İyunun 6-dan
16-na kimi Qazax şəhər 3 nömrəli tam orta
məktəbdə təlim kursu təşkil olunmuşdur. Kursa 5
qrup üzrə 115 nəfər ibtidai sinif müəllimi cəlb
olunmuşdur. Hər bir qrupa "Öyrədənlərin
öyrədilməsi" kursunu bitirib sertifikat almış
təlimçilər Rəfiqə Hüseynova, Gülsüm Axundova,
Zemfira Babayeva, Nailə Abdullayeva və Rəhilə
Məmmədova rəhbərlik etmişlər.
Təlimçilər
məşğələ zamanı ibtidai siniflərdə tədris olunan
fənlərin məzmun xətti, standartları, şagird
nailiyyətlərinin qiymətləndirilməsi, təlim
prosesinin qurulması üçün zəruri sayılan
didaktik və metodik prinsiplər, təlimin təşkili
formaları, üsulları, təlimin planlaşdırılması
haqqında geniş və ətraflı məlumatlar vermiş,
əyanilikdən - İKT-dən geniş istifadə etmişlər.
Kurs
müddətində bir neçə müəllimin nümunəvi dərsləri
dinlənilmiş, hazırladıqları didaktik və test
materialları müzakirə edilmiş, onlara faydalı
metodiki tövsiyələr verilmişdir. Müəllimlərdən
Humay Eyvazova (Xanlıqlar kənd tam orta məktəb),
Nazangül Hacıyeva (Çaylı 2 nömrəli tam orta
məktəb), Rəsul Nəsibov (Quşçu Ayrım kənd tam
orta məktəb), Gülbəniz Yusifova (Orta Salahlı
kənd tam orta məktəb), Zeynab Göşşiyeva (Qazax
şəhər ümumi orta məktəb), Aidə Sadıqova
(Ağköynək kənd tam orta məktəb), Rəna Əmirova
(məktəb-lisey), Qənaət İbrahimova (Qazax şəhər 5
nömrəli tam orta məktəb) təlim kursunda
fəallıqları ilə seçilmişlər.
Kursda
müdavimlərin aldıqları nəzəri və praktik
biliklər test-sorğu materialları əsasında
yoxlanılmışdır. Müəllimlərdən 46 nəfəri I, 69
nəfəri isə II dərəcəli sertifikat almışdır.
Kursun son
günü Qazax RTŞ-ın müdiri Ə.Dərgahquliyev,
metodiki mərkəzin direktoru M.Cəfərov, təlimçi
müəllimlər və metodistlərlə müdavimlərin görüşü
keçirilmiş, fikir mübadiləsi aparılmışdır.
Görüşdə
müəllimlər kurs məşğələlərinin maraqlı və
məzmunlu təşkilindən razı qaldıqlarını
bildirmişlər.
Əli SÜLEYMANOV,
Qazax RTŞ-ın metodisti |