Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycanın ümumi təhsil sistemində mütərəqqi
dünya təcrübəsinə əsaslanan islahatlara
başlanması və ötən illərdə uğurla davam
etdirilməsi ümumi təhsilin məqsəd və
vəzifələrinə, təhsilin məzmununa, şagird
nailiyyətlərinin qiymətləndirilməsinə, pedaqoji
prosesin təşkilinə yeni baxış və yanaşma tərzi
formalaşdırmışdır.
Hazırda ümumi təhsilin məzmununun çevik və
yaradıcı təfəkkürə malik yetkin şəxsiyyətin
formalaşmasına yönəlmiş innovativ ideyalar
əsasında müəyyənləşdirilməsi təlim-tərbiyə
işinin mahiyyətcə yenidən qurulması tələbini
mühüm vəzifə kimi irəli sürmüşdür. 2008-2009-cu
dərs ilindən etibarən respublikanın ümumtəhsil
məktəblərinin ibtidai siniflərində yeni fənn
proqramlarının (kurikulumların) və dərslik
komplektlərinin, müasir qiymətləndirmə
modellərinin tətbiqi yeni tipli müəllim kadrları
heyətinin formalaşmasına əhəmiyyətli dərəcədə
müsbət təsir göstərmiş, bütövlükdə pedaqoji
işçilərin fəaliyyətində təşəbbüskarlıq,
axtarıcılıq və yaradıcılıq meyillərini xeyli
gücləndirmişdir.
Yerlərdə aparılan monitorinqlər, konfrans və
seminarlar, təşkil olunan nümunə dərsləri, son 4
il ərzində keçirilən "Ən yaxşı müəllim"
müsabiqəsinin nəticələri bölgələrdə təhsil
innovasiyalarını, müasir təhsilin prioritet
istiqamətlərini və mahiyyətini hərtərəfli
mənimsəmiş, yeni fənn proqramlarının
(kurikulumların), müasir təlim strategiyaları və
qiymətləndirmə mexanizmlərinin tətbiqi sahəsində
səmərəli təcrübə toplamış xeyli sayda yaradıcı
gənc müəllimlərin olduğunu bir daha təsdiq
etmişdir.
Hazırda ən mühüm vəzifələrdən biri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkədə gənclərin avanqard rolunun yüksəldilməsi
ilə bağlı yürütdüyü xoşməramlı siyasətə uyğun
olaraq, müasir təfəkkürlü, istedadlı gənc
müəllimlərin potensial imkanlarının daha da
inkişafına lazımi şərait yaratmaqdan, onların
qüvvə və bacarıqlarını məktəblərdə təlim-tərbiyə
prosesinin getdikcə təkmilləşdirilməsinə,
maarifləndirmə tədbirlərinin əhatə dairəsinin
genişləndirilməsinə, digər təhsil işçilərinin
kurikulum islahatları üzrə bilik və
bacarıqlarının artırılmasına yönəltməkdən
ibarətdir.
Yerli təhsil orqanları müasir pedaqoji
dünyagörüşü, peşəkarlığı və yaradıcı
keyfiyyətləri ilə fərqlənən gənc müəllimlərin
fəaliyyətini daim diqqət mərkəzində saxlamalı,
onların əməyinin qiymətləndirilməsi
istiqamətində müvafiq tədbirlər həyata
keçirməlidirlər.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrində çalışan
istedadlı gənc müəllimlərin aşkara çıxarılması,
gələcək inkişafları üçün əlverişli şəraitin
yaradılması, fəaliyyətlərini rəğbətləndirməklə
onların daha məhsuldar və səmərəli işləməyə
həvəsləndirilməsi təhsil orqanlarının başlıca
vəzifələrindən biri hesab olunsun.
2. İstedadlı gənc müəllimlərlə iş sahəsində
nazirliyin Fəaliyyət planı təsdiq edilsin (
əlavə olunur).
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi (F.Qədirov), Monitorinq və
qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Dərslik və
nəşriyyat şöbəsi (F.Şahbazlı), Təhsilin
idarəolunmasının məlumat sistemləri şöbəsi
(İ.Sadıqov), İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə), TSİİL üzrə Layihəni
Əlaqələndirmə Qrupu (E.Rüstəmov), Təhsil
Problemləri İnstitutu (A.Mehrabov) Naxçıvan MR
Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon
(şəhər) təhsil şöbələri, nazirlik nəzdindəki və
özəl ümumi təhsil müəssisələrinin direktorları
ilə birgə Fəaliyyət planında nəzərdə tutulmuş
tədbirlərin vaxtında həyata keçirilməsini təmin
etsinlər.
4. Yerli təhsil orqanları Fəaliyyət planının
yerinə yetirilməsi vəziyyəti barədə 2012-ci ilin
yanvar və may aylarında nazirliyə yazılı hesabat
göndərsinlər.
5. Aparatın rəhbəri İ.Pirməmmədov nazirliyin
aidiyyəti şöbələri ilə birlikdə Fəaliyyət
planının icrasını müntəzəm nəzarətdə saxlasın,
müəyyən olunmuş vaxtlarda seçmə yolla rayon və
şəhərlərdə monitorinqlərin təşkilini nəzərdə
tutsun və nəticəsindən asılı olaraq müvafiq
təkliflər hazırlanmasını təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə
çoxaldılıb yerli təhsil orqanlarına
çatdırılmasını təşkil etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin və Fəaliyyət planının "Azərbaycan
müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il |