Bakının Maştağa qəsəbəsindəki 109 nömrəli
körpələr evi-uşaq bağçası 1946-cı ildən
fəaliyyət göstərir. Körpələr evi-uşaq bağçasının
5 qrupunda 95 uşaq tərbiyə alır. Uşaqların
tərbiyəsi ilə Qəmər Ələkbərova, Kəmalə
İbrahimova, Fəridə Əbilova, Elmira Əlirzayeva və
başqa tərbiyəçilər məşğul olur. Bağçada tez-tez
müxtəlif mövzularda maraqlı tədbirlər keçirilir.
Bu il bağçanın məktəbəhazırlıq qrupunda tərbiyə
alan uşaqlar sentyabrda ilk dəfə məktəbə qədəm
qoyacaq. Bu münasibətlə iyunun 15-də təhsil
müəssisəsində "Əlvida, bağça" adlı maraqlı
mərasim keçirilib. Məktəbəhazırlıq qrupunun
uşaqları Ağakəbir Adıgözəlov, Cəvahir Cabbarova,
Sadiq Bəndiyev ilk olaraq tədbir iştirakçılarını
salamlayıblar. Bağçanın müdiri Aybəniz
Muxtarova, qrup rəhbəri Kəmalə İbrahimova çıxış
edərək uşaqları təbrik edib və gələcək təhsil
həyatlarında onlara uğurlar arzulayıblar.
Uşaqlar tədbirdə vətən, ana, bağça mövzusunda
şeirlər səsləndirib, mahnılar oxuyub, "Nəlbəki",
"Qoçəli" rəqslərini ifa ediblər.
Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr
təqdim olunub.
Səriyyə AXUNDOVA,
BDU-nun Jurnalistika
fakültəsinin II kurs tələbəsi |
|