2011-ci ilin
oktyabr ayında Azərbaycanın xalq yazıçısı,
dramaturq, ədəbiyyatşünas və publisist,
Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan
Respublikasının Dövlət mükafatları laureatı,
akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi
tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış
simalarından biri kimi onun meydana gətirdiyi
əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi
yaradılmışdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, milli
ədəbi-estetik fikrin inkişafı sahəsində
təqdirəlayiq xidmətlər göstərmiş Mirzə
İbrahimovun 100 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Azərbaycan Milli Elmlər
Akademiyası və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə
İbrahimovun 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2011-ci il |