Görüşdə Avropa İttifaqının Avropa İqtisadi və
Sosial Komitəsinin Daxili bazar, istehsal və
istehlak bölməsinin rəhbəri Brayan Kassidi,
Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti
Mərkəzinin müstəqil siyasi analitiki, "Aİ
qonşuluğu forumu"nun əlaqələndiricisi Amanda
Paul Akçakoça, cəmiyyətdə və sosial-iqtisadi
inkişafda gənclər və qadınların rolu sahəsində
Fondun tədqiqatçısı Feliçiya Skoartsa iştirak
ediblər.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onların Azərbaycana gəlişindən
məmnun olduğunu ifadə edib. Nazir ölkəmizdə
təhsil sahəsində aparılan islahatlar və əldə
olunan nailiyyətlər, təhsilin inkişafı
istiqamətində həyata keçirilən layihələr və
qəbul edilən proqramlar haqqında qonaqlara geniş
məlumat verib. Təhsil naziri təhsildə İKT-nin
tətbiqi, müəllim hazırlığı və bu çərçivədə
qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq,
müəllimlərin işə qəbulu, təhsilin inkişafı
istiqamətində Dünya Bankı ilə birgə bir sıra
layihələrin həyata keçirilməsi və digər
məsələlər üzrə görülən işlər haqqında danışıb.
Avropa İttifaqının Avropa İqtisadi və Sosial
Komitəsinin üzvü Marius Opra Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanova
səmimi qəbul üçün minnətdarlığını bildirib.
Qonaq "Qardaşlaşmış məktəblər" layihəsi, "Şərq
Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa
İttifaqında insanların peşə yönümlülüyünün
dəyişdirilməsi, ittifaq ölkələrinin təhsil
nazirlikləri nəzdində fəaliyyət göstərən
Müəllimlərin Peşəkarlığının Artırılması
Mərkəzləri üçün tenderlər elan olunduğunu və
Azərbaycanın da bu imkanlardan yararlana
biləcəyini qeyd edib. Qonaq şagirdlərin kompüter
biliklərinin artırılmasında diqqəti təkcə
kompüterdən istifadəyə deyil, onları bu sahə
üzrə proqramlar hazırlamağa yönəltməyin vacib
olduğunu nəzərə çatdırıb. Eyni zamanda Marius
Opra Avropa İttifaqı üzvlərinin Azərbaycanın
təhsili, mədəniyyəti, tarixi və s. haqqında
məlumatlandırılması, bu məqsədlə Avropa
İttifaqında müxtəlif təhsil sərgilərinin,
tədbirlərin təşkil olunmasının
məqsədəuyğunluğunu bildirib.
Görüşdə tərəflər Avropa İttifaqının ali təhsil
müəssisələri arasında əməkdaşlıq çərçivəsində
həyata keçirdiyi TEMPUS, Erasmus Mundus və s.
proqramlarda Azərbaycanın daha fəal iştirakı,
birgə elmi-tədqiqatların aparılması, texniki
peşə təhsilinin inkişafı, Azərbaycanın ucqar
kənd rayonlarındakı məktəblərin vəziyyəti və
həmin məktəblərə müəllimlərin cəlb olunması
məsələlərini müzakirə edib, qarşıda duran
problemlərin həlli yolunda görüləcək işlər
barədə rəy və təkliflərini bildiriblər. |
|