Məmməd
İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin
qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı
kəndində anadan olub.
Həyatın ağrı-acısını çox tez dadıb. 1911-ci ildə
ikisinifli kənd məktəbinə daxil olan Məmməd
maddi çətinliklərlə bağlı təhsilini yarımçıq
qoyaraq atası kimi fərdi təsərrüfat sahələrində
çalışıb, ailəsinə kömək edib. Qəlbində
oxuyub-öyrənməyə böyük həvəs və istəklə 1916-cı
ildə Gəncə əmək məktəbinə gedib. Peşə qazanmaq
arzusu da baş tutmayıb. Əvvəl şəhər idarəsində,
sonra isə quberniya komissarlığında gözətçi
işləyib.
Məmməd Cuvarlinski sosial-demokratların bolşevik
fraksiyasına meyil edib, inqilabi təbliğat və
təşviqatla məşğul olub, əhali arasında
intibahnamələr yayıb. Bolşeviklərin ideyalarını
öyrənən Cuvarlinski siyasi dünyagörüşünü
genişləndirib.
Böyük Oktyabr sosialist inqilabı, Bakıda baş
verən tarixi hadisələr onun ictimai şüuruna
güclü təsir göstərir. Gəncə yerli hökuməti onu
bolşevik olduğuna görə işdən çıxarır. Məmməd
Cuvarlinski 9 aya qədər fəhləlik etdikdən sonra
doğma kəndinə qayıdıb, Qaryagin qəzasındakı
kəndlərdə kəndliləri yadelli istismarçılara,
yerli zülmkarlara qarşı mübarizəyə çağıran
təbliğat işi aparıb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Məmməd Cuvarlinski komsomol təşkilatçısı kimi
fəallığına görə 1920-ci ilin sentyabrında
bolşevik partiyasına qəbul edilib. Qaryagin Qəza
İnqilab Komitəsinin təlimatçısı təyin edilən
Cuvarlinski bir il sonra Azərbaycan Kommunist (bolşevik)
Partiyası Mərkəzi Komitəsinin sovet-partiya
məktəbinə göndərilib, oranı bitirdikdən sonra
Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab
Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik
edib.
Moskvada
ÜİK(b)P MK yanındakı partiya işçiləri hazırlayan
kurslarda hazırlıq keçib, 1926-1929-cu illərdə
Gəncə, sonra Quba dairə komitəsində təşkilat
şöbələrində müdir işləyib, 1930-cu ildə
Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı
Mərkəzi Komitəsinin məsul katibi kimi fəaliyyət
göstərib.
Sonralar Sabirabad Rayon Partiya Komitəsində
katib, Dövlət Plan Komitəsində bölmə rəisi,
Azərbaycan K(b)P MK-nın sovet ticarət şöbəsi
müdirinin müavini, "Partiya işçisi" jurnalının
məsul redaktoru kimi çalışıb. O, eyni zamanda
pedaqoji işlə məşğul olub, 1932-1934-cü illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
sosialist təsərrüfatı nəzəriyyəsi kafedrasına
rəhbərlik edib. Sosialist təsərrüfatı və partiya
quruculuğu məsələlərindən dərs deyən Məmməd
Cuvarlinski 1933-cü ildə dosent elmi adına layiq
görülüb.
Məmməd Cuvarlinski həyatı boyu Azərbaycanda
maarifin inkişafına layiqli töhfələr verib. Belə
ki, xalq maarifi komissarının müavini kimi o,
Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun
yaradılmasına böyük əmək sərf edib.
Azərbaycanda ictimai mövzuda məqalələrlə dövri
mətbuatda mütəmadi çıxış edib, məktəb və maarif
haqqında bir kitabça, iyirmiyə qədər məqalə
yazıb. 1934-1935-ci illərdə Azərbaycanın xalq
maarifi komissarı işlədiyi zaman Məmməd
Cuvarlinski ümumtəhsil məktəb şəbəkəsinin
yaradılması, pedaqoji kadr hazırlığının
yaxşılaşdırılması və s. istiqamətlərdə
tədbirlərin həyata keçirilməsində biliyini,
bacarığını, qüvvə və əməyini əsirgəməyib.
Mədəniyyət və maarifin inkişafında xalq maarifi
komissarı kimi özünəməxsus xidmətləri olan
Məmməd Cuvarlinski "Bakinski raboçi" qəzetinin
15 yanvar 1931-ci il tarixli nömrəsində dərc
edilən məqaləsində kənddə mədəni-maarif
işlərinin təşkilində, inkişafında kənd
müəllimlərinin rolunu ayrıca qiymətləndirib. O
yazırdı ki, kənd müəllimi təbliğatçıdır,
mühazirəçidir, maliyyə işçisidir, sözün geniş
mənasında, kənd ictimaiyyətçisidir. Kənd
müəllimi - bizim sovet müəllimi - kənddə partiya
və sovet hökumətinin fəal bələdçisidir.
Xalq maarifi komissarı işləyərkən o, musiqi
sənətinin inkişafı ilə də yaxından maraqlanıb.
Bir faktı qeyd etmək yerinə düşərdi ki, böyük
Azərbaycan bəstəkarı Müslüm Maqomayev xalq
maarifi komissarı Məmməd Cuvarlinskiyə yazdığı
məktubunda özünün yeni operası haqqında məlumat
verib: "İndi yeni türk (Azərbaycan - red.)
operası üzərində işləyirəm". Məmməd Cuvarlinski
cavab olaraq bəstəkarın fikrini alqışlayıb, ona
uğurlar diləyib.
Fövqəladə enerjili, narahat təbiətli, prinsipial
şəxsiyyət Məmməd Cuvarlinski qısa ömrünü maarif
və mədəniyyətimizin inkişafına sərf edib.
Onun təşəbbüskarlığı, xalqına bağlılığı ağır
repressiya illərində acı nəticələrini verib. Mir
Cəfər Bağırov tərəfindən millətçi adlandırılan
Məmməd Cuvarlinski 1937-ci ildə Azərbaycan
Kommunist Partiyası MK-nın bürosundan və partiya
işindən xaric olunub. Bu haqsızlığa etiraz edən
Məmməd Cuvarlinski Moskvaya şikayətə getsə də,
onu qabaqlayan Mir Cəfər Bağırovun göstərişi ilə
həbs edilərək Bakıya qaytarılıb.
Məmməd Cuvarlinski repressiyaya məruz qalıb,
1937-ci ildə dünyasını dəyişib. |