Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onların Azərbaycana gəlişindən
məmnun olduğunu ifadə edib.
Avropa Gənclər
Kartı Assosiasiyasının prezidenti Jarkko
Lehikoynen təhsil naziri Misir Mərdanova səmimi
qəbul üçün minnətdarlığını bildirib və bu
vəzifəyə təyin olunduqdan sonra ilk səfərini
məhz Azərbaycana etdiyini vurğulayıb. Rəhbərlik
etdiyi qurum haqqında məlumat verən J.Lehikoynen
qeyd edib ki, 1985-ci ildən iki ölkədə - Fransa
və Şotlandiyada gənclərə müxtəlif istiqamətlərdə
güzəştlər təklif edən vahid Gənclər Kartı tətbiq
olunmağa başlanıb. 1986-cı ildə Gənclər Kartı
prosesinə 6 dövlətin (Belçika, Fransa,
Niderland, Portuqaliya, Şotlandiya, İspaniya)
qoşulduğunu diqqətə çatdıran qonaq onu da
bildirib ki, 1990-cı ildə qarşılıqlı güzəştləri
müəyyən edən Lissabon Protokolu imzalanıb.
J.Lehikoynen məhz bu sənəddən sonra hazırda əsas
ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində
yerləşən Avropa Gənclər Kartı Assosiasiyasının
fəaliyyətə başladığını vurğulayıb. Qonaq əlavə
edib ki, həmin vaxtdan etibarən Avropa Gənclər
Kartı Assosiasiyasına üzv olan təşkilatların,
kart istifadəçilərinin sayı sürətlə artmağa
başlayıb, gənclərə təhsil, nəqliyyat, yataqxana,
istirahət, eləcə də digər sahələrdə edilən
güzəşt və imtiyazlar genişləndirilib.
Avropa Gənclər
Kartı Assosiasiyası prezidentinin verdiyi
məlumata görə, 1991-ci ildə bu təşkilat
gənclərin Gənclər Kartından istifadəsini
sürətləndirmək məqsədilə Avropa Şurası ilə saziş
imzalayıb, 1995-ci ildən isə Avropa Komissiyası
müvafiq prosesi dəstəkləməyə başlayıb. Eyni
zamanda qonaq hazırda Avropanın 40-a yaxın
ölkəsinin Gənclər Kartı prosesinə qoşulduğunu,
bütövlükdə isə bu ölkələrdən 30 yaşınadək 4
milyondan çox gəncin qeyd olunan kartların
daşıyıcısı olduğunu nəzərə çatdırıb.
J.Lehikoynen
daha sonra bildirib ki, Gənclər Kartı gənclərə
maddi dəstək vasitəsidir və bu vəsiqələrdən
istifadə edənlər müxtəlif sahələri əhatə edən 80
minə qədər endirimdən bəhrələnə bilərlər.
Kartların üzərindəki çip-kartların vəsiqənin
sahibi haqqında müəyyən informasiya daşıdığından
bəhs edən qurum rəhbəri bu prosesin iqtisadi
tədbir olduğunu vurğulayıb və əlavə edib ki,
onun əsas məqsədi gənclərin bir araya
gətirilməsidir. Jarkko Lehikoynen onu da qeyd
edib ki, Gənclər Kartının Azərbaycanda tətbiqi
ilə bağlı Gənclər və İdman Nazirliyində ciddi
müzakirələr aparılıb. Assosiasiya rəhbəri bu
kartların Azərbaycanın ali məktəblərində tətbiq
olunması üçün təhsil naziri Misir Mərdanovdan
dəstək göstərməyi xahiş edib.
Təhsil naziri
Misir Mərdanov qonağa bu vəzifədə ilk səfərini
Azərbaycana etdiyi üçün təşəkkürünü bildirib.
Nazir Avropa Gənclər Kartının Azərbaycanda da
tətbiq olunmasını dəstəklədiyini, xüsusilə ali
məktəb tələbələrinə qeyd olunan vahid formada
kartların verilməsinə lazımi köməklik göstərməyə
hazır olduğunu vurğulayıb. Misir Mərdanov Avropa
Gənclər Kartının tətbiqi üçün konkret addımlar
atmaq məqsədilə Təhsil Nazirliyində görüləcək
işlərlə bağlı növbəti müzakirənin aparılmasının
məqsədəuyğunluğunu qeyd edib. Azərbaycanın
Avropa təhsil məkanına inteqrasiya olunduğunu
diqqətə çatdıran nazir Avropa Şurası və Avropa
Komissiyasının dəstəklədiyi bu prosesə
qoşulmağın zəruriliyini bildirib.
Daha sonra
Avropa Gənclər Kartının Azərbaycan ali
məktəblərində tətbiqi, bu istiqamətdə görüləcək
işlər barədə rəy və təkliflər nəzərə çatdırılıb. |