2010/11-ci dərs ilində respublikanın bütün
ümumtəhsil məktəblərində ümumi orta təhsil
səviyyəsi üzrə payız buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada aparılması ilə bağlı
ƏMR EDİRƏM:
1. 2010/11-ci dərs ilində respublikanın bütün
ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna
olmaqla) və peşə liseylərində ümumi orta təhsil
səviyyəsi üzrə payız buraxılış imtahanları
2011-ci ilin 2-10 sentyabr tarixlərində saat
14.30-da keçirilsin:
-
Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir,
Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar,
Zərdab, Laçın və Cəbrayıl rayonlarında 2
sentyabr 2011-ci il tarixində;
-
Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı,
Salyan və Neftçala rayonlarında 5 sentyabr
2011-ci il tarixində;
-
Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu,
Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy,
Göygöl, Xocavənd və Tərtər rayonlarında 6
sentyabr 2011-ci il tarixində;
-
Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz,
Siyəzən, Şabran və Xızı rayonlarında 7 sentyabr
2011-ci il tarixində;
-
Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan,
Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı
rayonlarında 8 sentyabr 2011-ci il tarixində;
-
Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax,
Şəmkir, Tovuz və Yevlax rayonlarında 9 sentyabr
2011-ci il tarixində;
-
Bakı şəhərində 10 sentyabr 2011-ci il tarixində;
-
məcburi köçkün rayonlarının işğal altında olan
ərazilərində yerləşən ümumtəhsil məktəblərində
buraxılış imtahanı onların məskunlaşdıqları
şəhər və rayonların ümumtəhsil məktəbləri üçün
bu əmrlə müəyyənləşdirilmiş tarixlərdə.
2. Təlim gürcü dilində olan məktəblərin IX (X)
siniflərində payız buraxılış imtahanlarının
aparılması Təhsil Nazirliyi tərəfindən
hazırlanmış imtahan materialları gürcü dilinə
tərcümə edilməklə, müvafiq rayon təhsil
şöbələrinə tapşırılsın.
3. Ümumi orta təhsil səviyyəsi üzrə payız
imtahanları verən şagirdin imtahan qiymətləri
imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq
yekun qiymət hesab olunsun.
4. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta
təhsil səviyyəsi üzrə payız buraxılış
imtahanları verən şagirdlər haqqında müvafiq
baza məlumatlarının toplanmasını həyata
keçirsinlər.
5. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi (F.Qədirov) payız
buraxılış imtahan nəticələrinin təhlili əsasında
zəruri təşkilati mexanizmlərin qurulması,
onların koordinasiya olunması ilə bağlı
təkliflər hazırlasınlar.
6. Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi
(M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri,
bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi
təhsil müəssisələrinin direktorları:
6.1. ümumi orta təhsil səviyyəsi üzrə payız
buraxılış imtahanlarının keçirilməsi ilə
əlaqədar məktəb rəhbərlərinin, müəllimlərin,
şagirdlərin və valideynlərin məlumatlandırılması
işini təşkil etsinlər;
6.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi ilə razılaşdırsınlar;
6.3. payız buraxılış imtahanına qalmış
şagirdlərin imtahanlarda iştirakını təmin
etsinlər.
7. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil
şöbələrinə lazımi köməklik göstərsin.
8. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) payız
buraxılış imtahan materiallarının çap olunması
ilə bağlı smeta sənədlərinin hazırlanmasını
təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını, payız
buraxılış imtahanlarının nəticələrinin
ictimaiyyətə çatdırılmasını həyata keçirsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 avqust 2011-ci il |