Naxçıvan
Dövlət Universitetinin Magistratura üzrə
dekanlığının nəzdində bu il yaradılmış Tələbə
Turizm Assosiasiyası 23-28 iyul tarixlərində
Naxçıvan - Qəbələ - Naxçıvan istiqamətində ilk
tur layihəsini həyata keçirib. Məqsəd
magistrantların elmi tədqiqat fəaliyyətlərini
genişləndirmək, doğma diyarımızın turistik və
tarixi yerləri ilə tanışlıq olmuşdur.
Naxçıvandan
başlanan səfərdə ilk dayanacaq yeri kimi iyulun
24-də Bakı şəhərində Qız Qalası, Şirvanşahlar
Saray Kompleksi, İçərişəhər, Miniatür Kitab
muzeyi ilə tanışlıqdan sonra səfər Qobustan
istiqamətində davam edib. Daş yaddaşımızın
yaşadıcısı olan qayaüstü təsvirlərlə tanışlıqdan
sonra marşrut Qəbələ istiqamətində hərəkətini
davam etdirib.
Tur müddətində
magistrant və müəllimlərdən ibarət 24 nəfərlik
heyət magistratura üzrə dekan, tarix üzrə
fəlsəfə doktoru Elbrus İsayevin rəhbərliyi ilə
Qəbələ və İsmayıllı rayonları, Şamaxı və Şəki
şəhərləri, qədim Albaniyanın paytaxtı Çuxur
Qəbələ, öz qədimliyini bu gün də qoruyub
saxlamış Lahıc qəsəbəsi, Şamaxı Astrofizika
Rəsədxanası ilə tanış olub. Eyni zamanda tur
heyəti III Qəbələ Beynəlxalq Musiqi Festivalında
da iştirak edib.
Tur heyəti
Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, tarix
elmləri doktoru, professor Qafar Cəbiyev, Bakı
Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Nyu-York Konservatoriyasının professoru Validə
Rəsulova və başqaları ilə görüşüb.
Tur iyulun
27-də başa çatıb. Magistrantlar və müəllimlərdən
ibarət heyət iyulun 28-də Naxçıvana qayıdıb.
Belə turların qarşıdakı illər ərzində də təşkil
olunması nəzərdə tutulub.
Məmməd BABAYEV,
Naxçıvan Dövlət Universitetinin
Mətbuat tarixi ixtisaslaşması üzrə I kurs
magistrantı |