Həyatda mənalı ömür sürən və yaşayarkən nə
etmək istədiyini bilən, məqsədə doğru can
atanlar ən xoşbəxt insanlardır. Firuzə müəllim
də belələrindəndir.
Bu mənalı ömür yolu Şəki şəhər 25 nömrəli uşaq
bağçasının müdiri İsmayılova Firuzə Ələsgər
qızının həyat fəaliyyətindən soraq verir. YAP-ın
üzvüdür, rayonun bütün ictimai işlərində daim
fəal iştirak etmişdir.
Altı qıza ana, nəvələrə nənə olan nurlu,
üzügülər bu xanım-xatın qadına həyatda ailə
xoşbəxtliyi nəsib olmuş, bitib- tükənməyən
enerji və nəvazişi ilə bu ocağı qızdırmağa nail
olmuşdur. O, sadə, lakin çox mənalı bir həyat
yaşayır.
Ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə vətəndaş
hazırlanmasına həsr edən Firuzə xanım uşaqların
sevincindən zövq alaraq bu müqəddəs peşəyə 48
ildir ki, xidmət edir.
Onun təbirincə desək: "Bu gün bağçaya yeni
gələn kiçikyaşlı oğlan və qızlar bizim işıqlı
gələcəyimiz, nurlu sabahımızdır. Onları qorumaq,
bəsləmək və qayğı göstərmək hamımızın
vətəndaşlıq borcumuzdur".
Firuzə müəllim onların məktəbə hazırlığı ilə
məşğul olaraq yeni fikirlər irəli sürərək daha
yüksək nəticələr əldə olunmasına nail olub. O,
bütün əməyini sərf edərək körpələrin məntiqi
təfəkkürlərinin inkişaf etdirilməsi üçün daim
yeni yollar axtarmış, bir-birindən maraqlı stend
və metodiki vəsaitlərdən istifadə etmişdir. Bu
bacarıq Şəki Şəhər Təhsil Şöbəsinin nəzərindən
yayınmamışdır.
1978-ci ildə yeni açılmış bağça-körpələr evi
tipli 9 nömrəli uşaq bağçasına müdir təyin
edilmişdir. Belə desək daha səmimi olar: dörd
divarı təhvil alan Firuzə müəllim daxili
imkanları hesabına tezliklə bağçanın
yaxınlığında artezian quyu qazdıraraq su
tələbatını təmin etmişdir.Xüsusilə o, körpələrin
yataq şəraitini yaxşılaşdırmaq məqsədi ilə
Təhsil Nazirliyinə müraciət edərək bağçanın
lazımi avadanlıqlarla təmin edilməsinə nail
olmuşdur. Bunun nəticəsi olaraq Təhsil
Nazirliyinin məsul şəxsləri böyük minnətdarlıqla
bağçanın açılışında iştirak etmiş və bu
Azərbaycan Televiziyasında geniş
işıqlandırılmışdır.
O, 1985-ci ildən əmək nailiyyətlərini Şəki
şəhər 25 nömrəli uşaq bağçasında davam etdirməyə
başlamışdır. Bağçanın stendləri və
eksponatları, səliqə-sahmanlı, körpələrə xüsusi
qayğısı Firuzə müəllimin zəngin iş təcrübəsindən
xəbər verir. Bağçanın kollektivi məktəbə yola
salınan uşaqlar üçün buraxılış gecəsi
hazırlayır. Bu tədbirdə uşaqların bilik və
bacarıqları, qazandıqları vərdişlər bir-birindən
maraqlı səhnəciklərdə nümayiş olunur, uşaqlar
şeirlər, mahnılar söyləyirlər, əyləncəli oyunlar
təşkil olunur. Şəkinin görməli yerlərinə,
muzeylərinə, Şəki Xan sarayına məktəbə hazırlıq
qrupunun tez-tez ekskursiyası təşkil edilir. Hər
il ümummilli lider Heydər Əliyevin anadan
olmasının ildönümü münasibətilə keçirilən gül
bayramında uşaqlar gülə oxşar geyimlərlə asfalt
üzərində gül rəsmləri çəkərək bağçanı
gül-çiçəklə bəzəyirlər.
Kollektivin sevimlisi, zəngin iş təcrübəsi olan
Firuzə İsmayılova bu günlərdə doğma ocaqdan
ayrılır. Kollektiv Firuzə müəllimi böyük
məhəbbətlə 48 illik fəaliyyətin yorğunluğunı
çıxarmaq üçün istirahətə yola salır...
Gözəl demişlər ki, təqaüdə çıxmaq qocalıq deyil,
çəkdiyin zəhmətin bəhrəsidir.
Firuzə müəllim də bu illər ərzində fidan
balaları əzizləyə-əzizləyə özü də bilmədən
əzizlənib, ülviləşib və unudulmaz bir insana
çevrilib.
Sizə xoş istirahət arzulayırıq, Firuzə müəllim!
Şakir CƏFƏROV |