Təhsil Nazirliyinin Dərslik və nəşriyyat
şöbəsinin müdiri Faiq Şahbazlıdan aldığımız
məlumatda bildirilir ki, 2011-2012-ci tədris
ilinə II, IV və VII-XI siniflər üçün dövlət
vəsaiti hesabına 102 adda 3463170 nüsxə dərslik,
müəllim üçün metodik vəsaitin çapı və müvafiq
bölgü əsasında yerlərə çatdırılması nəzərdə
tutulub. Bu sıraya IV siniflər üçün 40 adda
dərslik komplekti (19 adda dərslik, 21 adda
müəllim üçün metodik vəsait), VII-XI siniflər
üçün 38, II və VII-XI siniflər üçün 24 adda
dərslik daxildir. Yeni kurikulum əsasında
işlənmiş bütün dərsliklərin hazırlanması tender
yolu ilə yerinə yetirilib.
Onu da qeyd edək ki, 2011-ci ildə IV siniflər
üçün bütün dərslik komplektləri, VII siniflər
üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus
dili", VIII siniflər üçün "Azərbaycan
Respublikasının fiziki coğrafiyası", "Azərbaycan
Respublikasının iqtisadi sosial coğrafiyası",
"Zoologiya", "Rus dili", "Fransız dili", IX
siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan
(Biologiya)", "Rus dili", "Fransız dili", X
siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin
çağırışaqədərki hazırlığı", XI siniflər üçün
"İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki
hazırlığı" və "Rus dili" dərslikləri yenidən
nəşr olunub.
Hazırda dərslik və müəllim üçün metodik
vəsaitlərin 80 faizindən çoxu çap olunaraq
təhvil verilib və bu proses uğurla davam
etdirilir. Eyni zamanda dərsliklərin yerlərə
çatdırılması işinə də başlanılıb.
Şakir CƏFƏROV |
|