Britaniyalılar
təhsilə daha çox pul xərcləyirlər
Böyük Britaniyada valideynlər dünyanın hər hansı
ölkəsindən fərqli olaraq uşaqlarının daha çox
özəl sektorda oxumasına üstünlük verirlər.
Ölkədə aparılmış araşdırmalara əsasən,
valideynlər dövlət məktəblərində təhsilin
səviyyəsindən daha çox narazıdırlar. Bu isə
onları özəl məktəblərdə təhsilə böyük pullar
xərcləməyə vadar edir. Britaniya məktəblərinin
təxminən 11,3 faizi öz maliyyəsini
valideynlərin ciblərindən alır. Müqayisə üçün,
Fransada bu rəqəm 6,2 faiz, Niderlandda 4,8
faiz, İtaliyada 3,2 faiz, Portuqaliyada isə cəmi
0,1 faizdir. Hətta Amerika ailələrinin təhsilin
maliyyələşdirilməsinə xərclədiyi vəsait 8,6 faiz
təşkil edir.
Hazırda 510 min britaniyalı uşaq özəl
məktəblərdə oxuyur ki, burada da orta təhsil
haqqı 4200 funt-sterlinqdir. Daha nüfuzlu
məktəblər isə təhsil haqqı olaraq ildə 30 min
funt-sterlinq tələb edir.
Araşdırmalar onu da müəyyən edib ki, Britaniyada
tələbələr Avropanın hər hansı bir ölkəsi ilə
müqayisədə universitet təhsilinə daha çox pul
sərf edirlər.
Bir faktı da qeyd edək ki, 2012-ci ildən
başlayaraq pullu universitet təhsili 3 min
funt-sterlinqdən 9 min funt-sterlinqə qədər
bahalaşacaq.
İsveçrədə
təhsil haqları artır
İsveçrədə xarici tələbələr üçün təhsil baha
başa gələcək. Ölkənin ali məktəbləri əcnəbilər
üçün təhsil haqqını qaldırmaq niyyətindədir. Bu
barədə ölkənin təhsil qanununda düzəlişlər
ediləcək. İsveçrədə təhsil, əslində, heç vaxt
ucuz olmayıb, ona görə də bir sıra xarici
ölkələrdən olan tələbələr üçün bahalaşma heç də
gözlənilməz deyil. İsveçrə Universitetləri
Konfederasiyasının baş katibi Metyu Ştaufaxerin
sözlərinə görə, ali təhsil ocaqları çoxdandır
ki, xaricdən olan tələbələr üçün təhsil
haqlarını qaldırmaq barədə fikirləşir və hətta
bu barədə təhsil haqqında qanuna müvafiq
düzəlişlər də işləyib hazırlayıblar.
Qeyd edilməlidir ki, başqa Avropa
universitetləri ilə müqayisədə İsveçrədə əsasən
mehmanxana və turizm biznesi cəlbedicidir.
İsveçrə bu sahələr üzrə dünyada birincidir. Məhz
bu sahələr İsveçrədə ən yaxşı təhsil sahələri
hesab olunur. Akademik tədris ili ərzində
qiymətlər 15 min avroya qədər dəyişə bilər.
Qeyd edək ki, əcnəbi tələbələr üçün ən populyar
ölkə Böyük Britaniya hesab olunur. Avropaya
oxumağa gedənlərin 70 faizi məhz bu ölkəyə üz
tutur. Qalan tələbələr isə əsasən Amerika və
Kanadaya üstünlük verirlər.
Dünyada ilk suya davamlı kitab nəşrə hazırlanır
2012-ci ildə naşirlərin hamam və ya hovuzda
kitab oxumaqla vaxt keçirməyə çalışanlara
hədiyyəsi olacaq. Dünyada sudan "qorxmayan" ilk
kitab çap olunacaq. Xəbər verilir ki, xüsusi
polimer örtüklü səhifələr mürəkkəbi (boyanı)
dağılmaqdan, kağızı islanmadan və cırılmadan
qoruyacaq.
Bu texnologiya analoji üsulla əskinasları
dağılmaq və saxtalıqdan qoruyan avstriyalı
bankirlərdən əxz olunub. Bu vaxta qədər yalnız
bəzi uşaq kitablarının və dalğıclar üçün olan
kitabların suya davamlılığı təmin olunub.
İndi isə ilk bədii ədəbiyyat sudan mühafizə
olunacaq.
Alan Korkanın "The Greater Bad" trilleri
oxuculara hədiyyə olunacaq. Kitab artıq Amazon
mağazası vasitəsi ilə elektron formatda 9,3
dollara oxuculara təklif olunur.
Suya davamlı örtüklü kitabın çap versiyası
neçəyə başa gələcək, bu, hələlik
dəqiqləşdirilir. Yalnız o qeyd olunur ki, kitab
2012-ci ildən satışa buraxılacaq. Rütubət
qoruyucu örtük kitabın "ömrünü" ikiqat uzadacaq.
Amerikadan
Qazaxıstana "beyin axını" başladı
ABŞ və Qazaxıstan arasında təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsi və elmi
əlaqələrin gücləndirilməsi üzrə bir sıra
layihələrin reallaşdırılmasına başlanılıb.
Qazaxıstanın təhsil naziri Bakıtjan Jumaqulov və
Amerikanın Qazaxıstandakı müvəqqəti işlər
müvəkkili Con Ordvey arasında keçirilən görüşdə
təhsil sahəsinin bir sıra aspektləri müzakirə
mövzusu olub.
C.Ordvey amerikalı alimlərin və müəllimlərin
Qazaxıstanda 3 aylıq tədris kurslarına cəlb
olunması təklifi ilə çıxış edib. Amerika ali
məktəblərinin Qazaxıstan tələbələrinin akademik
mobilliyinin genişləndirilməsində fəal iştirakı
da diqqət mərkəzində olub.
Rəsmi Astana bu proqramın həyata keçirilməsinə
ciddi maliyyə yardımları göstərir.
İngilis dilini bilməyən tələbə bakalavr diplomu
ala bilməyəcək
Gürcüstanda ingilis dilini bilməyən tələbələr
bakalavr diplomu ala bilməyəcəklər. Gürcüstanın
Tribuna.ge saytının məlumatına görə, bu barədə
ölkənin təhsil və elm naziri Dmitri Şaşkin
müvafiq əmr imzalayıb. 2011 - 2012-ci dərs
ilindən başlayaraq ali məktəblərdə ingilis
dilinin tədrisi və öyrənilməsi məcburi olacaq.
"Tələbələr ingilis dilini bilməlidirlər. Bu,
dövlət siyasətidir, məqsəd Gürcüstan
vətəndaşlarının Avropaya inteqrasiyasını
asanlaşdırmaq və onların şəxsi keyfiyyətlərini
reallaşdırmaqdır",-deyə Şaşkin bildirib.
İslahat ölkədə akkreditasiyadan və qeydiyyatdan
keçmiş bütün ali məktəblərə şamil olunacaq.
Qeyd edək ki, nazirin əmri bu il ali məktəblərə
daxil olmuş tələbələrə aiddir.
Çilidə
tələbələr referendum tələb edirlər
Çili tələbələri ölkə rəhbərliyindən keyfiyyətli
və ucuz təhsil tələb edir. Paytaxt Santyaqo və
digər şəhərlərdə nümayişlər keçirən tələbələr
1990-cı ildə keçmiş diktator, general Auqisto
Pinoçetin hakimiyyətinin son günlərində qəbul
olunmuş təhsil qanununun dəyişdirilməsini tələb
ediblər. Sözügedən qanuna əsasən, pulsuz təhsil
ocaqlarının maliyyələşdirilməsi yerli hakimiyyət
orqanlarına həvalə olunub, bu isə özəl və dövlət
təhsil müəssisələrində təhsilin keyfiyyətində
böyük fərqlər yaradıb. Tələbələr pulsuz ali
təhsilin təmin olunmasını, bu məsələ üzrə
ümumxalq referendumunun keçirilməsini tələb
edirlər. Qeyd edək ki, Çili Dövlət
Universitetinin məzunu diplom alaraq əmək
fəaliyyətinə universitet illərində toplanmış
təhsil borcları ilə başlayır. Bu borclar isə
bəzən 50 min ABŞ dollarını aşır. Çilili məzun
isə bu qədər borcu uzun illər ödəmək
məcburiyyətində qalır.
Tələbələrin etirazına cavab olaraq ölkə
prezidenti Sebastyan Pinyera təhsil sistemində
islahatların aparılacağını vəd edib. Lakin
prezidentin islahat proqramının bəzi maddələri
tələbələri təmin etmədiyindən onlar etiraz
aksiyalarını davam etdiriblər.
Tələbələr hökumətdən təhsil sisteminə nəzarəti
öz əlinə almağı tələb edir.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |