| Bəşəriyyət 
								yarandığı gündən özünün inkişafını təmin etmək 
								üçün həmişə axtarışlar aparmış, yeni mexanizmlər 
								düşünülmüşdür. Bu zaman insanın böyüyüb 
								boya-başa çatması, rəqabətədavamlı şəxsiyyət 
								kimi formalaşması həmişə diqqət mərkəzində 
								saxlanılmışdır. Təhsil bəşəriyyətin bu tarixi 
								inkişaf yolunda ən unikal bir mexanizm kimi 
								meydana çıxmış, insanların əxlaqi, mənəvi və 
								fiziki cəhətdən inkişafını təmin edən bir sistem 
								kimi istifadə olunmağa başlamışdır. Bu gün də 
								təhsil fenomeni cəmiyyətin inkişaf dinamikasını 
								tənzimləyən, onu daha uğurla irəli aparan 
								potensial bir qüvvə kimi dəyərləndirilir. Ulu 
								öndər Heydər Əliyevin dediyi kimi, "Təhsil 
								sahəsi müqəddəs bir sahədir. Çünki təhsil sahəsi 
								uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl 
								vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün 
								mövcuddur". Görünür, elə bu səbəbdən də XXI əsr 
								özünün görüntüləri ilə "Təhsil əsri" 
								adlandırılmışdır. Ona görə də bütün 
								fəaliyyətlərin təhsilə yönlənməsi, onun humanist 
								prinsiplər əsasında qurulması əhəmiyyətli hesab 
								edilir.  Ölkəmizdə 
								ənənəvi sentyabr konfranslarının keçirilməsi 
								müəllimlərin, bütövlükdə təhsil işçilərinin bir 
								araya gələrək bu günü bayram etməsi, ona dəyər 
								verməsi əslində cəmiyyətimizdə təhsilə olan 
								yüksək münasibəti ifadə edir. Hər ilki 
								konfranslara müəllimlər özlərinin nail olduqları 
								uğurlar və qarşılaşdıqları çətinliklərlə 
								gəlirlər. Problemlərin həlli istiqamətində 
								müzakirələr aparırlar. Onlar həmişə olduğu kimi, 
								bu il də sentyabr konfranslarına toplaşacaq, 
								özlərinin gələcək fəaliyyətlərinin 
								istiqamətlərini müzakirə edərək, müvafiq 
								qərarlar qəbul edəcəklər.  Məlum olduğu 
								kimi, respublikamızda 1999-cu ildən başlayan 
								təhsil islahatları uğurla davam edir. Təhsilin 
								bütün pillələrində, o cümlədən ümumi təhsil 
								sahəsində quruculuq işləri planlı və ardıcıl 
								şəkildə aparılır. Artıq "Təhsil haqqında" 
								Azərbaycan Respublikasının Qanununun və 
								Azərbaycan Respublikasının Prezidenti cənab 
								İlham Əliyevin həmin Qanunun tətbiq edilməsi 
								barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına 
								uyğun olaraq ümumi təhsil sahəsinə aid olan 
								sənədlər yenidən hazırlanaraq istifadəyə 
								verilmişdir. "Ümumtəhsil pilləsinin dövlət 
								standartları  və proqramları (kurikulumları)", 
								"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", 
								"Ümumi təhsil pilləsində təhsil haqqında dövlət 
								sənədlərinin nümunələri və onların verilməsi 
								qaydası", "Ümumi təhsili xüsusi nailiyyətlərlə 
								başa vuran məzunların qızıl və gümüş medalla 
								təltif olunma Qaydası", "Təhsildə xüsusi 
								nailiyyətlərə görə qızıl və gümüş medalların 
								təsviri", "Təhsil proqramlarının 
								(kurikulumların) yerinə yetirilməsi müddəti" və 
								"Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası 
								haqqında Əsasnamə"dən ibarət olan bu 
								normativ-hüquqi sənədlər qlobal dünyanın 
								humanist və demokratik prinsiplərinə uyğun 
								hazırlanmışdır. Bu gün həmin sənədlərin 
								öyrənilməsi təxirəsalınmaz bir vəzifə kimi 
								qarşıda dayanır. Sentyabr konfranslarında onları 
								müzakirə obyektinə çevirmək bu gün sadəcə 
								təhsili idarə edənlər üçün deyil, həm də 
								müəllimlər, bütövlükdə pedaqoji ictimaiyyət üçün 
								əhəmiyyətli hesab edilir. Müstəqil 
								Azərbaycanın təhsil tarixində ilk dəfə təlim 
								nailiyyətlərinə görə şagirdlərin qızıl və gümüş 
								medallarla təltif olunmasından, bununla təlim 
								prosesində stimullaşdırıcı bir şəraitin 
								yaradılmasından önəmli bir hadisə kimi 
								danışılmalıdır. Ötən dərs ilində 37 nəfərin 
								qızıl, 16 nəfərin isə gümüş medal alması, 
								onların hamısının  ali məktəblərə daxil olması, 
								onların təhsildə yüksək nəticələr qazanması və 
								bu nailiyyətlərin əldə olunması üçün müvafiq 
								təlim texnologiyalarının seçilməsindəki 
								peşəkarlıqdan bəhs edilməlidir. Ümumtəhsil 
								məktəbləri üçün kurikulumların hazırlanması və 
								tətbiqi sahəsində ölkəmizdə aparılan işlər 
								mahiyyət etibarilə zamanın təkrar olunmayan və 
								Azərbaycan təhsilini dünyanın mütərəqqi təhsil 
								məkanı ilə əlaqələndirən pedaqoji 
								innovasiyalardır. Bu innovasiyalar məzmununda 
								milliliklə ümumbəşəriliyi birləşdirən, eyni 
								zamanda tarixən əldə olunmuş nailiyyətləri 
								ehtiva edən strukturdur. Onlar müasirlik 
								prizmasında unikal bir sistem kimi diqqəti cəlb 
								edir. İcbari təhsil 
								mərhələsindən sonra tam orta təhsilin təmayüllər 
								üzrə qurulması, eləcə də istedadlı uşaqlar üçün 
								siniflərin təşkil olunması sahələrində də 
								tədbirlərin həyata keçirilməsi milli təhsilimiz 
								üçün yeni və son dərəcə faydalıdır. Onun uğurla 
								tətbiq olunması və ölkə miqyasında geniş 
								yayılması üçün sağlam müzakirələrin aparılmasına 
								ehtiyac vardır. Ötən il 9380 
								yerlik 26 məktəbin istifadəyə verilməsi, 
								məktəblərin müxtəlif avadanlıqlarla təmin 
								olunması, "2008-2012-ci illərdə  Azərbaycan 
								Respublikasında təhsil sisteminin  
								informatlaşdırılması üzrə Dövlət Proqramı"na 
								uyğun olaraq 27 min nəfərin İKT-nın tətbiqi 
								üzrə  müxtəlif təlim kurslarından  keçməsi, 180 
								ümumtəhsil məktəbinə 1733 ədəd kompüter, 148 
								məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155 
								məktəbə 403 proyektor, 23 məktəbə 30 printer 
								verilməsi, Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş 
								ümumi təhsil müəssisələrinin sayının 503-dən 
								1100-ə çatdırılması, 2011-2012-ci dərs ili 
								ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 
								3463170 nüsxə dərsliyin çap edilməsi və onlardan 
								45 adda 1179750 nüsxəsinin  yeni fənn 
								kurikulumları ilə işləyən  siniflər üçün nəzərdə 
								tutulması, ümumtəhsil məktəblərinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsi, onun 
								tədris avadanlıqları və təlim vasitələri ilə 
								təmin olunması üçün ardıcıl olaraq tədbirlərin 
								həyata keçirildiyini göstərir. Onu da qeyd etmək 
								lazımdır ki, 2011-2012-ci dərs ilini  12180 
								nəfər şagird yeni tikilmiş 47 məktəbdə 
								qarşılayacaq.  Ölkəmizin 
								tarixində ilk dəfə ibtidai siniflərdə tətbiq 
								olunan yeni kurikulumlarla iş bu il başa çatır. 
								Əvvəlki illərdə olduğu kimi, 2011-2012-ci dərs 
								ilində də ümumtəhsil  məktəblərinin I 
								siniflərində dərs deyəcək 9 min nəfərədək, 
								Naxçıvan Muxtar Respublikasında isə 358 nəfər 
								ibtidai sinif  müəllimi təlim kurslarından 
								keçirilmiş və onlara müvafiq qaydada 
								sertifikatlar verilmişdir.  İbtidai təhsilin 
								nəticəyönümlü məzmununun tətbiqi sahəsində xeyli 
								təcrübə qazanılmışdır. İlk növbədə, şagirdlərin 
								təlim fəallığı artmış, bir subyekt kimi 
								problemlərin həllindəki rolu dəyişmişdir. Bundan 
								əlavə, onların kommunikativ, fiziki, ən 
								başlıcası isə idraki bacarıqlarının inkişafı 
								üçün imkan yaranmışdır. Müəllimin belə bir 
								təhsil sisteminin qurulmasını təmin edən maraqlı 
								tərəflərdən biri kimi funksiyası dəyişmişdir. O, 
								şagirdi öyrənməyə istiqamətləndirmək, onun 
								fəaliyyətini koordinasiya etmək keyfiyyəti 
								qazanmışdır. Aparılan 
								müşahidələr, keçirilən sorğular yeni sistemin 
								şagirdin idrak fəallığının yaranması, onun 
								sürətlə inkaşaf etməsini aydın şəkildə göstərir. 
								Lakin bu yeni sistemin tətbiq olunması 
								nöqsanlardan da xali deyildir. Ötən il yeni fənn 
								kurikulumlarının tətbiqi vəziyyəti Təhsil 
								Nazirliyi tərəfindən öyrənilərək 
								ümumiləşdirilmişdir. Bu zaman belə məlum 
								olmuşdur ki, "müəllimlərin müəyyən hissəsinin 
								fənn kurikulumlarında təsbit olunmuş məzmunun, 
								standartların reallaşdırılmasında qiymətləndirmə 
								standartlarının tətbiqi, interaktiv təlim 
								metodlarından səmərəli istifadə bacarıqlarının 
								təkmilləşdirilməsinə hələ də ehtiyac vardır". 
								Müşahidə və söhbətlər göstərir ki, bəzi 
								müəllimlər yeni təhsil siyasətinə uyğun olaraq 
								yaradılmış məzmunun xüsusiyyətlərini, onun 
								reallaşdırılması ilə bağlı strategiyaların 
								özünəməxsusluğunu şərh etməkdə çətinlik 
								çəkirlər. Onun xüsusi təlim şəraitində 
								öyrənilməsinə ehtiyac duyurlar.  Bu dərs ilində 
								ümumtəhsil məktəblərinin V-XI siniflərində 
								təhsilin ənənəvi məzmunu tətbiq olunacaqdır. 
								Əvvəlki dərs ilindən fərqli olaraq bu il 
								fakültativ, fərdi və qrup məşğələlərinin 
								hesabına yalnız X sinifdə kimya-biologiya, XI 
								sinifdə isə fizika və fiziki coğrafiya 
								fənlərinin həftəlik saatlarının miqdarı 
								artırılaraq 2 saata çatdırılmışdır. Əslində bu, 
								1999-cu ildə təsdiq olunmuş Bazis tədris 
								planından cari dərs ilində yenə də istifadə 
								olunacağını diktə edir. Yeni təhsil sisteminə 
								keçidin tədriciliyi hələ bir müddət  bu 
								vəziyyətin davam edəcəyini göstərir. Bununla belə o 
								da məlumdur ki, artıq ümumtəhsil məktəblərinin 
								kurikulumlarının hazırlanması işi başa çatmış, 
								Azərbaycan Respublikasının təhsil naziri  02 
								iyun 2011-ci il tarixdə "Ümumtəhsil 
								məktəblərinin V-XI sinifləri üçün fənn 
								proqramlarının (kurikulumların) təsdiqi 
								haqqında" əmr imzalamışdır. Eyni zamanda V 
								siniflər üçün yeni kurikulumlarla dərsliklərin 
								hazırlanması məqsədilə tender elanı verilmişdir.
								 Bütün bunlar 
								onu göstərir ki, V-XI siniflərin yeni 
								kurikulumlarla işə başlamalarına çox az bir vaxt 
								qalır. Təbii ki, bu ilkin olaraq fənn 
								müəllimləri, fənn birləşmələri və məktəb 
								rəhbərlərini yeni təhsil proqramlarının 
								(kurikulumların) xüsusiyyətlərini öyrənmələrini 
								zəruri tələb kimi qarşıya qoyur. Hər bir məktəb, 
								hər bir müəllim təxirə salınmadan bu 
								innovasiyanı mənimsəməli və 
								özününküləşdirməlidir.  Keçirilmiş 
								monitorinqlər göstərir ki, hələ də yeni 
								kurikulumlara keçidə ibtidai sinif 
								müəllimlərinin, yaxud kiminsə subyektiv problemi 
								kimi yanaşılır, onun ciddiyyəti və vacibliyi 
								unudulur, arxa plana keçirilir.  İslahatın 
								gedişi prosesində əldə olunmuş təcrübələr 
								göstərir ki, sürətli inkişafın təmin olunması 
								üçün daha çox görülən işlərin mahiyyətinin şərh 
								olunması, onun məqsəd və məramının açıqlanması 
								təkanverici rol oynayır. İslahatların 
								fəlsəfəsinin dərk olunması pedaqoji 
								içtimaiyyətin bu işə daha yaxından səfərbər 
								olunmasını təmin edir. Bu mənada sentyabr 
								konfranslarında müstəqil Azərbaycanın təhsil 
								siyasəti ətrafında müzakirələrin açılması, 
								xüsusən ümumtəhsil sahəsində müəyyən olunmuş 
								vəzifələrin qeyd edilməsi, onun yerinə 
								yetirilməsi istiqamətində məsləhətləşmələrin 
								aparılması zəruri hesab edilir. Ümumtəhsil 
								kurikulumlarının hazırlanması ölkədə həyata 
								keçirilən təhsil siyasətinin bir qolu kimi 
								diqqət mərkəzində saxlanılır. Bu siyasət 
								mahiyyət etibarı ilə humanist və demokratik 
								prinsiplərə söykənməklə ümumi təhsil məktəbinin 
								yenidən qurulmasına yönəlmişdir. "Təhsil 
								haqqında" Azərbaycan Respublikasının Qanununda 
								göstərilir ki, "Ümumtəhsil təhsil alanların 
								fiziki və intellektual inkişafına, zəruri 
								biliklərə yiyələnməsinə, onlarda sağlam həyat 
								tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş 
								təfəkkürünün formalaşmasına, milli və dünyəvi 
								dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, 
								cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq 
								və vəzifələrin müəyyən edilməsinə imkan 
								yaradır". Ümumi təhsil məktəbi Azərbaycan 
								vətəndaşının, milli və bəşəri dəyərlərə məxsus 
								olan, idraki, hissi və fiziki keyfiyyətlərə 
								malik şəxsiyyətin formalaşması istiqamətində 
								fəaliyyət göstərir. Onun bu vəzifələri 
								müvəffəqiyyətlə yerinə yetirməsi 
								şəxsiyyətyönümlü xarakter daşımasından, 
								nəticəyönümlü məzmuna malik olmasından, 
								fəaliyyətini təhsil standartlarına əsasən 
								qurmasından daha çox asılıdır. Çünki belə olan 
								halda ümumi təhsil sahəsində fəaliyyətləri, 
								onların inkişafını daha asan idarə etmək mümkün 
								olur.  Qlobal 
								dünyanın mütərəqqi fikir axını ümumi təhsil 
								məktəbi ilə bağlı bir nöqtədə qovuşur. Bu, 
								hafizə məktəbinin təfəkkür məktəbi ilə əvəz 
								olunması zərurətindən irəli gəlir. Bu gün 
								dünyanın təhsillə bağlı mülahizələr söyləyən 
								təhsilşünas, psixoloq alimləri bu barədə qəti 
								fikir söyləməklə onu müasir inkişaf məkanında ən 
								uğurlu çıxış yolu hesab edirlər. Bununla həm də 
								insanın bir şəxsiyyət kimi təfəkkür 
								mədəniyyətinə malik olmasını cəmiyyət üçün ən 
								yüksək dəyər və insani keyfiyyət kimi 
								qiymətləndirirlər. Bu təhsil 
								tendensiyası dünyanın inkişaf etmiş demokratik 
								ölkələrində davam etməkdədir. Qlobal dünyanın 
								insanları kimi, bu mütərəqqi yanaşma tərzini əxz 
								eləmək, ən müasir pedaqoji innovasiya kimi onun 
								tətbiqinə nail olmaq üçün müzakirələr aparmağa 
								ehtiyac vardır. Özümüzün təhsil şəraitimizə, 
								potensial imkanlarımıza əsaslanmaqla müstəqil 
								Azərbaycanın intellekt məktəbini hansı təməl 
								üzərində necə qurmalı və onu necə inkişaf 
								etdirməliyik? Təhsil sahəsində müəyyən olunmuş 
								humanistlik, demokratiklik, varislik, 
								bərabərlik, keyfiyyətlilik, millilik və 
								dünyəvilik, səmərəlilik və sair prinsipləri necə 
								həyata keçirməliyik? Təbii ki, 
								konfrans zamanı keçirilən müzakirələrdə bu 
								suallar ətrafında toplanan fikirlər ümumilikdə 
								təhsil fəaliyyətimizin daha səmərəli qurulmasına 
								əhəmiyyətli təsir göstərə bilər.  Ölkəmizdə 
								aparılan təhsil islahatları yeni pedaqoji 
								təfəkkürün formalaşması ilə müşayiət olunur. 
								Pedaqoji innovasiyalar pedaqoji ictimaiyyətin 
								fikrində, düşüncəsində yeni anlayışlar, eləcə də 
								əməlində fəaliyyətinə yeni yanaşma tərzi kimi 
								formalaşır. Bu təbii proses bəzən qısqanclıqla 
								qəbul olunsa da, baş verir. Hər zaman bu prosesə 
								açıq olmaq, onu təfəkkür süzgəcindən keçirmək, 
								saf-çürük etmək müasir zamanımızın ən vacib 
								keyfiyyətlərindəndir.   Ümumtəhsil 
								məktəblərində islahatlardan danışılarkən məzmun 
								islahatlarının aparılması, onun reallaşdırılması 
								kimi məsələlərə diqqət yetirilir. Bəzən məzmun 
								islahatlarını "kurikulum islahatları" kimi izah 
								edənlər də olur. Əslində "kurikulum islahatı" 
								daha geniş anlayış olub özündə "məzmun 
								islahatları"nı da ehtiva edir. Təhsilin məzmunu 
								bilik, bacarıq və vərdişlərin sistemindən ibarət 
								olmaqla stabil xarakter daşıyır və nələrin 
								öyrədilməsi sualına cavab verir.  Uzun zamanlar 
								üzərində iş aparılan təlim materiallarına məzmun 
								kimi yanaşılmışdır. Elə buna görə də onların 
								mənimsədilməsi məqsəd hesab edilmişdir. 
								Beynəlxalq ekspertlər belə sistemi 
								"fənnyönümlü", "bilikyönümlü" adlandırmaqla 
								onları dəyərləndirmişlər. Yeni təhsil siyasətinə 
								uyğun olaraq ümumtəhsilin məzmununda 
								dəyişikliklər aparılmışdır. Onun nəticələr 
								formasında verilməsi, təhsildə maraqlı olan 
								bütün şəxslərin fəaliyyətini bu nəticələrə uyğun 
								olaraq qurması məqsədəmüvafiq hesab edilmişdir. 
								Belə bir yanaşma tərzinin meydana gəlməsi, heç 
								şübhəsiz, pedaqogika nəzəriyyəsində təhsilin 
								məzmununu və onun kimi bir sıra anlayışların 
								şərhinə də öz təsirini göstərməsi istisna 
								edilmir.  Dərsliklər 
								təhsilin məzmununun reallaş dırılmasında 
								xüsusi əhəmiyyət daşıyan və onu tamamlayan 
								resurslardan hesab edilir. Təlim prosesinin 
								təşkil olunmasında, müəllim və şagird 
								əlaqələrinin səmərəli şəkildə qurulmasında 
								dərslik əsas təlim vasitələrindən biri kimi 
								əvəzolunmaz rola malikdir. Ona görə də ölkəmizdə 
								dövlət səviyyəsində hazırlanmış təhsil siyasəti 
								həyata keçirilir. Artıq bir neçə ildir ki, 
								kurikulumların tələblərinə uyğun yeni 
								dərsliklərin hazırlanması sahəsində iş aparılır. 
								Mahiyyət etibarilə bu dərsliklər müasir məktəbin 
								tələblərinə uyğun olaraq intellektual 
								potensialın yüksəldilməsinə yönəldilmiş 
								dərsliklər kimi hazırlanır. I-III siniflərdə 
								yeni dərsliklərin tətbiqi ilə bağlı xeyli 
								təcrübə əldə olunmuşdur. Aparılmış monitorinqlər 
								göstərir ki, bu dərsliklərin tətbiq olunması 
								şagirdlərin fəallığının artırılması, düşünmə 
								qabiliyyətinin inkişaf etdirilməsi, onun 
								yaradıcı şəxsiyyət kimi formalaşdırılması 
								baxımından əhəmiyyət daşıyır. Lakin bununla 
								yanaşı, onların  tətbiq olunmasında bir sıra 
								çətinliklər də vardır. İlkin qənaətlər göstərir 
								ki, bu çətinliklər daha çox həmin dərsliklərin 
								prinsiplərini,  məzmun və struktur 
								xüsusiyyətlərini aydınlaşdırmamaqdan, onların 
								reallaşdırılması istiqamətində uyğun 
								texnologiyaları seçə və təlim materiallarına 
								yaradıcı yanaşa bilməməkdən irəli gəlir. 
								Müzakirələrdə bu məsələnin də gündəmə 
								gətirilməsi, yeni texnologiyalar əsasında 
								təcrübə toplamış müəllimlərin çıxışlarının 
								dinlənilməsi, qabaqcıl təcrübəsinin analitik 
								təhlilinə həsr olunmuş məruzələr ətrafında 
								müzakirələrin aparılması faydalı hesab edilir. 
								İmkan daxilində dərslik müəlliflərinin 
								müzakirələrə qatılması praktik cəhətdən 
								əhəmiyyətli təcrübə kimi qiymətləndirilir. Bu gün 
								müəllimlərin daha çox ehtiyac duyduğu 
								məsələlərdən biri təlimin strateji 
								məsələləridir. Baxmayaraq ki, ötən əsrin 90-cı 
								illərinin sonundan başlayaraq fəal təlim 
								məsələləri nəzəri və praktik cəhətdən öyrənilir, 
								müəllimlər interaktiv metodlardan istifadə ilə 
								bağlı seminarlarda və işgüzar görüşlərdə iştirak 
								edir, təcrübələr toplayırlar, lakin yeni 
								kurikulumların tətbiq olunması zamanı təlim 
								formalarının, üsullarının seçilməsində, dərsin 
								məzmun və struktur cəhətdən düzgün qurulmasında 
								yenə də çətinliklərlə rastlaşırlar. Əslində belə 
								bir vəziyyətin olması təbii hesab edilir. Çünki 
								islahatın gedişi prosesində yeniliklərin qəbul 
								olunması və tətbiqi ilə bağlı dəyişikliklər 
								tədrici xarakter daşıyır. Orada tələsmək, formal 
								olaraq sürətliliyi təmin etmək o qədər faydalı 
								hesab edilmir.  Müzakirələrdə 
								təlimin strateji məsələlərindən biri kimi 
								planlaşdırmanın əhəmiyyəti, cari və perspektiv 
								olaraq aparılmasının zəruriliyi ilə bağlı fikir 
								mübadiləsi aparılmalıdır. Bu barədə müasir 
								pedaqoji araşdırmalara istinad edilməlidir.
								 Pedaqoji 
								fəaliyyətin səmərəliliyi və keyfiyyəti onun 
								düzgün planlaşdırılmasından asılıdır. İl ərzində 
								təlim materiallarının hansı ardıcıllıqla, hansı 
								məzmunda və nə zaman reallaşdırılacağı, eləcə də 
								hansı resurslardan istifadə olunacağı 
								müəyyənləşdirilməlidir. Hər bir müəllim özünün 
								fərdi tədris fəaliyyətini bu tələblərə əsasən 
								planlaşdırmalıdır. Bu zaman   tövsiyə olunan 
								müxtəlif tematik planlaşdırma nümunələrinə 
								əsaslanmaq, onlardan yaradıcı şəkildə istifadə 
								etmək olar. Bəzən müəllimlər müxtəlif tədris 
								komplektlərində tövsiyə olunmuş, eləcə də ayrıca 
								hazırlanaraq çap edilmiş planlaşdırma 
								nümunələrini standart kimi qəbul edir, onlar 
								əsasında fəaliyyətlərini qurmağa çalışırlar. Bu, 
								pedaqoji prosesin yaradıcı xarakterinə zidd olan 
								bir hal kimi yolverilməzdir. Məktəblərdə 
								pedaqoji prosesin yaradıcılıq tələb etməsi 
								nəzərə alınmalı, məktəbin, sinfin şəraiti, 
								imkanları əsasında hər bir müəllimin işini fərdi 
								qaydada planlaşdırması təmin olunmalıdır. 
								 Müasir dərsin 
								planlaşdırılması ətrafında da müəllimlərin 
								diskussiyasının qurulması təklif olunur. Orada 
								başlıca olaraq aşağıda qeyd olunan bir necə 
								məsələyə diqqəti yönəltmək vacib hesab edilir:
								 Birinci, dərs 
								təlimin təşkili forması kimi konkret məqsədə 
								xidmət göstərir və zəruri resurslara istinad 
								edir.  İkinci, dərs 
								konkret standartların və proqram tələblərinin 
								reallaşdırılmasına yönəlir.  Üçüncü, dərs 
								yaradıcı xarakter daşıyır və mövcud imkan və 
								şəraitə uyğun qurulur.  Dördüncü, dərs 
								mütləq mənada standart xarakter daşımır. 
								Məqsəddən asılı olaraq qeyri-standart dərslərdən 
								də istifadə etmək məsləhət görülür. Konkret 
								məqsədə yönəlmiş uyğun forma, üsul və 
								vasitələrdən ibarət təlim strategiyalarının 
								hazırlanması sahəsində dünyanın inkişaf etmiş 
								ölkələrində geniş təcrübənin olduğu, eyni 
								zamanda müəllimin öz təcrübələrinə əsasən 
								strategiyalar hazırlaya bilmələri məlumdur. 
								Ölkəmizdə aparılan təhsil islahatlarında bu 
								məsələyə diqqətin yönəldilməsi didaktik cəhətdən 
								əhəmiyyət daşıyır. Mövcud şəraitdə 
								müəllimlərimizə bu strategiyaların əhəmiyyəti, 
								mahiyyəti və məzmunu, onlardan istifadə 
								qaydaları barədə bilik və bacarıqlar qazanmaq 
								üçün istiqamət verilməli, bu sahədə müəllimlərin 
								səriştələrinin artırılmasının zəruriliyi qeyd 
								edilməlidir.  Yeni təhsil 
								quruculuğunda müəllim-şagird münasibətlərinin 
								düzgün qurulması bütövlükdə ümumi təhsil 
								sahəsində islahatların istinad nöqtəsi kimi 
								müəllim subyektinə və eləcə də şagird 
								subyektinə, onların qarşılıqlı ünsiyyət 
								fəaliyyətinə düzgün yanaşmaqdan qaynaqlanır. 
								"Məktəb təcrübəsində ən kobud səhvlərə, bir 
								qayda olaraq, elə bu sahədə yol verilir. 
								Müəllimlərin çoxu güzəran təcrübəsinə 
								arxalanaraq "müəllim-şagird(lər)" münasibətini, 
								adətən "yaşlı-uşaq" münasibəti kimi 
								mənalandırırlar... Halbuki müvafiq yaş 
								dövrlərində "müəllim-şagird" münasibətləri 
								"yaşlı-uşaq" münasibətləri kimi deyil, 
								"böyük-kiçik" münasibətləri kimi nəzərdən 
								keçirilərsə, onların formalaşmasında, 
								inkişafında yaş amillərinin rolu dolğun açıqlana 
								bilər" (Ə.Ə.Əlizadə). Bu zaman məktəb 
								müəllim-şagird münasibətlərində qarşılıqlı 
								hörmətin yaranması baxımından daha çox qazanar. 
								Təlim prosesində bu münasibətlər 
								inkişafetdiriciliyin yaranmasına zəmin yaradar. 
								Şagirdin ümumi inkişafı təmin olunar. 
								 Bu gün ümumi 
								təhsilin daha çox prioritet hesab olunan 
								problemlərindən biri şagird nailiyyətlərinin 
								qiymətləndirilməsidir. Bütövlükdə idarəetmə 
								məsələsi kimi anlaşılan qiymətləndirmə həm də 
								zəruri pedaqoji texnologiyalardan biri hesab 
								edilir. Azərbaycanda qiymətləndirmə 
								texnologiyasının, onun sisteminin yaradılması 
								istiqamətində işlər aparılır. İlk dəfə 
								hazırlanaraq hökumət tərəfindən təsdiq olunmuş 
								"Azərbaycan Respublikasında ümumi təhsilin 
								Konsepsiyası (Milli Kurikulumu)" (30 oktyabr 
								2006-cı il), "Azərbaycan Respublikasının ümumi 
								təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" 
								(13 yanvar 2009-cu il), "Ümumi təhsil pilləsinin 
								dövlət standartı və proqramları (kurikulumları)" 
								(03 iyun 2010-cu il) ümumtəhsil məktəblərində 
								qiymətləndirmə fəaliyyətinin normativ-hüquqi 
								əsasını təşkil edir. Orada şagird 
								nailiyyətlərinin qiymətləndirilməsinin 
								fəlsəfəsi, prinsipləri, məzmun məsələləri, forma 
								və vasitələri öz əksini tapmışdır.  Təcrübə 
								göstərir ki, bir çox ibtidai sinif müəllimləri 
								ölkədə həyata keçirilən şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi üzrə siyasətin mahiyyətini 
								açıqlamaqda, məktəbdaxili qiymətləndirmənin 
								müxtəlif növlərindən istifadə etməkdə çətinlik 
								çəkirlər. Diaqnostik, formativ və summativ 
								qiymətləndirmənin prosedur qaydalarına tam əməl 
								edə bilmirlər. V-XI siniflərdə dərs deyən 
								müəllimlərin yeni qiymətləndirmə sistemi ilə 
								bağlı praktik bacarıqlar qazanmağa böyük 
								ehtiyacları vardır.  Humanist 
								təhsil sisteminin qurulmasında, irəliləyişlərin 
								əldə olunmasında milli zəminə əsaslanan dünyəvi 
								xarakterli qiymətləndirmə sisteminin yaradılması 
								və onun müvəffəqiyyətlə tətbiq olunması önəmli 
								hesab edilir. Bu günə qədərki aparılmış işlər 
								təbii ki, şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi üzrə dünyəvi xarakterli 
								sistemin yaradılması sahəsində atılmış 
								müvəffəqiyyətli addım kimi qiymətləndirilməli, 
								onun inkişaf etdirilməsi, daha geniş miqyasda 
								yayılaraq tətbiq olunması üçün müzakirələr 
								aparılmalıdır. Bu zaman qarşıya çıxan hər hansı 
								bir qiymətləndirmə mexanizmi ilə bağlı 
								çətinliyin aradan qaldırılması üçün fikir 
								mübadilələri aparılmalı və təkliflər 
								verilməlidir.  Məktəblərin 
								məzmun və strukturu dəyişdiyi kimi, onun idarə 
								olunması, tədris-təlim işlərinin daha 
								keyfiyyətli və məhsuldar fəaliyyət göstərməsi 
								üçün istiqamətləndirilməsinə qoyulan tələblər də 
								tamamilə yenidir. Artıq demokratik və humanist  
								prinsiplərə söykənən məktəb öz fəaliyyətində 
								tamamilə müasir olan yanaşmalara istinad edir. 
								Xüsusilə idarəetmədə tamamilə yeni prinsiplərə 
								istinad olunur. 03 iyun 2010-cu ildə hökumət 
								tərəfindən təsdiq olunmuş "Ümumi təhsil 
								pilləsinin dövlət standartı və proqramları 
								(kurikulumları)" sənədində göstərildiyi kimi, 
								"Ümumi təhsilin idarə olunması hesabatlılıq, 
								məsuliyyətin bölüşdürülməsi və inkişafın 
								monitorinqi prinsipləri əsasında həyata 
								keçirilir". Hesabatlılıq 
								ümumtəhsil məktəblərində müəllimdən başlayaraq 
								məktəbin direktoruna, eləcə də təhsil şöbəsinin 
								rəhbərinə qədər hər kəsin özü və tabe olduğu 
								struktur qarşısında ardıcıl və sistemli olaraq 
								hesabat verməyi tələb edir. Bu, bir neçə 
								cəhətdən faydalı hesab edilir. Əvvəla, hər kəs 
								müəyyən müddətdə nəzərdə tutduğu işi başa 
								çatdırır və onun qəbulu barədə ilkin ekspertiza 
								xarakterli rəyi öyrənir. İkinci, işin növbəti 
								mərhələdə yerinə yetirilməsi ilə bağlı 
								mülahizələr konkretləşir. Üçüncü, nəzərdə 
								tutulmuş işin icra vaxtı, zamanı və keyfiyyəti 
								ilə bağlı diaqnostik qənaətlərə gəlmək olur.
								 Məsuliyyətin 
								bölüşdürülməsi prinsipi əsasən nizamnamə və 
								əsasnamələrdə müəyyən olunmuş vəzifələrə görə 
								həyata keçirilir. Hər kəsdən tələb olunan 
								fəaliyyət onun məsuliyyət çərçivəsinə tabe 
								edilir. Ona görə də hər kəs öz məsuliyyəti 
								daxilində işləri yerinə yetirməklə, cavabdeh 
								olduğu məsələlərlə bağlı hesabatlar verir.
								 İnkişafın 
								monitorinqi prinsipi fəaliyyət zamanı sadədən 
								mürəkkəbə doğru bütün mütərəqqi xüsusiyyətləri 
								nəzərə almağa, inkişafı izləməyə, onun daha 
								keyfiyyətlə yerinə yetirilməsinə imkan yaradır. 
								Bu zaman mahiyyət etibarı ilə keyfiyyətin idarə 
								olunmasını təmin etmək mümkün olur.   Bu 
								prinsiplərin nəzərə alınması tamamilə yeni 
								idarəetmə mexanizmlərinin həyata keçirilməsinə 
								imkan yaradır. Ona görə də müzakirələrdə onların 
								hər birinin üzərində dayanmaq, mahiyyəti və 
								məzmununu açıqlamaq praktik cəhətdən əhəmiyyətli 
								hesab edilir.  Müşavirədə 
								valideyn-məktəb münasibətləri də gündəmdə 
								olmalı, ona fəal münasibət bildirilməlidir. 
								Məlum olduğu kimi, ənənəvi pedaqogikada həmişə 
								ailə, məktəb və şagird əlaqələrindən danışılmış, 
								onun əhəmiyyəti qeyd edilmişdir. Bu məsələ ilə 
								bağlı xeyli təcrübə toplanmışdır.  Artıq XXI 
								əsrdə yeni Azərbaycan məktəbinin şəxsiyyətin  
								formalaşdırılmasına yönəldilməsi valideynlərlə 
								olan əlaqələrə tamamilə yeni müstəvidə yanaşmağı 
								tələb edir. Valideynlər məktəblə əlaqələrini 
								sadəcə informasiyalar üzərində qura bilməzlər. 
								Onlar məktəblə yaxından əməkdaşlıq etməli, 
								təhsil prosesinin iştirakçısı kimi fəaliyyət 
								göstərməli, nailiyyətlərin əldə olunmasına 
								imkanları daxilində töhfələrini verməlidirlər.
								 Şəhər (rayon) 
								təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən 
								metodkabinetlərin başlıca vəzifəsi ümumtəhsil 
								müəssisələrinin, eləcə də orada fəaliyyət 
								göstərən müəllimlərin, təhsil işçilərinin işini 
								istiqamətləndirməkdən ibarətdir. Lakin aparılmış 
								monitorinqlər bu strukturun fəaliyyətində xeyli 
								nöqsanların olduğunu, onun təhsil islahatının 
								tələblərinə cavab vermədiyini göstərir. 
								Metodkabinetlər öz fəaliyyətlərini müasir təhsil 
								texnologiyalarından istifadə edilməsi və 
								təhsilin keyfiyyətinin idarə olunması baxımından 
								səmərəli qura, Təhsil Nazirliyi qarşısında 
								hesabatlarını vaxtlı-vaxtında verə bilmir. Ona 
								görə də müzakirələrdə metodkabinetlərin sentyabr 
								konfransının təşkili və keçirilməsi ilə bağlı 
								fəallıqlarının artırılması, gələcəkdə onların 
								məzmun və strukturunun yeni dövrün məktəbinin 
								tələbatlarına uyğunlaşdırılması istiqamətində 
								təkliflərin hazırlanması məqsədəmüvafiq hesab 
								edilir. Heç şübhə 
								etmirik ki, sentyabr konfranslarında bu 
								problemlər və pedaqoji ictimaiyyətimizi 
								düşündürən digər məsələlər müzakirə olunacaq, 
								gələcək fəaliyyətimizin daha səmərəli qurulması 
								məqsədi ilə faydalı təkliflər veriləcəkdir.     
								
								
								Abdulla MEHRABOV,Təhsil Problemləri İnstitutunun direktoru, 
								professor,
 
								
								
								Ənvər ABBASOV,Kurikulum Mərkəzinin direktoru, institutun 
								direktor müavini, dosent
 |