə oxuyarkən məktəblilər
arasında riyaziyyat fənni üzrə keçirilən
olimpiadada Bakı şəhəri üzrə I yeri tutub.
2011-ci ildə ali məktəblərə qəbul imtahanlarında
I ixtisas qrupu üzrə yüksək bilik nümayiş
etdirərək 700 bal toplayıb. Qafqaz
Universitetinə daxil olan Ləman burada
informasiya texnologiyaları və sistemləri
mühəndisliyi ixtisasına yiyələnəcək.
Bu günlər redaksiyamızın qonağı olan Ləman
Məmmədova öz sevincini bizimlə bölüşdü:
-
Hələ uşaqlıqdan oxumağa böyük həvəsim olub. Atam
mühəndis, anam Xatirə Əlibəyova riyaziyyat
müəllimidir. Yaxşı oxumağımda onların əməyi
danılmazdır. Elə bu uğurum üçün mənə
yaratdıqları şəraitə və mənəvi dəstəyə görə
valideynlərimə minnətdaram. Eyni zamanda ibtidai
sinif müəllimim Gülcənnətə, sinif rəhbərim və
kimya müəllimim Dürdanəyə, riyaziyyat müəllimim
Gülşənə, fizika müəllimim Yeganəyə, ingilis dili
müəllimim Solmaza, Azərbaycan dili müəllimim
Arifəyə və əlbəttə, məktəbimizin direktoru
Elnarə xanıma öz dərin təşəkkürümü bildirirəm.
Ən böyük arzum daxil olduğum ali məktəbi də
"əla" qiymətlərlə başa çatdırmaq və gələcək
illərdə təhsilimi dünya şöhrətli Amerika
universitetlərindən birində davam etdirmək, daha
sonra doğma Azərbaycana qayıdıb layiqli bir
mütəxəssis kimi xalqıma xidmət etməkdirE
Bu yolda Ləmana biz də uğurlar arzulayırıq.
Camallı Cahandar İlqar oğlu
1994-cü il iyulun 22-də Naxçıvan MR-in Şərur
rayonunun Çomaxtur kəndində anadan olub. 1997-ci
ildə valideynləri ilə birlikdə Bakı şəhərinə
köçüblər. 2000-ci ildə Bakının Xətai rayonundakı
263 nömrəli orta məktəbin birinci sinfinə daxil
olub. Bu təhsil ocağında oxuduğu illərdə
olimpiada və müsabiqələrdə çox az iştirak edib.
Amma birinci qrup üzrə hazırlaşdığı fənlərdən
"beş", qalan fənlərdən "dörd" də alıb. Əsas
məqsədi isə TQDK-nın keçirdiyi sınaq və qəbul
imtahanlarında yüksək nəticə göstərmək idi. Son
sınaq zamanı 663 bal toplayıb. Cahandar sınaq
imtahanlarında daha çox mexaniki səhvlərə yol
verdiyini bildirdi. O özü etiraf edərək deyir
ki, qəbul imtahanında çalışıb bu səhvlərimi
düzəltdim. Bir qədər həyəcanlı olsam da,
sualların 125-ni də cavablandırandan sonra
həyəcanım tamamilə keçdi. Özümə çox inanırdım.
Yüksək nəticə göstərəcəyimə əmin idim.
Mənim 700 bal yığmağımın əsas səbəblərindən biri
də valideynlərimin mənə yaxından dəstək olması
idi.
Bir neçə gün əvvəl 700 bal toplamış
abituriyentlərə Türkiyənin Sabançı
Universitetindən pulsuz oxumaq təklifi edilsə də
Cahandar hələ ki, təhsilini Azərbaycanda davam
etdirmək fikrindədir. Qafqaz Universitetinin
kompüter mühəndisliyi ixtisasını seçib.
O, əldə etdiyi bu yüksək uğurun qazanılması üçün
yaradılan lazımi şəraitə görə, ilk növbədə,
valideynlərinə borclu olduğunu söyləyir. Eyni
zamanda, məktəbin direktor müavini Nərgiz
xanıma, sinif rəhbəri Südabə müəllimə, sevimli
fizika müəllimi Elmiraya, kimya müəllimi
Ulduzəyə və məktəbin bütün müəllim kollektivinə
dərin təşəkkürünü bildirir.
Cahandarın ən böyük arzusu seçdiyi ixtisas üzrə
xarici ölkə universitetlərinin birində təhsil
alıb doğma vətənə qayıdaraq layiqli bir övlad
kimi müstəqil Azərbaycana xidmət etməkdir.
Feyzullayeva Xavər Canbulat qızı
1994-cü il fevralın 2-də Bakı şəhərində anadan
olub. 2000-ci ildə Bakıdakı 299 nömrəli məktəbin
1-ci sinfinə qəbul olunub. O, məktəbdə bilik və
bacarığı ilə bərabər, yüksək əxlaqi
keyfiyyətlərə malik bir şagird kimi tanınıb.
Təhsil aldığı məktəbin ictimai işlərində daim
fəal iştirak edib.
Xavər 2011-ci ildə oxuduğu 299 nömrəli məktəbi
bitirəndə attestatında yalnız bir fəndən -
biologiyadan "4" qiymət olub. O, X və XI
siniflərdə oxuyarkən TQDK tərəfindən keçirilən
sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal
toplayıb. Özünün dediyinə görə, sonuncu sınaq
imtahanında 690 bal toplayıb.
O, I ixtisas qrupu üzrə qəbul imtahanı zamanı
bütün suallara düzgün cavab yazaraq 700 bal
toplayıb və Qafqaz Universitetinə seçdiyi kimya
mühəndisliyi ixtisası üzrə qəbul olunub. O,
valideynlərinə, xüsusilə anası Səadət xanıma ona
psixoloji dəstək olduğuna görə minnətdarlığını
bildirir.
Eyni zamanda orta məktəbdə oxuduğu illərdə onun
yüksək təhsil almasında əməyi olan sevimli
müəllimləri - Reyhan, Qızxanım və ibtidai sinif
müəllimi Ballı müəllimə, ona ali məktəbə
hazırlaşmaqda yardımçı olan "Araz" kursu
kollektivinə, o cümlədən Ülvi və Cahanə
müəllimlərə öz dərin təşəkkürünü bildirir.
Xavər təhsildə, elmdə daha böyük uğurlar
qazanmağı qarşısına məqsəd qoyub.
Ölkə Prezidenti İlham Əliyev cənablarının
rəhbərliyi altında bu gün Azərbaycanda hər bir
kəsin yüksək təhsil alması üçün yaradılan münbit
şərait gəncləri daha yaxşı oxumağa sövq edir.
Xavərin də ən böyük arzusu bu təhsil ocağını
bitirdikdən sonra biliyini xarici ölkə
universitetlərinin birində daha da artırmaq,
Vətənə layiq övlad kimi yetişərək xalqımıza
xidmət etməkdir.
Arzusunun həyata keçməsində ona uğurlar
diləyirik.
Əliyev
Əli Rəhbər oğlu
1993-cü ildə Neftçala şəhərində anadan olub.
Atası mühəndis, anası Səadət xanım evdar
qadındır. Əli dünyaya gəldiyi il Bakıya
köçüblər. 2000-ci ildə o, Bakıdakı 27 nömrəli
ingilis dili təmayüllü məktəbin 1-ci sinfinə
qəbul olub. 2008-ci ildən Bakıdakı 287 nömrəli
"Zəkalar" liseyində təhsilini davam etdirib.
Özünün dediyi kimi əsas uğurları da elə bundan
sonra başlanıb. Riyaziyyat olimpiadalarında
iştirak edərək biliyini sınayıb. IX və XI
siniflərdə "Araz" kursunun keçirdiyi sınaqlarda
2 və 3-cü yerləri tutub. X sinifdə oxuyarkən
Qafqaz Universitetinin keçirdiyi III riyaziyyat
və məntiq olimpiadasında fərqlənən 30 şagirddən
biri olub. XI sinifdə oxuyarkən - 2011-ci ildə
keçirilən riyaziyyat olimpiadasında Bakı şəhəri
üzrə I yerə, respublika üzrə isə IV yerə çıxıb.
Bu il Xəzər Universitetinin keçirdiyi
olimpiadada I qrup üzrə 1-ci yerə layiq görülüb.
Eyni zamanda XI sinifdə oxuyarkən "Virtual
rinq", "Xəmsə", "Ağıl dəryası" kimi intellektual
teleoyunlarda iştirak edərək qalib olub. "Ağıl
dəryası" verilişində 2-ci yeri tutub finala
çıxan Əli imtahansız attestat və Şimali Kipr
Universitetində pulsuz oxumaq şansı qazanıb.
Attestatı isə ona təhsil naziri Misir Mərdanov
özü təqdim edib.
Qəbul imtahanı zamanı test kitabçasında olan 125
sualın hamısını 2 saat ərzində düzgün
cavablandıraraq 700 bal toplayıb. Beləliklə də
Əli arzu etdiyi Qafqaz Universitetinin
informasiya texnologiyaları və sistemləri
mühəndisliyi fakültəsini seçir və elə ora da
qəbul olunur. Gələcəkdə təhsilini xarici
ölkələrdə - Qərbi Avropa və Amerikada davam
etdirmək arzusundadır.
Əli Əliyev deyir ki, qazandığım bu uğura görə,
ilk növbədə, valideynlərimə, müəllimlərimə və
bir də özümə borcluyam. Xüsusilə, ibtidai sinif
müəllimim Elmira Nağıyevaya, riyaziyyat
müəllimim Rəfailə, fizika müəllimim Şamxala,
kimya müəllimim Atlasa, Azərbaycan dili
müəllimim Səlminaza, ingilis dili müəllimim
Amaliyaya, tarix müəllimim Abbasağaya və
məktəbimizin direktoru Aygün xanıma təşəkkürümü
bildirirəm.
Səhifəni hazırladı: Ədalət DAŞDƏMİRLİ |