Lənkəran Dövlət Universitetində TEMPUS (Avropa
İttifaqı) proqramı çərçivəsində "Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində
islahatlar" adı altında respublikanın aparıcı
ali məktəblərinin ingilis dili müəllimlərinin
simpoziumu keçirilmişdir.
Şəhərin "Qala" hotelində keçirilən simpoziumu
universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov açaraq tədbirin məqsəd və
vəzifələrini diqqətə çatdırdı. Rektor bildirdi
ki, TEMPUS ali təhsil müəssisələrinə və onların
əməkdaşlığına yardım göstərən Avropa İttifaqının
əməkdaşlıq proqramıdır. Lənkəran Dövlət
Universiteti beşinci ildir ki, TEMPUS proqramına
daxil olmuşdur. Proqramın həyata keçirilməsi
zamanı universitetlərin idarəetmə
strukturlarının islahatlarına, tədris
proqramlarının hazırlanmasına və beynəlxalq
əlaqələrə, habelə avropaşünaslıq, iqtisadiyyat,
ətraf mühit elmləri, tətbiqi və texniki elmlər
üzrə müəllimlərin yenidən hazırlığına əsas
diqqət yetirilmişdir. Avropa İttifaqına daxil
olan bir sıra xarici ölkələrin ali məktəbləri
ilə əməkdaşlıq genişlənmiş, yazılı və şifahi
tərcüməyə diqqət artmışdır. Rektor Asəf
İsgəndərov daha sonra məlumat vermişdir ki,
universitet 2010-cu ildə əsas koordinatorun
Azərbaycan Dillər Universitetinin olduğu TEMPUS
qrant layihəsinin qalibi olmuşdur. Qrant
layihəsinin reallaşdırılması çərçivəsində
universitetin əməkdaşları Fransada Strasburq
Universitetində, İngiltərənin Esseks
Universitetində, eyni zamanda Azərbaycan Dillər
Universitetində və Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
olmuş, işgüzar görüşlər həyata keçirmiş və
təlimlərdə iştirak etmişlər.
Simpoziumda Azərbaycanda yazılı və şifahi
tərcümənin tədrisində islahatlar, nitq və
tələffüz vərdişləri, ingilis dilinin tədrisi,
müəllimin rolu, dillərarası rabitədə lüğətdən
istifadə, müəllimlər üçün kommunikasiya
vasitələrindən istifadə, bu sahədə vərdişlərin
aşılanması və s. haqqında fikir mübadiləsi
aparıldı. Tərcümə işi ilə bağlı layihələrin
şərhi verildi.
Simpoziumun ilk günündə İngiltərə Esseks
Universitetinin fəlsəfə doktorları Niluvər
Demirkan, Tomas Desmond, Azərbaycan Dillər
Universitetinin kafedra müdiri, professor Gülnar
Hüseynzadə və başqaları çıxış etdilər.
Simpoziumda İngiltərənin Esseks Universitetinin,
Azərbaycan Dillər Universitetinin, Naxçıvan
Dövlət Universitetinin, Gəncə Dövlət
Universitetinin, BPKİYİ-nin 30-dan çox xarici
dil müəllimi iştirak etmişdir.
Simpoziuma iyulun 30-da yekun vurulacaq.
Ülkər İSMAYILOVA,
Lənkəran Dövlət Universiteti Mətbuat və
informasiya
xidmətinin əməkdaşı |
|