"SOS-Azərbaycan" uşaq kəndində yaşayan 20 uşaq
yay tətili günlərini səmərəli və mənalı
keçirib. Onlar Quba Özəl Türk Liseyinin
ərazisində təşkil olunan "Şahinlər" yay
istirahət düşərgəsində dincəliblər. SOS uşaq
kəndinin sakini, XXI Əsr Beynəlxalq Təhsil və
İnnovasiya Mərkəzinin VII sinif şagirdi Əziz
Rəhimli öz təəssüratlarını bizimlə bölüşüb
dedi:
- Getdiyimiz
gün liseyin qarşısındakı uca dağa çıxaraq
müstəqil Azərbaycan Respublikasının üçrəngli
bayrağını dağın zirvəsinə sancdıq. 15 gün
ərzində yaxşı gəzib istirahət etdik, idmanın
müxtəlif növləri ilə məşğul olduq. Avtomat
silahı söküb-yığmağı öyrəndik. Hərbi maşınlar
və döyüş texnikası ilə yaxından tanış olduq.
Biz Quba
məzarlığında vəhşi ermənilərin törətdiyi
soyqırımı qurbanlarının xatirəsini yad etdik.
Qubada bizimlə bərabər müxtəlif ailələrdən
olan uşaqlar da var idi. Biz onlarla birgə
dincəlirdik, gəzintilərə gedirdik, bu da bizim
cəmiyyətə interqasiya etməyimizə, ünsiyyət
qurmağımıza, özümüzə yeni-yeni dostlar
tapmağımıza şərait yaradırdı. Birgə yarışlarda
iştirak edirdik. Fərqlənən uşaqlara hədiyyələr,
diplomlar və medallar verildi. Uşaqlardan
Tural Nadirov güləş üzrə I yerə çıxdığı, Habil
Xəlilov isə futbol yarışlarında fərqləndiyi
üçün medallarla təltif olundular. Nümunəvi
davranışıma görə mənə qol saatı hədiyyə edildi.
Xoş
xatirələrlə kəndə qayıdan, orada keçirdikləri
günləri həmişə xatırlayacaqlarını söyləyən Əziz
Rəhimli yay istirahətinin təşkilatçılarına
kəndin uşaqları adından minnətdarlığını
bildirdi.
Sifai SƏFƏROVA |