Sent-Endryus
Universiteti (University of St Andrews)
Şotlandiyanın Fayf vilayətinin Sent-Endryus
şəhərində yerləşir. Şotlandiyanın birinci, Böyük
Britaniyanın isə üçüncü (Oksford və Kembric
universitetlərindən sonra) ən qədim təhsil
ocaqlarından biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə tərtib etdiyi dünya
universitetlərinin reytinq cədvəlində Sent-Endryus
Universiteti 100 ən yaxşı ali məktəb arasında
Perdyu Universiteti ilə birgə 87-ci yeri tutub.
"Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən, Sent-Endryus Universiteti 103-cü, "QS
World University Rankings"in açıqlamasına görə
isə 95-ci yerdə qərarlaşıb.
Tarixi
Orta əsrlərdə şotlandiyalı gənclər ali təhsil
almaq üçün ölkədən kənara üz tutmalı olurdular.
1410-cu ildə Şotlandiyanın müstəqilliyi uğrunda
İngiltərə və Şotlandiya arasında gedən
müharibədən sonra şotlandiyalı tələbələr Oksford
və Kembric universitetlərindən Parisə
qovulmuşdular. Katolik kilsəsi bir-biri ilə
rəqabət aparan iki papa arasında
bölüşdürüldükdən sonra Fransa kardinalları papa
IX Bonifatsini dəstəkləyir, Şotlandiya isə papa
XIII Benediktə sadiq qalır. Bu zaman çətin
vəziyyətə düşən şotlandiyalı tələbələr vətənə
dönmək məcburiyyəti ilə üzləşirlər.
Artıq
ali məktəb yaratmağın zamanı olduğunu anlayan
şotlandiyalılar bu məqsəd üçün Sent-Endryus
kilsəsini seçirlər. Beləliklə, 1410-cu ildə
Parisdən qayıdan tələbələrin təşəbbüsü ilə Sent-Endryus
kilsəsində ali məktəb açılır. 1411-ci ilin
fevralında məktəb Sent-Endryus yepiskopu Henri
Uordlou tərəfindən nizamnamə alır.
1413-cü ildə Avinyon papası XIII Benedikt
məktəbə papa bullası və universitet statusu
verir. Kral nizamnaməsi isə universitetə 1532-ci
ildə verilib. Sent-Endryus Universiteti çox tez
bir zamanda genişlənir.
1418-1430-cu illərdə universitetin Sent-Cons,
1450-ci ildə Sent-Salvator, 1511-ci ildə
Sent-Leonard, 1537-ci ildə isə Sent-Mariya
kollecləri yaradılır. Həmin dövrdə dərslərin
əksəriyyəti dini xarakter daşıyırdı və kilsə ilə
sıx bağlı idi. XVII-XIX əsrlərdə universitetdə
böhran yaşanır və ixtisarlar aparılır, tələbə
sayı xeyli azalır. Şotlandiyada yaşanan
yoxsulluq da universitetin inkişafını ləngidən
amillərdən biri idi. Belə ki, universitetə
yardım edə biləcək xeyriyyəçilər olmadığı üçün
ali məktəb inkişaf etmir.
1747-ci ildə maliyyə problemi ilə üzləşən
Sent-Leonard kolleci bağlanmaq məcburiyyətində
qalır. Kollecin işçi heyəti və tələbələri
Sent-Salvator Kollecinə köçürülür və sonradan bu
kollec Sent-Salvator və Sent-Leonard Birləşmiş
Kollecləri adlandırılır. XIX əsrdə də
universitetdə vəziyyət yaxşılaşmır. Klassik
dillər, ilahiyyat və fəlsəfə elmlərinin
tədrisinə üstünlük verən universitetdə dəqiq
elmlər, tibb, hüquq sahələri çox ləng inkişaf
edir.
1897-ci
ildə Sent-Endryus Universiteti yaxınlıqdakı
Dandi Təhsil Mərkəzi ilə birləşir və bundan
sonra universitet tibb və tətbiqi elmlərin
inkişafı üzrə nailiyyətlər əldə edir. 1967-ci
ildə isə Dandi Təhsil Mərkəzi Sent-Endryus
Universitetindən ayrılaraq Dandi Universiteti
kimi fəaliyyət göstərməyə başlayır.
1980-ci illərdə Sent-Endryus Universiteti geniş
investisiya proqramı həyata keçirir və sürətlə
inkişaf etməyə başlayır. 2009-cu ildə
Şotlandiyada ilk dəfə olaraq Sent-Endryus
Universitetində qadın (professor Luiza
Riçardson) ali məktəbin direktoru, universitet
Senatının sədri təyin olunur.
Sent-Endryus Universitetinin alimlərinin ali
məktəbin rəsmi yaranma tarixi ilə bağlı
mübahisələri hələ də davam etsə də, 2011-ci ilin
fevralında universitet məşhur məzunu şahzadə
Uilyamın iştirakı ilə yaranmasının 600 illiyini
qeyd edib.
Büdcəsi və təhsil haqqı
2010-cu ildə Sent-Endryus Universitetinin İanə
fondunun gəlirləri təxminən 35000000
funt-sterlinq olub.
2011-2012-ci
tədris ilində Sent-Endryus Universitetində
bakalavr səviyyəsində oxuyan yerli və Avropa
Şurası ölkələrindən olan tələbələrin təhsil
haqqı ildə 1820-2895 (tibb sahəsi üzrə), əcnəbi
tələbələrin təhsil haqqı isə 13500-20550 (tibb
sahəsi üzrə) funt-sterlinq arasında dəyişir.
Magistratura və doktorantura səviyyələrində
təhsil alan yerli və Avropa Şurasına daxil olan
ölkələri təmsil edən tələbələr üçün təhsil haqqı
ildə 3732-8100, əcnəbi tələbələr üçün isə
12200-15250 funt-sterlinq təşkil edir.
Sent-Endryus Universitetində bakalavr
səviyyəsində təhsil almaq üçün tələbəyə ildə
26930 funt-sterlinq (45780 ABŞ dolları) lazım
gəlir. Həmin məbləğin 13500 funt-sterlinqi
təhsil haqqı, 6500 funt-sterlinqi yataqxana,
1600 funt-sterlinqi nəqliyyat, 2000
funt-sterlinqi kompüter təchizatı və dərs
ləvazimatları, 3330 funt-sterlinqi isə şəxsi
xərclər üçün nəzərdə tutulub. Magistratura və
doktorantura səviyyələrində oxuyan tələbəyə isə
ildə 29700 funt-sterlinq (50490 ABŞ dolları)
gərəkdir (14600 funt-sterlinq-təhsil haqqı, 7000
funt-sterlinq-yataqxana, 1600
funt-sterlinq-nəqliyyat, 2000
funt-sterlinq-kompüter təchizatı və dərs
ləvazimatları, 4500 funt sterlinq-şəxsi
xərclər).
Universitet bu gün
Sent-Endryus Şotlandiyanın Fayf vilayətinin şərq
sahilində yerləşən universitet şəhəridir.
17000-ə yaxın əhalisi olan Sent-Endryus Fayf
vilayətinin beşinci böyük şəhəridir.
Burada əhalinin çox faizini tələbələr təşkil
edir. Şimal dənizinin sahilində yerləşən şəhər
qədim tarixə və əsrarəngiz memarlıq nümunələrinə
malikdir. Şəhərin qədim memarlıq abidələrindən
1158-ci ildə inşa edilmiş Kafedral kilsənin
qalıqlarını, kilsənin yaxınlığındakı 1200-cü ilə
aid qəsri, qədim dar küçələri, eləcə də
Sent-Endryus Universitetinin binalarını
göstərmək olar.
Sent-Endryus şəhəri qolfun vətəni hesab olunur.
Şimal dənizinin sahili boyu 600-dən çox yaşı
olan qədim qolf sahələri mövcuddur və bura
dünyanın ən tanınmış qolf oyunçuları gəlir.
Sent-Endryus Universitetində məktəblərə bölünmüş
4 fakültə (dəqiq elmlər, incəsənət, tibb və
ilahiyyat) fəaliyyət göstərir. Universitetdə
İncəsənət, Klassika, Biologiya (Biomolekulyar
elmlər, Hüceyrə və sistemlər biologiyası,
Təkamül biologiyası və heyvanların davranışı,
Dəniz biologiyası departamentlərindən
ibarətdir), Kimya (Kimya, Biologiya interfeysi,
Eksperimental və nəzəri kimyəvi fizika,
Molekulyar sintetik kimya bölmələri daxildir),
İnformatika (Kompüter elmləri, Süni intellekt və
hesablama simvolları, Şəbəkə və paylaşdırma
sistemləri, Sistem layihələşdirməsi
departamentlərindən ibarətdir), İlahiyyat,
İqtisadiyyat və Maliyyə, İngiltərə Tədqiqatları
(Orta əsrlər və intibah dövrü, XVIII əsr,
Romantik və Viktorian dövrü, Yeni və ən yeni
dövr, Yaradıcı yazı departamentləri), Coğrafiya
və Yer Elmləri,
Tarix, Beynəlxalq Münasibətlər (Sülh və
Münaqişələrin Aradan Qaldırılması, Terrorizm və
Siyasi Zorakılığın Öyrənilməsi, Rusiya, Sovet
İttifaqı, Mərkəzi və Şərqi Avropa Tədqiqatları,
Qlobal Konstitusionalizm, Din və
Siyasətin Öyrənilməsi, Yaxın, Orta Asiya və
Qafqaz Tədqiqatları mərkəzlərindən ibarətdir),
İdarəetmə, Riyaziyyat və Statistika (Tətbiqi
riyaziyyat, Təmiz riyaziyyat, Statistika
departamentləri), Tibb, Müasir Dillər (Müasir və
Müqayisəli Ədəbiyyatşünaslıq, Avropa Mədəni
Tədqiqatları,
Rusiya, Mərkəzi və Şərqi Avropa Mədəni
Tədqiqatları, Sent-Endryus Dilçilik
institutları), Fəlsəfə (Etika, Fəlsəfə və
İctimaiyyətlə Əlaqə, Məntiq, Dil, Riyaziyyat və
Ağıl Fəlsəfə mərkəzlərindən ibarətdir),
Antropoloji Tədqiqatlar və Film (Hindu, Latın
Amerikası və Karib Tədqiqatları, Kosmopolitan,
Sakit Okean tədqiqatları mərkəzləri), Fizika və
Astronomiya (Astrofizika, Sıxlaşdırılmış mühit,
Fotonika), Psixologiya (Mənimsəmə, İnsan şüuru,
Sosial psixologiya, Ağılın mənşəyi, Davranış,
Tətbiqi, kliniki və sağlamlıq psixologiyası
departamentləri daxildir) məktəbləri mövcuddur.
Sent-Endryus Universitetinə kansler rəhbərlik
edir. O, universitetin ictimai məsələləri ilə
məşğul olur, elmi dərəcələrlə təltif edir.
Hazırda universitetin kansleri 2006-cı ildə bu
vəzifəyə seçilmiş ser Menzis Kempbelldir.
Kansler vəzifəsi ömürlük icra olunur.
Universitetin rektoru Kevin Dunion, direktoru
isə professor Luiza Riçardsondur. Universitet
Məhkəməsi universitetin strategiyası, maliyyə,
mülkiyyət, sağlamlıq, təhlükəsizlik və ümumi
idarəolunma işlərinə cavabdehlik daşıyır.
Məhkəmənin 23 üzvü professor-müəllim, tələbə
heyəti, məzunlar, Fayf vilayətinin yerli
idarəetmə orqanları, eləcə də yerli əhali
arasından seçilir. Universitetin Senatı
direktorun (rəhbərin)
rəhbərliyi
altında fəaliyyət göstərir. Sent-Endryus
Universitetində 1804 nəfər işçi çalışır.
İşçilərin 817 nəfəri professor-müəllim,
qalanları isə inzibati heyətdir.
2010-2011-ci tədris ilində Sent-Endryus
Universitetində təxminən 9000 tələbə təhsil
alıb. Onların 7000-ə qədərini bakalavr,
qalanlarını isə magistr və doktorantlar təşkil
edib.
Universitetdə dünyanın 100-dən çox ölkəsindən
olan tələbələr təhsil alır. Burada oxuyan
tələbələrin 30 faizini əcnəbilər təşkil edir.
Əcnəbilər arasında Avropa və Şimali Amerikanın
bütün regionlarından, Yaponiya, Çin, Tayvan,
Avstraliya, Malayziya, Afrika, Hindistandan olan
tələbələr üstünlük təşkil edir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Sent-Endryus Universitetinin
magistratura səviyyəsində Hacıyev Əli Eldar oğlu
beynəlxalq əlaqələr və menecment ixtisası üzrə
təhsil alır.
Sent-Endryus Universitetinin üstün cəhətlərindən
biri də geniş çeşidli yataqxana sisteminə malik
olmasıdır. Universitetdə oxuyan tələbələrin üçdə
iki hissəsi yataqxanalarda məskunlaşır.
Yataqxanalarda qalan tələbələrin 66 faizini birinci
kurslar, 34 faizini isə yuxarı kurs tələbələri
təşkil edir. Universitetdə Endryu Melvil Holl
(birnəfərlik otağın qiyməti ildə 4718, bir neçə
nəfər üçün isə 4253 funt-sterlinq), Con Bernet
Holl, Makintoş Holl, Sent-Requl Holl,
Sent-Salvator Holl, Universitet Holl
(birnəfərlik-5345, bir neçə nəfərlik-4819
funt-sterlinq), Devid Rassel (birnəfərlik-5085,
bir neçə nəfərlik-4581 funt-sterlinq), Yeni Holl
(birnəfərlik-5115,
bir neçə nəfərlik-4611 funt-sterlinq), eləcə də
təkadamlıq Olbani Park (2457 funt-sterlinq),
Fayf Park (5085 funt-sterlinq) yataqxanaları
fəaliyyət göstərir.
Sent-Endryus Universiteti 6 əsrdən çoxdur ki,
özünü Avropanın, eləcə də dünyanın ən qabaqcıl
və fərqli elmi-tədqiqat müəssisəsi kim
təsdiqləyib. Eyni zamanda Sent-Endryus
Universiteti şahzadələrin təhsil aldığı ali
məktəb kimi tanınır.
Universitetin məşhur məzunları
|
II Ceyms |
Şotlandiya kralı |
|
|
Şahzadə Uilyam |
Kembric hersoqu, şahzadə Çarlz və
Diananın oğlu |
|
|
Ketrin Middlton |
Kembric hersoginyası, şahzadə Uilyamın
həyat yoldaşı |
|
|
Aleks Salmond |
Şotlandiyanın baş naziri və Şotland
Milli Partiyasının lideri |
|
|
Con Soers |
Böyük Britaniyanın BMT-dəki sabiq səfiri |
|
|
Ceyms Uilson |
ABŞ Müstəqillik Bəyannaməsini imzalayan
şəxslərdən biri |
|
|
Ceyms Qrem |
görkəmli Şotlandiya sərkərdəsi |
|
|
Ceyms Blek |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Uolter Hevort |
kimya üzrə Nobel mükafatı laureatı
|
|
|
Alan MakDiarmid |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Con Neypir |
riyaziyyatçı, loqarifmin ixtiraçısı
|
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|