Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə
bağlı Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax,
Samux, Şəki, Zaqatala rayonlarının ümumtəhsil
məktəblərində aparılmış araşdırma nəticəsində
müəyyən edilmişdir ki, həmin rayonların təhsil
şöbələri və ümumtəhsil məktəblərinin rəhbərliyi
tərəfindən göstərilən iş sahəsində bir sıra
təşkilati - metodik tədbirlər həyata
keçirilmiş, ibtidai sinif müəllimlərinin müasir
pedaqoji ideyalar əsasında peşəkarlıq
səviyyəsinin artırılmasına diqqət
yetirilmişdir.
RTŞ-lərin fəaliyyət planlarında Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən 30
oktyabr 2006-cı il tarixdə təsdiq edilmiş
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)", 3 iyun 2010-cu
ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin
dövlət standartı və proqramları (kurikulumları)"
sənədlərindən irəli gələn tələblərin izahı və
təbliği istiqamətində tədbirlər nəzərdə
tutulmuş, təhsilyanı şuralarda fənn
kurikulumları və qiymətləndirmə mexanizmlərinin
tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla
I-III siniflərdə işləyən müəllimlərin nümunəvi
dərsləri təşkil olunmuş, "Öyrədənlərin
öyrədəni" kursunu bitirən müəllimlər tərəfindən
maarifləndirici seminar və "dəyirmi masa"lar
keçirilmişdir.
Bunlardan əlavə, ibtidai siniflər üzrə fənn
metodbirləşmələri tərəfindən perspektiv
planlaşma nümunələri hazırlanmış, qabaqcıl
müəllimlərin nümunəvi dərsləri videolentə
alınaraq əyani vəsait kimi məktəblərə
verilmişdir. "Kurikulum" jurnalında dərc olunmuş
materiallar məktəblərdə sistematik müzakirə
olunmuşdur. İbtidai sinif müəllimlərinin İKT
bacarıqlarına yiyələnməsinə, valideynlərlə
maarifləndirici tədbirlərin təşkilinə də diqqət
yetirilmişdir.
Astara şəhər 2 nömrəli, Təngərüd, Selekəran kənd
tam orta, Qəcimərdə kənd ümumi orta, Biləsuvar
şəhər 4 nömrəli, Zəhmətabad kənd, Qusar şəhər 1,
2 və 5 nömrəli, Urva, Çiləgir, Avaran kənd,
Xaçmaz şəhər 2, 3, 6, 8, 9 nömrəli, Xudat şəhər
2, 3, 4 nömrəli, Əbilyataq, Müzəffəroba, Müşkür,
Yeni Həyat kənd, Qazax rayonu Çaylı, Samux
rayonu Qarayeri qəsəbə 1 nömrəli, Şəki rayonu
İnçə-Zunud kənd, Zaqatala rayonu Qandax kənd tam
orta məktəblərində fənn kurikulumlarının
tətbiqi ilə bağlı daha səmərəli iş aparılmışdır.
Araşdırma zamanı ibtidai sinif müəllimlərindən
Mehman Ağayev (Astara, 2 nömrəli məktəb), Səlimə
Abdullayeva (Astara, 5 nömrəli məktəb), Sevinc
Fətullayeva (Astara, Təngərüd kənd məktəbi),
Fatma Hüseynova (Astara, Şahağacı kənd 1 nömrəli
məktəb), Sonaxanım Abbasova və Dilrubə Mənsimova
(Biləsuvar, 4 nömrəli məktəb), Nəzakət Kərimova
(Xaçmaz, Xudat şəhər 2 nömrəli məktəb), Tovuz
Quliyeva (Xaçmaz, Aşağı-Zeyid kənd məktəbi),
Lətifə Balakişiyeva (Qusar, 1 nömrəli məktəb),
Gültac Hüseynova (Qazax, Çaylı kənd məktəbi),
Məlahət Məmmədova (Samux, Qarayeri qəsəbə 1
nömrəli məktəb), Fərqanə Abdurrahmanova (Şəki,
İnçə-Zunud kənd məktəbi) və Şövkət Məmmədovanın
(Zaqatala, 3 nömrəli məktəb) müasir fənn
kurikulumları ilə iş sahəsində müsbət təcrübə
topladıqları və məqsədyönlü fəaliyyət
göstərdikləri müəyyən edilmişdir.
Bunlarla yanaşı, qeyd olunan rayonların bir sıra
məktəblərində ibtidai sinif müəllimlərinin işə
qəbulu, dərs bölgüsünün aparılması, təlim
keyfiyyətinin təmin edilməsi, məktəbdaxili
qiymətləndirmənin aparılması, məktəb rəhbərləri
arasında maarifləndirici tədbirlərin təşkili
sahəsində nöqsan və çatışmazlıqlara yol
verildiyi, həmçinin müəyyən problemlərin olduğu
da aşkara çıxarılmışdır.
Belə ki, əvvəlki illərdə zəruri ehtiyac olmadan
müəllimlərin işə qəbulu, sinif komplektlərinin
isə ilbəil azalması ibtidai siniflərdə işləyən
müəllimlərin sayının sinif komplektlərinin
sayından xeyli artıq olması ilə nəticələnmişdir.
Hazırda Astara rayonu üzrə 424 sinif
komplektində 808, Biləsuvar rayonu üzrə 294
sinif komplektində 472, Şəki rayonu üzrə 623
sinif komplektində 1118, Zaqatala rayonu üzrə
375 sinif komplektində 827, Qazax rayonu üzrə
258 sinif komplektində 409, Samux rayonu üzrə
253 sinif komplektində 321 nəfər müəllim dərs
aparır. Təhlil göstərmişdir ki, bu faktla
əlaqədar vəziyyət Biləsuvar rayonu şəhər 2 və 4
nömrəli, Ağalıkənd kənd, Xırmandalı kənd 1 və 2
nömrəli, Astara şəhər 3 nömrəli, Ərçivan qəsəbə
4 nömrəli, Şiyəkəran kənd 1 nömrəli, Siyakü
kənd, Maşxan kənd, Təngərüd kənd, Xaçmaz şəhər
3 və 7 nömrəli, Xudat şəhər 3 nömrəli, Qusar
şəhər 3 nömrəli, Samux şəhər 1 nömrəli, Qarayeri
qəsəbə 1 nömrəli, Sərkar kənd, Şəki şəhər 20
nömrəli, İnçə-Zunud kənd, Kiş kənd 1 nömrəli,
Zaqatala şəhər 3 nömrəli, Əli Bayramlı kənd,
Qandax kənd tam orta məktəblərində daha ağırdır.
Eyni zamanda araşdırma aparılan rayonların bir
sıra məktəblərində qeyri-qanuni olaraq eyni
sinifdə iki, bəzən isə daha artıq müəllimin
işləməsi halları mövcuddur.
Həmçinin müəyyən edilmişdir ki, müəllimlərin
müəyyən hissəsinin fənn kurikulumlarında təsbit
olunmuş məzmun standartlarının reallaşdırılması,
qiymətləndirmə standartlarının tətbiqi,
interaktiv təlim metodlarından səmərəli istifadə
sahəsində bacarıqlarının təkmilləşdirilməsinə
hələ də ciddi ehtiyac vardır. Aparılmış sorğular
nəticəsində məlum olmuşdur ki, müəllimlərin
təxminən 30 faizi həmin məsələlərin həyata
keçirilməsində çətinlik çəkirlər.
Qeyd olunan rayonlar üzrə fəaliyyəti öyrənilən
məktəblərdə I-III sinif şagirdlərindən 20-30
faizinin oxu və yazı bacarıqlarının indiki
tələbləri ödəmədiyi aşkara çıxarılmışdır. "Ana
dili", "Riyaziyyat", "Həyat bilgisi" fənlərindən
isə təlim nəticələri testlər vasitəsilə
yoxlanarkən keyfiyyət göstəricisi Biləsuvar
(31,6 faiz), Zaqatala (28,2 faiz), Şəki (26,4
faiz) rayonlarında xeyli aşağı olmuşdur..
Rayon təhsil şöbələrinin məsləhətçilərinin və
bütövlükdə metodkabinetlərinin fənn
kurikulumlarının tətbiqi istiqamətində məktəb
rəhbərlərinə və müəllimlərə metodik köməkliyi
lazımi səviyyədə deyildir, bu vacib məsələnin
həyata keçirilməsində məqsədyönlü sistem
yaradılmamışdır. Aşkara çıxarılan nöqsan və
çatışmazlıqların başlıca səbəbi də bilavasitə bu
amillə bağlıdır. Acınacaqlı haldır ki, Astara
RTŞ metodkabinetinin metodisti T.Əsgərov nəinki
kurikulum islahatlarından xəbərsizdir, o hətta
latın qrafikalı əlifba ilə yazmağı belə
bacarmır.
Həmçinin məlum olmuşdur ki, Astara, Xaçmaz və
Qusar rayonlarının məktəblərində II-III siniflər
üzrə ana dilindən mövzular illik
planlaşdırılarkən tədris planının tələbləri
gözlənilməmiş, azsaylı xalqların dillərinin
tədrisinə 2, Azərbaycan dili üçün 8 saat nəzərdə
tutulsa da, bu siniflərdə Azərbaycan dilindən
planlaşma 10 saatla aparılmışdır.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax,
Samux, Şəki və Zaqatala rayonlarının
ümumtəhsil məktəblərinin yeni fənn kurikulumları
tətbiq edilən ibtidai siniflərində təlimin
təşkili vəziyyəti barədə arayış nəzərə alınsın
(əlavə olunur).
2. Astara, Biləsuvar, Xaçmaz, Qusar, Qazax,
Samux, Şəki və Zaqatala RTŞ müdirləri
(Q.Məmmədova, B.Kazımov, M.Nurməmmədova,
N.Fərzəliyev, Ə.Dərgahquliyev, H.Əhmədov,
S.İsmayılova, H.Qurbanov):
2.1. Bu əmrin məzmununu ümumtəhsil məktəblərinin
pedaqoji kollektivlərinə çatdırsınlar, qeyd
olunan nöqsan və çatışmazlıqların 2011-2012-ci
dərs ilində aradan qaldırılması üzrə aşağıdakı
məsələləri əhatə edən fəaliyyət planının
hazırlanıb təsdiq olunmasını təmin etsinlər:
2.1.1. Bütün ümumtəhsil məktəblərinin ibtidai
siniflərində fənn kurikulumlarının tətbiqi
vəziyyətinin ətraflı təhlil olunması və
nəticədən asılı olaraq müvafiq tədbirlərin
müəyyənləşdirilməsi.
2.1.2. RTŞ aparatı və metodkabinetinin
əməkdaşlarının, məktəb rəhbərlərinin kurikulum
islahatlarının mahiyyəti və həyata keçirilməsi
yolları haqqında zəruri bilik və bacarıqlara
yiyələnməsinin təmin edilməsi.
2.1.3. İbtidai sinif müəllimlərinin tərkibinin
təhlili, hazırlıq səviyyəsi müasir tələbləri
ödəyən müəllimlərin müəyyənləşdirilməsi üçün
monitorinqlərin təşkili, məktəblərdə müəllim
sıxlığının aradan qaldırılması üçün tədbirlərin
görülməsi.
2.1.4. İbtidai sinif şagirdlərinin fənlər üzrə
bilik və bacarıqlarının ümumi təlim nəticələrinə
uyğunluğunu müəyyən etmək məqsədilə yoxlamaların
keçirilməsi, nəticələrin ümumiləşdirilib əməli
təkliflərin hazırlanması.
2.1.5. Qabaqcıl ibtidai sinif müəllimlərinin
təcrübəsinin öyrənilib yayılması, onların nümunə
dərslərinin və zəruri məsələlərlə bağlı
təqdimatlarının təşkili.
2.1.6. Fənn kurikulumlarının tətbiqi
problemlərinə həsr edilmiş seminarların, praktik
konfransların, valideynlər üçün maarifləndirici
tədbirlərin keçirilməsi.
2.1.7. Fənn kurikulumlarının tətbiqi ilə
əlaqədar məktəblərdə görülən işlərin yerli
KİV-lərdə işıqlandırılması.
2.1.8. "Kurikulum" jurnalında və digər pedaqoji
mətbuat orqanlarında kurikulum islahatları ilə
bağlı yazıların öyrənilməsinin və müzakirəsinin
təşkili.
2.1.9. Müəllimlərin İKT bacarıqlarına
yiyələnməsi və təlimdə İKT-dən geniş istifadə
olunması istiqamətində əməli tədbirlərin həyata
keçirilməsi.
2.2. Əmrin icrası vəziyyəti barədə 01 oktyabr
2011-ci il tarixədək nazirliyə ətraflı arayış
təqdim etsinlər.
3. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), Kurikulum Mərkəzi (Ə.Abbasov) fənn
kurikulumlarının tətbiqi sahəsində problemlərin
aradan qaldırılması məqsədilə təhsil şöbələrinə
lazımi köməklik göstərsinlər.
4. Nəzərə alınsın ki:
4.1. İbtidai siniflərdə yalnız müvafiq öyrədici
təlim kursundan keçmiş müəllimlər dərs deyə
bilərlər.
4.2. Xarici dil və qismən də informatika fənləri
istisna edilməklə digər fənlər bilavasitə sinif
müəllimlərinin özü tərəfindən tədris
olunmalıdır. Fiziki tərbiyə, təsviri incəsənət,
musiqi dərsləri yalnız sinif müəlliminin yazılı
razılığı ilə müvafiq ixtisas müəlliminə verilə
bilər.
5. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi (F.Qədirov) bu
əmrin 4-cü bəndindəki müddəalar əsas tutulmaqla
2 həftə müddətinə təlimati məktub hazırlayıb
təsdiq üçün rəhbərliyə təqdim etsinlər.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 iyul 2011-ci il |
|