Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
11 iyul 2011-ci il tarixli Sərəncamına əsasən,
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın hazırlanması
ilə bağlı Dövlət Komissiyasının yaradılması yeni
dərs ili ərəfəsində ölkəmizin ictimai-siyasi və
sosial həyatında ən mühüm və əhəmiyyətli hadisə
olmuşdur. Müstəqil Azərbaycanda informasiya
cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan
iqtisadiyyata keçid şəraitində yeni təhsil
modelinin qurulmasını təmin edəcək Milli
Strategiyanın hazırlanması təhsilin inkişafının
dövlət siyasəti səviyyəsində prioritet istiqamət
kimi nəzərdə tutulmasına, ölkə Prezidentinin
təhsil sahəsinə göstərdiyi müntəzəm diqqət və
qayğıya əyani sübutdur.
Onillik Milli
Strategiya həm də "Təhsil əsri" elan edilən XXI
əsrin çağırışına layiqli cavab olmaqla yanaşı,
ulu öndər Heydər Əliyevin ölkəmizin təhsil
sahəsində düşünülmüş və gələcəyə ünvanlanmış
islahatların sistemli şəkildə aparılması
ideyasına sadiqliyin parlaq təcəssümüdür.
Etiraf
olunmalı faktdır ki, təhsil sistemimizin yenidən
qurulması ilə əlaqədar 1999-cu ildən başlanan və
bu günümüzə qədər məqsədyönlü şəkildə həyata
keçirilən islahatlar bu vacib strateji fəaliyyət
sahəsinin inkişafına güclü təkan vermiş, ölkə
təhsilinin qabaqcıl dövlətlərin təhsil
sistemlərinə inteqrasiyasına əlverişli şərait
yaratmışdır. Nəticə etibarı ilə dünya
təcrübəsində sınaqdan çıxmış innovasiyaların
tətbiqinə geniş meydan açılmış, ötən müddət
ərzində hər bir dərs ili özünəməxsus əlamətdar
hadisələrlə zəngin olmuşdur.
Bu mənada 2010-2011-ci dərs ili də istisna
deyildir. Belə ki, "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr
2009-cu il tarixli fərmanına uyğun olaraq, ümumi
təhsil sahəsində təhsil orqanlarının, ümumtəhsil
məktəblərinin, pedaqoji işçilərin fəaliyyətini
tənzimləyən normativ-hüquqi sənədlər, o cümlədən
"Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)", "Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil
pilləsində təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi qaydası", "Ümumi
təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunların qızıl və ya gümüş medalla təltif
olunma Qaydası", "Təhsildə xüsusi nailiyyətlərə
görə" qızıl və gümüş medalların təsviri",
"Təhsil proqramlarının (kurikulumların) yerinə
yetirilməsi müddəti", "Ümumi təhsil
müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"
hazırlanıb müəyyən olunmuş qaydada təsdiq
edilmişdir.
Uzun müddətdən sonra ümumtəhsil məktəb
məzunlarının qızıl və ya gümüş medalla
təltifinin "Təhsil haqqında" Qanunda təsbit
olunmasını və şagirdlərin təhsil əməyinin
stimullaşdırılmasına xidmət edən bu işin
reallaşdırılması istiqamətində həyata keçirilən
tədbirləri ölkə ictimaiyyəti rəğbətlə
qarşılamışdır. Müsbət haldır ki, müstəqil
Azərbaycanın təhsil tarixində ilk dəfə qızıl
medala layiq görülən 37 nəfər, gümüş medalla
təltif olunan 16 nəfər məzundan 49 nəfəri
respublikanın, 4 nəfəri isə xarici ölkələrin ali
məktəblərinə yüksək balla qəbul olunmuşlar.
Təhsil Sektorunun İkinci İnkişaf Layihəsində
(TSİİL) nəzərdə tutulan tədbirlərə uyğun olaraq,
V-XI siniflər üçün fənn proqramları
(kurikulumları) təsdiq edilmiş, Sumqayıt
şəhərində və respublikanın 22 rayonunu əhatə
edən 3 bölgəsində yeni fənn proqramları
(kurikulumları) və dərslik komplektlərinin,
şagird nailiyyətlərinin qiymətləndirilməsinə aid
müasir modellərin tətbiqi vəziyyətinə həsr
olunmuş zona elmi-praktik konfransları
keçirilmiş, eyni məzmunlu məsələlər Astara,
Biləsuvar, Şəki, Zaqatala, Qazax, Samux, Qusar,
Xaçmaz rayonlarında öyrənilərək nəticələri
nazirliyin əmri ilə rəsmiləşdirilmişdir.
Bunlarla yanaşı, ümumi təhsilin məzmunu, dərslik
siyasəti və təlim nailiyyətlərinin
qiymətləndirilməsi sahəsində aparılan
islahatyönümlü işlərin geniş təbliği və izahı
məqsədilə yerlərdə davamlı şəkildə
maarifləndirmə tədbirləri təşkil edilmiş,
"Öyrədənlərin öyrədəni" kursları vasitəsilə
yerli təlimçilər qruplarının yaradılmasına
başlanmışdır. Həmçinin 2011-2012-ci dərs ilində
ümumtəhsil məktəblərinin I siniflərində dərs
deyəcək 9 min nəfərədək ibtidai sinif müəllimi
təhsil sahəsində fəaliyyət göstərən tender yolu
ilə seçilmiş qeyri-hökumət təşkilatları
tərəfindən yay dövründə öyrədici təlim
kurslarından keçirilmiş və onlara müəyyən
olunmuş qaydada sertifikatlar verilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr edilmiş məktəblilərin
ümumrespublika inşa yazı müsabiqəsi, ölkəmizdə
dördüncü dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri,
obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə
pedaqoji kadrların vakant yerlərə işə qəbulunun
yeni model üzrə mərkəzləşdirilmiş qaydada
aparılması, Şuşa şəhəri 1 nömrəli tam orta
məktəbin 180 illik yubileyinin təntənəli şəkildə
qeyd edilməsi, indiki dövrdə ümumtəhsil
məktəblərinin idarə olunmasında mühüm rola malik
VMA-ların şəbəkəsinin nəzərəçarpacaq dərəcədə
genişlənməsi, təhsil tariximizdə ilk təşəbbüs
kimi "Təhsil ensiklopediyası"nın hazırlanmasına
başlanması da ötən dərs ilinin ən yaddaqalan
hadisələrindən olmuşdur.
Bunlarla yanaşı, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən, ümumi təhsil
pilləsinin tam orta təhsil səviyyəsində təhsilin
təmayüllər üzrə təşkili nəzərdə tutulduğundan
gələcəkdə bu işin səmərəli həyata keçirilməsinə
zəmin yaratmaq üçün Bakı Avropa Liseyi,
Fizika-riyaziyyat və informatika təmayüllü
lisey, "Elitar" gimnaziya, akademik Zərifə
Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey
nazirliyin əmri ilə pilot müəssisələr elan
olunmuş və 2011-2012-ci dərs ilindən həmin
məktəblərin müsabiqə əsasında
komplektləşdirilmiş X siniflərindən başlayaraq
tam orta təhsilin eksperiment qaydasında müəyyən
edilmiş təmayüllərlə təşkili qərara alınmışdır.
Bu məqsədlə xüsusi tədris planları və
proqramları təsdiq olunmuş, pilot siniflərində
dərs deyəcək müəllimlərin seçimi aparılmışdır.
Təhsil Nazirliyinin "İstedadlı şagirdlər üçün
xüsusi lisey siniflərinin təşkili barədə" 22
iyun 2010-cu il tarixli əmrinə uyğun olaraq,
2010-2011-ci dərs ilində Gəncə şəhəri 27 nömrəli
fizika-riyaziyyat və informatika təmayüllü
liseydə, Sumqayıt şəhəri təbiət elmləri
təmayüllü gimnaziyada, Quba rayonu A.Məmmədov
adına təbiət fənləri təmayüllü 2 nömrəli
məktəb-liseydə, Mingəçevir şəhəri İ.Qayıbov
adına 10 nömrəli, Şirvan şəhəri S.Hüseynov adına
1 nömrəli, Lənkəran şəhəri S.Kazımbəyov adına 6
nömrəli, Şəki şəhəri 19 nömrəli və Ağdaş rayonu
S.Vurğun adına şəhər 1 nömrəli məktəblərdə
yaradılmış xüsusi istedadı ilə fərqlənən
şagirdlər üçün V lisey siniflərində uğurlu
nəticələr əldə edilmiş, təhsilin innovasiyalar
zəminində təşkili istiqamətində müsbət təcrübə
toplanmışdır. 2011-2012-ci dərs ilində həmin
müəssisələrdə V və VI xüsusi lisey sinifləri
fəaliyyət göstərəcək, bu proses növbəti dərs
illərində ardıcıl davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin ölkədə gənclərin avanqard rolunun
gücləndirilməsi sahəsində yürütdüyü xoşməramlı
siyasəti rəhbər tutaraq, son onillikdə aparılan
təhsil islahatlarının nəticəsində formalaşmış
istedadlı gənc müəllimlərin fəaliyyətinin
təkmilləşdirilməsi və stimullaşdırılması üzrə
nazirliyin 15 iyul tarixli, 1436 nömrəli əmri
ilə xüsusi Fəaliyyət planının təsdiqi də ötən
dərs ilinə aid diqqətçəkən tədbirlərdən biridir.
2010-2011-ci dərs ili ərəfəsində respublikada
9380 yerlik 26 məktəb istifadəyə verilmiş, 12
məktəb və 6 uşaq bağçası əsaslı təmir
edilmişdir. 50-dən artıq rayonun ümumtəhsil
məktəblərinə 2009-2010-cu dərs ilində olduğu
kimi, 27414 parta, 2315 yazı lövhəsi, 4313
müəllim stolu, 7662 müəllim stulu
göndərilmişdir.
2011-2012-ci dərs ilini 12180 nəfər şagird yeni
tikilmiş 47 məktəbdə qarşılayacaqdır. Bundan
başqa, Lənkəran şəhəri 4 nömrəli məktəbdə 560
yerlik əlavə 28 sinif otağı inşa olunmuşdur.
Yeni dərs ili ərəfəsində 6 məktəb əsaslı təmir
edilmişdir. Eyni zamanda ayrı-ayrı bölgələrdəki
məktəblərə 2 milyon manat dəyərində 12957 parta,
1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750
müəllim stulu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 4 may 2011-ci il tarixli, 1490
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı"na əsasən, 2011-ci ildə 4 yeni
məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20
məktəb üçün əlavə sinif otaqlarının
tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının
əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin
başa çatdırılması nəzərdə tutulur.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı"na uyğun olaraq, keçən dərs
ilində 27 min nəfər İKT-nin tətbiqi üzrə
müxtəlif təlim kurslarından keçirilmiş, 180
ümumtəhsil məktəbinə 1733 ədəd kompüter, 148
məktəbə 402 noutbuk, 14 məktəbə 1500 netbuk, 155
məktəbə 403 proyektor, 23 məktəbə 30 printer
verilmiş, Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuş ümumi təhsil müəssisələrinin sayı
503-dən 1100-ə çatdırılmışdır.
O
da qeyd olunmalıdır ki, 2011-2012-ci dərs ili
ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda
3463170 nüsxə dərslik çap edilmişdir. Onların 45
adda 1179750 nüsxəsi yeni fənn proqramları
(kurikulumları) ilə işləyən ibtidai siniflər
üçün nəzərdə tutulmuşdur.
Bütün bunlarla yanaşı, həmçinin etiraf etmək
lazımdır ki, ümumtəhsil məktəblərində
təlim-tərbiyənin keyfiyyəti müasir dövrün
tələblərinə tam cavab vermir, bu sahədə
problemlər hələ də qalmaqdadır. Təhsil orqanları
tərəfindən məktəb rəhbərlərinin vəzifə
funksiyalarını lazımi səviyyədə yerinə
yetirmələrinə ciddi nəzarət olunmur,
idarəetmənin hesabatvermə, məsuliyyətin
bölüşdürülməsi və inkişafın monitorinqi
prinsipləri əsasında qurulması diqqətdən kənarda
qalmışdır.
Rayon və şəhərlərdə bir sıra məktəb direktorları
şagird kontingentinin sabit saxlanmasına laqeyd
münasibət göstərir, xüsusilə yuxarı siniflərdə
dərsə davamiyyətin normal təşkilini təmin edə
bilmirlər. Təhsildən yayınan şagirdlərin məktəb
hesabatına daxil edilməklə adlarının sinif
jurnalına yazılması faktları vardır ki, bu da
son nəticədə maliyyə pozuntusuna gətirib
çıxarır.
Əksər məktəblərdə şagird nailiyyətlərinin
monitorinqinin təşkili yarıtmaz vəziyyətdədir.
Ona görə də məktəb rəhbərlərindən bir çoxunun
dərs illəri ərzində şagirdlərin təlim
göstəricilərindən hətta xəbərləri belə olmur.
Məktəb şəbəkəsinin optimallaşdırılması sahəsində
zəruri tədbirlərin görülməməsi, kadr siyasəti
düzgün aparılmadığından məktəblərdə lüzumsuz
olaraq xeyli artıq müəllim saxlanması, xüsusən,
ibtidai sinif müəllimi sıxlığının yaranması,
eləcə də aparat və metodkabinet əməkdaşlarının
böyük əksəriyyətinin müasir təhsil
innovasiyalarını mənimsəməməsi yerli təhsil
orqanlarının fəaliyyətindəki ciddi qüsurlardan
hesab edilir.
Qeyd olunanlarla əlaqədar mövcud vəziyyəti
obyektiv qiymətləndirməklə 2011-2012-ci dərs
ilində qarşıda duran vəzifələri müzakirə etmək
və inkişafyönümlü əməli təkliflər hazırlamaq
məqsədilə
ƏMR EDİRƏM:
1. 2011-ci il 5-12 sentyabr tarixlərində ümumi
təhsil sistemində çalışan pedaqoji işçilərin
rayon (şəhər) konfransları keçirilsin.
2. Konfranslar plenar və metodik bölmə
iclaslarından ibarət olmaqla 2 gün ərzində
keçirilsin.
3. Konfransların keçiriləcəyi günlərin qrafiki
təsdiq edilsin (əlavə olunur).
4. Konfransların plenar iclaslarında
"2010-2011-ci dərs ilinin yekunları və yeni dərs
ilində qarşıda duran vəzifələr" mövzusunda rayon
(şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin
məruzəsi dinlənilib müzakirə olunsun.
5. Məktəb direktorlarının, seçmə yolla direktor
müavinləri və qabaqcıl müəllimlərin, eləcə də
"Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin,
təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və
yüksək balla ali məktəblərə daxil olmuş
məzunların, habelə aidiyyəti təşkilatların
nümayəndələrinin iştirakı təmin olunmaqla plenar
iclasların 150-250 nəfərlik tərkibdə "dəyirmi
masa" formasında təşkili, təhsil şöbəsi
(idarəsi) müdirinin məruzəsinin cədvəl, sxem və
qrafiklər əsasında hazırlanıb ekranda müvafiq
slaydlarla müşayiət edilməsi məqsədəuyğun hesab
olunsun.
6. Metodik bölmə iclasları aşağıdakı təhsil
işçiləri üçün təşkil edilsin:
-
məktəbəqədər təhsil müəssisələrinin müdirləri;
-
məktəb direktorları;
-
ayrılıqda olmaqla məktəb direktorlarının
müavinləri;
-
ayrılıqda olmaqla fənlər üzrə metodbirləşmə
rəhbərləri;
-
məktəb kitabxanaçıları;
-
praktik məktəb psixoloqları;
-
uşaq birliyi rəhbərləri.
7. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri plenar və bölmə
iclaslarında irəli sürülmüş təklifləri
ümumiləşdirib sentyabrın sonunadək Təhsil
Problemləri İnstitutuna göndərsinlər.
8. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):
8.1. Bölmə iclaslarının səmərəli keçirilməsində
yerli təhsil orqanlarına köməklik məqsədilə
metodik tövsiyələr hazırlayıb avqustun 20-dək
pedaqoji mətbuatda dərc etdirsin.
8.2. Yerlərdən alınmış təkliflərin təhlilini
aparsın və ümumiləşdirilmiş material hazırlayıb
nazirliyə təqdim etsin.
9. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda
nazirliyin nümayəndələrinin iştirakı barədə
təkliflərini 2 həftə müddətinə rəhbərliyə təqdim
etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və konfransların gedişinin KİV-lərdə
işıqlandırılmasını təmin etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 avqust 2011-ci il |