Bütün
ölkədə olduğu kimi, işlədiyim Saatlı rayonundakı
Əlisultanlı kənd tam orta məktəbində də artıq
dörd ildir ki, yeni kurikulumlar tətbiq olunur.
Lakin bu prosesə mən ötən ildən qoşulmuş və
apardığım I siniflə ili uğurla başa vurmuşam.
Sinfimizdəki 25 şagirdin hamısı yüksək mənimsəmə
nümayiş etdirmişdir.
Yeni kurikulumla müvəffəqiyyətlə fəaliyyət
göstərə bilməyimdə mənə iştirakçısı olduğum
təlim kurslarının böyük köməyi dəyib. Həm ötən
il, həm də bu il avqustun 1-dən 10-dək rayon
mərkəzindəki S.Vurğun adına 1 nömrəli məktəbdə
təşkil olunan kurslarda iştirak etmişəm. Bu
kursları müəllimlər üçün çox faydalı hesab
edirəm.
Məlum olduğu kimi, Təhsil Nazirliyinin təşəbbüsü
və təşkilatçılığı, nazirliklə bağlanmış
müqavilələr əsasında təhsil sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının
bilavasitə iştirakı ilə təşkil olunan təlim
kurslarında ibtidai sinif müəllimləri
ixtisasartırma təhsilinin 2-ci modulu üzrə 60
saatlıq hazırlıq keçirlər. Ötən il olduğu kimi,
bu il də öyrədici kursda bizə fənn
kurikulumlarının strukturu və məzmunu, yeni
təlim strategiyaları və fəal dərsin təşkili
yolları, ümumtəhsil sistemində yeni
qiymətləndirmə mexanizmi, onun ənənəvi
qiymətləndirmədən fərqi və üstünlüyü, yeni
dərsliklərlə işin xüsusiyyətləri və əlavə
resurslardan istifadənin əhəmiyyəti haqqında
geniş bilgi və məlumatlar verildi, dərsin
planlaşdırılması və hazırlanmasına dair praktik
bacarıqlar aşılandı, nümunəvi dərs məşğələləri
nümayiş etdirildi. Kursun sonunda aparılan yekun
qiymətləndirmə əsasında iştirakçılara müxtəlif
dərəcəli sertifikatlar təqdim olundu.
Mən müəllimlər üçün çox faydalı olan təlim
kurslarını yeni dərs ilinə hazırlığın mühüm
tərkib hissəsi hesab edir və onların
imkanlarından maksimum faydalanmağa çalışıram.
İnanıram ki, builki 10 günlük təlim kursunda
öyrəndiklərim işləyəcəyim II sinifdə
fəaliyyətimi kurikulumun tələblərinə uyğun
qurmaqda mənə çox kömək edəcək.
Nazilə CƏFƏROVA,
Saatlı rayonu, Əlisultanlı kənd məktəbinin
ibtidai sinif müəllimi |