Xalq
şairi Qabil dövrümüzün ən çox sevilən, oxunan və
sayılan şairlərdən biridir. Onun yaradıcılıq
yolu şəxsiyyəti ilə həmahəngdir. Xatırladaq ki,
o, 1948-ci ildə Azərbaycan dili və ədəbiyyat
müəllimi kimi Yardımlı rayonunda dərs deyib. Elə
həmin ilin sonlarında isə "Azərbaycan müəllimi"
qəzetində müxbir kimi fəaliyyət göstərib. Bütün
bunlarla bərabər o, yaradıcılığı, poeziyası ilə
Azərbaycan şeirini zənginləşdirən
şairlərimizdəndir. O, müasirimiz olsa da hələ
sağlığında klassikləşmiş sənətkardır.
Qabil bütün yaradıcılığı, dillər əzbəri olan "Səhv
düşəndə yerimiz", "Bakılı", "Çörək", "Azərbaycan
torpagı", "Göygöl", "Türkün qəbri", "Qoru özünü",
"Sənə qurban" kimi qeyri-adi şeirləri və "Nəsimi"
kimi fundamental poeması ilə əbədiyaşarlıq
tapmışdı. Eyni zamanda həyatda mehriban, səmimi
və duzlu zarafatları ilə yanaşı, onun haqqında
yaradılan maraqlı lətifələr də oxuculara çoxdan
bəllidir.
Bu günlərdə
oxucular üçün yeni olan Mahir Qabiloğlu
tərəfindən yazılmış "Atam Qabilin qəribə
əhvalatları" ("Nurlan" nəşriyyatı, Bakı, 2011,
86 səh.) kitabı Həsən Həsənovun redaktorluğu ilə
işıq üzü görüb. Xalq şairi Qabilin 85 illiyi
münasibəti ilə yazılmış bu kitabda Mahir
"Müəllifdən" yazısında qeyd edir ki, zaman
keçdikcə çox şey unudulur, elə buna görə də
onlardan (əhvalatlardan) bəzilərini mən də geniş
ictimaiyyətə çatdırmaq üçün qələmə almaq
niyyətinə düşdüm. Kitabın adını isə görkəmli
yazıçımız İsmayıl Şıxlıya istinadən- o, "Dostum
Qabilin qəribə əhvalatları" qoymuşdu, mən isə
"Atam Qabilin qəribə əhvalatları" qoydum...
Həmin kitabda
Mahir Qabiloğlunun bilavasitə iştirakçısı və
şahidi olduğu əlliyə yaxın bir-birindən maraqlı
əhvalat toplanıb. Bu əhvalatlar içərisində
gülməlisi də, düşündürəni də var, bir çox
mətləblərə aydınlıq gətirəni də...
İnanırıq ki,
şirin, sadə bir dillə yazılmış nəfis tərtibatlı
kitab bütün Qabilsevərlərin sonsuz marağına
səbəb olacaq.
ƏDALƏT |
|