Ölkənin
paytaxtı və bölgələrində fəaliyyət göstərən
ümumtəhsil məktəblərindəki mövcud vakant yerlərə
işə qəbul olunmaq istəyən müəllimlər üçün
keçirilən imtahanlar davam edir.
Xəbər
verdiyimiz kimi, müəllimlərin işə qəbulu üçün
mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin
II mərhələsini təşkil edən imtahanlara iyulun
26-dan başlanıb və onlar Təhsil Nazirliyi
tərəfindən nazirliyin Təhsil sisteminin
informasiyalaşdırılması idarəsinin Təlim
Mərkəzində xüsusi qrafik əsasında, fənlərə uyğun
ixtisaslar üzrə aparılır.
Kompüterlərlə
keçirilən imtahanlarda iddiaçılar bir saat
ərzində 35 sualı cavablandırır və imtahan
bitdikdən dərhal sonra topladıqları bal haqqında
məlumat alırlar.
İndiyədək
ibtidai sinif, ingilis dili, Azərbaycan dili və
ədəbiyyat, kimya, tarix, biologiya, fizika,
riyaziyyat müəllimliyi ixtisasları üzrə
imtahanlar keçirilib.
Dünən
informatika müəllimliyi ixtisası üzrə vakant
yerlərə iddiaçılar imtahan veriblər. 363
iddiaçıdan 291-i 188 vakant yer uğrunda mübarizə
aparıb. Onlardan 96-sı işə qəbul olunub.
Bu gün isə
coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət
müəllimi işləmək istəyənlər imtahan verirlər.
Təhsil
Nazirliyindən aldığımız məlumata görə,
müəllimlərin vakant yerlərə işə qəbulu üzrə
müsabiqənin bu mərhələsi avqustun 29-da başa
çatacaq.
Yusif ƏLİYEV |