Avqustun
10-da Bakı Dövlət Universitetinin (BDU) rektoru,
Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov ABŞ-ın ölkəmizdəki səfirliyinin
mətbuat katibi Kis Bin və təhsil və mədəniyyət
işləri üzrə attaşe Kristofer Cons ilə
görüşmüşdür.
BDU-dan
AzərTAc-a bildirmişlər ki, görüşdə ABŞ Dövlət
Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə
Bürosunun UQRAD və digər təhsil mübadilə
proqramları ətrafında fikir mübadiləsi
aparılmışdır. Qeyd olunmuşdur ki, ikinci və
üçüncü kurs tələbələri üçün nəzərdə tutulan
UQRAD proqramının müddəti bir ildir. Maliyyə
xərcləri Dövlət Departamenti tərəfindən ödənilən
proqramda fizika, kimya, biologiya,
iqtisadiyyat, biznes, hüquq, kompüter
fakültələrinin tələbələri iştirak edə bilərlər.
BDU-nun tələbələrinin hər il UQRAD proqramına
qatıldıqlarını və yüksək göstəricilər əldə
etdiklərini diqqətə çatdıran qonaqlar nəticədən
məmnun qaldıqlarını vurğulamışlar.
Proqramla
bağlı fikirlərini bölüşən A.Məhərrəmov
universitetin tətbiqi-riyaziyyat və kibernetika
fakültəsinin iki tələbəsinin yüksək müsabiqə
şərtlərinə baxmayaraq, proqramın qalibi
olduqlarını bildirmiş, BDU-nun bütün
fakültələrində ingilisdilli qrupların
yaradılmasının planlaşdırılmasından, bu sahədə
görüləcək işlərdən danışmışdır. |
|