Avqustun
15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində
Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak
etmişdir.
Dövlətimizin
başçısı mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Məlumat
verildi ki, bu gün Şabran rayonunda təhsil,
səhiyyə, infrastruktur və digər sahələrdə işlər
yüksək səviyyədə aparılır. Rayon əhalisinin
rifah halının yüksəldilməsi, yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir. Uşaqların
təlim-tərbiyəsi və onların sağlam böyüməsi də
daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran
Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi
xüsusi əhəmiyyət daşıyır. Şəhərin Zərifə Əliyeva
küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu
ilin sonunda başlanılmışdır. Yüksək səviyyədə
aparılan inşaat işləri bu il avqustun əvvəlində
başa çatdırılmışdır.
Bildirildi ki,
ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və
tərbiyəsinin müasir tələblər səviyyəsində
inkişaf etdirilməsi üçün lazımi avadanlıqla
təchiz olunmuşdur. Mərkəzdə uşaqlar üçün "Nağıl
otağı" yaradılmışdır.
Mərkəzin kitab
fondu ilə tanış olan Prezident İlham Əliyevə
məlumat verildi ki, burada 5 mindən artıq latın
qrafikalı ədəbiyyat toplanmışdır. Bunlardan da
500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci
mərtəbədə abonent otağı da yaradılmışdır. Həm
azyaşlı, həm də orta məktəb şagirdlərinin
sifarişi burada qəbul olunacaqdır. Vurğulandı
ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır.
Mərkəzin kitab sərgisində burada olan
ədəbiyyatlardan nüsxələr yerləşdirilmişdir.
Dövlətimizin
başçısına bildirildi ki, ikinci mərtəbədə
informasiya-biblioqrafiya otağı yerləşir. Burada
mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal,
uşaqlar üçün tədris vasitələri, elektron
vəsaitlər, öyrədici albomlar yerləşdirilmişdir.
Yardımçı fond da bu mərtəbədə yerləşir ki,
burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır.
Qeyd olundu
ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və
elektron kitabxanası da ən müasir standartlara
cavab verir. Elektron kitabxanada
avtomatlaşdırılmış idarəetmə sistemi
quraşdırılmışdır. Sistemin yaddaşına 707 adda 35
minədək kitab, dövri mətbuat, qəzet və jurnallar
daxil edilmişdir. Dövri mətbuatın elektron
kartotekası yaradılmışdır. Burada oxuculara
onlayn xidmət də göstərilir. Bildirildi ki,
sistem vasitəsilə dövlətimizin başçısının
imzaladığı sərəncam, fərman və qanunların tam
mətnindən ibarət baza yaradılmışdır. Ayrıca
linkdə klassik və müasir əsərlərin, həmçinin
uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam
mətni oxucuların istifadəsinə verilmişdir. Bir
sözlə, yeniyetmələrin rahat istifadəsi üçün
burada hər cür şərait yaradılmışdır.
Mərkəzin
ətrafındakı parklar yenidən qurulmuş, uşaqların
və sakinlərin istirahəti üçün şərait daha da
yaxşılaşdırılmışdır.
Prezident
İlham Əliyev görülən işləri yüksək
qiymətləndirdi.
AzərTAc |